Məhkəmə qərarları › İş №3(001)-342/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-342/2022

25.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-342/2022 25.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X2, Zərər çəkmiş şəxs (tələbkar) X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1983-cü ildə Naxçıvan MR, Ordubad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, 114 saylı Poçt şöbəsində əməliyyatçı vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, xxxxxxx FİN-ə malik olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X1 rayon Məhkəməsinə müraciət edərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X3 məhkəmə prosesində verdiyi izahatında bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2(001)-601/2020 saylı icra vərəqəsinə əsasən Şəxs 5547 (beş min beş yüz qırx yeddi ) manat məbləğində pul tutularaq X5 xeyrinə ödənilməlidir. İş üzrə borclu Şəxs tərəfindən icra sənədi üzrə tələb tam ödəməmiş, ödəməli olduğu borcunu hissə-hissə ödəcəyini söz vermişdir. Qeyd olunanlara əsasən Şəxs oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 25.01.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, tələbkara olan borcunu birdəfəlik tam şəkildə ödəyə bilməmişdir. Lakin imkan daxilində ödənişlər etmiş və borcunu ödəməkdən boyun qaçırmamışdır. Qızıl-zinət əşyasını da tələbkara qaytarmaq istəmiş, sonuncu qəbul etməmişdir. Aylıq maaşı 255 manat təşkil edir. Həmin maaşa hazırkı borcu üzrə 100 manat, başqa borcuna görə isə 106 manat tutma yönəldilmişdir. Yeni əməliyyat keçirdiyindən və maddi imkanı çox aşağı olduğundan borcunu hissə-hissə ödəyə bilir. Deyilənlərin nəzərə alınaraq iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs (tələbkar) X9 bildirmişdir ki, o, icra məmuru tərəfindən tərtib olunmuş protokolla razıdır, borcun hissə-hissə ödənilməsinə etiraz etmiş və qalan borcun tam ödənilməsini tələb etmişdir. Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri, 11 saylı Vəkil Bürosunun vəkili Dadaşov X6 Fuad Şəfi oğlunun qərəzli olaraq borcundan yayınmamasının, müxtəlif vaxtlarda ödənişlər etdiyinin, qalan borcunu hissə-hissə ödəyəcəyinin nəzərə alınaraq barəsində icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək bu qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə əsas yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 25.01.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, iş üzrə borclu olan Şəxs tələbkar X7 5547 manat borcunu ödəməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2(001)- 601/2020 saylı icra vərəqəsindən görünür ki, Şəxs 5547 manat məbləğində pul tutularaq X5 xeyrinə ödənilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 28.07.2020-ci il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edərək, tələbin könüllü icrası üçün Şəxs bildiriş göndərmiş, tələb könüllü icra edilmədiyi təqdirdə barəsində məcburi icra tədbirləri görüləcəyinə dair xəbərdarlıq göndərmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15.02.2021-ci il tarixli qərarından görünür ki, qətnamənin hissə-hissə icra edilməsinə dair cavabdeh Şəxs ərizəsi təmin edilməmişdir. Oksigen klinik xəstəxənasının müayinənin nəticəsindən görünür ki, Şəxs sağ kornea perforasiyası xəstəliyindən əziyyət çəkir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17.08.2021-ci il tarixli qərarından görünür ki, Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsini 14.09.2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17.08.2021-ci il tarixli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, Şəxs inzibati məsuliyyətdən azad edilmişdir. Binəqədi rayon İcra Şöbəsinin 18.05.2021-ci il tarixli məktubundan görünür ki, Şəxs əmək haqqından tutulmaların həyata keçirilməsi xahiş olunmuşdur. Ödəniş qəbzlərindən görünür ki, Şəxs müxtəlif vaxtlarda hər biri 100 manat olmaqla ümumilikdə 700 manat ödəniş etmişdir. Sonuncu ödəniş 07.01.2022-ci il tarixdə reallaşdırılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs adına borcunun əmlakına yönəldilə biləcək qiymətli əşya, daşınar və daşınmaz əmlak, pensiya, banklarda girov və ya pul hesabları yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair 04 sentyabr 2018-ci il tarixli Qərarından görünür ki, İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə müvafiq inzibati tənbeh (cərimə və ya inzibati həbs) tədbirlərinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır.” Məhkəmə Şəxs müxtəlif məbləğlərdə ödənişlər etməsini, borcunu ödəməkdən qəsdən yayınmamasını, maddi imkanı olmamasını, bu səbəbdən ödənişləri tam olaraq edə bilməməsini, əmək haqqına tutulmanını yönəldilməsini nəzərə alaraq hesab edir ki, hazırkı məqamda Şəxs əməli icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olan əməl olduğunu xüsusilə qeyd edərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (borclu) Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Şəxs inzibati məsuliyyətə cəlb edilməsi barədə zərər çəkmiş şəxsin verdiyi vəsatətə təmin edilməsin. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməməsini təsdiq etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 53.1, 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən bu məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 109, 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xəta tərkibi olmadığı üçün Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən daxil olmuş 25.01.2022-ci il tarixli, MN №1057090 saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar