Məhkəmə qərarları › İş №3(001)-3418/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-3418/2022

11.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-3418/2022 11.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi ilə, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında tərtib edilmiş protokola və əlavə edilmiş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə təqdim edilmişdir. İş üzrə təqdim edilmiş yuxarıda qeyd edilən materialları araşdıraraq hesab edirəm ki, materiallar natamam olmuş və barəsində protokol tərtib edilmiş şəxsə təqdim edilmədiyi, həmçinin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs tərəfindən törədilmiş inzibati xəta hadisəsinin aşkanlanmasına dair sübutlar materiala əlavə edilmədiyindən protokol ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iş materiallarında inzibati xəta haqqında iş üzrə törədilməsi ehtimal edilən inzibati xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması müəyyən edilmədən Şəxs inzibati məsuliyyətə cəlb olunması üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılmasından ötrü məhkəməyə göndərilmişdir. Halbuki Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən Şəxs nədə təqsirli olmasını sübuta yetirmək üçün iş üzrə zərərçəkmiş şəxsin sağlamlığına dəymiş zərərin dərəcəsini və ya zərər çəkmiş şəxsə hansı məbləğdə maddi zərərin vurulmasını müəyyən etməkdən ötrü ekspertizalar təyin edilməli və müvafiq rəylər aldıqdan sonra Şəxs məsuliyyət məsələsi həll edilməli idi. Lakin iş materiallarında həmin hallarla bağlı heç bir məlumat aşkar edilməmişdir. İXM-in 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan maddənin dispozisiyasından görünür ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs inzibati xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirdikdə və ya zərər çəkmiş şəxsə maddi zərər vurduqda həmin maddə ilə inzibati məsuliyyət daşıyır. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi DYPŞ tərəfindən isə İXM-in 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilsə də, toplanmış materiallarda X1 idarə etdiyi avtomobillə törətməsi güman edilən inzibati xəta nəticəsində kimə və hansı məbləğdə zərərin dəyməsi müəyyən edilmədən, lazımınca araşdırma aparılmadan şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün natamam araşdırma aparılaraq müvafiq material toplanmışdır. İXM-in 102.1-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları əleyhinə və bu Məcəllənin 227-ci, 602.1-ci və 602.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. Azərbaycan Respublikası İXM-nin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə görə işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. İnzibati Xətalar Məcəlləsinin 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. İXM-in 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Hazırkı iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs məhkəməyə təqdim olunmamışdır. Onun təqsirli bilindiyi İXM-in 332.4-cü maddəsinin sanksiyasında isə inzibati həbs növündə tənbeh tədbiri nəzərdə tutulmuşdur. Hesab edirəm ki, qeyd edilən çatışmamazlıqlar aradan qaldırılmadan, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsin özü təqdim edilmədiyi halda işə mahiyyəti üzrə baxılması mümkün deyildir. Çatışmamazlıqlar aradan qaldırılması üçün iş geri qaytarılmalıdır. İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, QƏRARA ALDİ: Şəxs barəsində inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə geri qaytarılsın. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar