Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3420/2023 28.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2, tərcüməçi X1, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Ermənistan Respublikasında doğulmuş, Ermənistan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “Avo” futbol klubunda futbolçu, Xocavənd rayonunda qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 388-1.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar İcraatlar idarəsi tərəfindən Ermənistan Respublikasının vətəndaşı Şəxs barəsində İXM-in 388-1.1.1-ci maddəsi ilə qəbul edilmiş 28 avqust 2023-cü tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar əsasında toplanmış material daxil olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərara əsasən, fiziki şəxs Şəxs Azərbaycan Respublikası Qarabağ iqtisadi rayonunun Xankəndi şəhərində keçirilən futbol oyunları zamanı Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni millətinə mənsub olan Azərbaycan vətəndaşları arasında separatçılığa meylli olan qismdə özlərini müsbət xarakterizə etmək, nifrət ifadə edən fikirləri, eyni zamanda ayrı-seçkiliyə, ədavətə və ya zorakılığa sövq etmək, milli ədavəti təbliğ etmək, həmçinin Azərbaycan dövlətinin əleyhinə separatçılıq siyasətinə dəstək göstərmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyanın 23-cü maddəsinə əsasən Azərbaycan Respublikasının dövlət rəmzi hesab olunan Dövlət Bayrağını döşəmə üzərinə qəsdən sərib nümayişkarcasına, təhqiramiz formada digər şəxslərlə birlikdə üzərindən keçərək və ayaqlarını silərək həmin hərəkətlərin 22 saniyəlik videoyazının qeydiyyata alınmasının xx.xx.2021-ci il tarixdə təşkilində iştirak edib “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 13-2.3.2-ci bəndinə əsasən milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına yönələn açıq çağırışlar edən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi qadağan edildiyi halda, hazırlanmış həmin videoyazının eyni tarixdə informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi kimi “Facebook”, “Teleqram”, “Youtube” və müxtəlif digər sosial şəbəkələrdə yerləşdirilərək yaymış və davamlı şəkildə bugünədək qanunsuz əməllərinə davam edərək İXM-in 388- 1.1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X4 bildirmişdir ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə xx.xx.2023-cü il tarixli qərarda qeyd edilənlər xx.xx.2023-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar, “Teleqram” xəbər portalında “Armenian_life” və “Rusarminfo” səhifələrinə xx.xx.2022-ci il tarixdə, “qafqazinfo.az” saytında “erməni futbolçular bayrağımızı təhqir etdi” başlıqlı məqaləyə xx.xx.2021-ci il tarixdə, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlara xx.xx.2022-ci il tarixdə baxış keçirilməsi haqqında protokollar və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubu və Şəxs izahatı ilə təsdiqini tapmışdır. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 283.2.3 və 324-cü maddələri ilə istintaqı aparılmış cinayət işi üzrə icraata Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.2ci maddəsinə əsasən xitam verilmişdir. Şəxs verdiyi izahatda qərarda göstərilən qanunsuz əməlləri törətdiyini etiraf etmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, “Avo” futbol klubunun futbolçusu kimi 2021-ci ildə Xankəndidə keçirilmiş futbol oyunlarında iştirak etmişdir. O, komanda yoldaşları ilə birlikdə oyundan əvvəl döşəməyə sərilmiş Azərbaycan Respublikasının Dövlət Bayrağının üzərindən keçmişdir. Həmin hərəkətlərin video görüntüləri çəkilərək həm onun, həm də digər komanda yoldaşları tərəfindən sosial şəbəkələrdə paylaşılmışdır. Hazırda əməlindən peşman olmasını, Azərbaycan xalqından və dövlətindən törətdiyi əmələ görə üzr istədiyini bildirərək barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs törətdiyi əməldən peşman olduğunu bildirib, sonuncuya yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fiziki şəxs Şəxs barəsində İXM-in 388- 1.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. xx.xx.2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə bır qrup erməni əsilli şəxslərin Azərbaycan Respublikasının Dövlət bayrağını təhqir etməsi barədə müxtəlif sosial internet şəbəkələrində yayımlanmış video görüntülərə baxış keçirilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə "qafqazinfo.az” saytında “Erməni futbolçular bayrağımızı təhqir etdi” başlıqlı məqalə dərc edilmişdir. Həmin məqalədə göy rəngli futbolçu geyimində kişi cinsli şəxsin qapalı məkanda qapını açıb keçməklə beton döşəmə üzərində yerdə sərilmiş Azərbaycan Respublikasının Dövlət bayrağının üzərindən keçdiyi əks edilən fotoşəkil yerləşdirilmişdir. Daha sonra “lent.az” saytına da baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin saytda da “Erməni futbolçular bayrağımızı təhqir etdi cinayət işi başlandı” başlıqlı məqalə dərc edilmişdir. Həmin məqalədə Azərbaycan Respublikasının Dövlət bayrağını təhqir edən erməni futbolçunun fotoşəkli yerləşdirilmişdir. Baxış zamanı həmçinin müəyyən edilmişdir ki, erməni futbolçular tərəfindən Azərbaycan Respublikasının Dövlət bayrağının təhqir edilməsinə dair yayımlanmış videogörüntülər Azərbaycan Respublikasında fəaliyyət göstərən və geniş oxucu kütləsi olan əksər xəbər saytlarında “sonxeber.az”, “apa.az”, “aqreqator.az”, “moderator.az” və digər saytlarda dərc olunmuşdur. Müxtəlif sosial şəbəkələrdə dərc olunmuş həmin faktı təsdiq edən videogörüntülər erməni mətbuatına istinad edilməklə yayımlanmışdır. Erməni futbolçular tərəfindən Azərbaycan Respublikasının Dövlət bayrağının təhqir edilməsinə dair videogörüntülərdə müəyyən edilmişdir ki, həmin video 22 saniyə davam edir. Video qapalı məkanda çəkilmişdir. Qapalı məkanda kimsə məqsədli şəkildə əvvəlcədən videoçəkilişə başlayır, həmin vaxt qapalı məkanın qəhvəyi rəngli qapısı açılır və tünd göy rəngli futbol oyunu geyimində 11 nəfər növbə ilə, ardıcıl şəkildə qapıdan keçməklə videonun çəkildiyi istiqamətdə önə tərəfə keçib gedir. 11 nəfərin hər biri qapıdan keçib gedərkən yerdə döşəmə üzərində parça materialda əks edilmiş Azərbaycan Respublikasının Dövlət bayrağının üzərindən keçirlər və keçərkən ayaqqabılarının altını (futbolçu ayaqqabıları) dövlət bayrağına silib bayrağı tapdalamaqla keçirlər. Həmçinin müəyyən edildi ki, futbolçular videoda ön tərəfdən görünürlər. Onların geyindikləri futbolçu şortikinin sol ayaq tərəfində ağ zolaqla oyunçuların nömrələri əks olunub. Lakin videoda futbolçuların hər birinin hansı nömrə altında oynadığı tam görünmür. xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, bir qrup erməni əsilli şəxslərin Azərbaycan Respublikasının Dövlət bayrağını təhqir etməsi barədə istintaq idarəsində ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə verilmiş əməliyyat tapşırıqları üzrə Daxili İşlər Nazirliyindən və Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olan əməliyyat məlumatlarına baxış keçirilmişdir. Daxili İşlər Nazirliyindən və Dövlət Təhlükəsizliyi Xidmətindən istintaq orqanına daxil olan məlumatlarda sosial şəbəkələrdə yayımlanmış Azərbaycan Respublikasının Dövlət bayrağını təhqir etmiş bir qrup erməni əsilli şəxslər barədə məlumatlar öz əksini tapmışdır. Daxili İşlər Nazirliyindən daxil olmuş əməliyyat məlumatlarına bir qrup erməni əsilli şəxslərin Azərbaycan Respublikasının Dövlət bayrağını təhqir etməsi barədə 22 saniyədən ibarət videoda olan futbolçuların bir çoxunun fotoşəkilləri əməliyyat məlumatına əlavə edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, “Avo" futbol klubu “ASALA” erməni terror təşkilatının üzvü olmuş Monte “Avo” Melkonyanın adı altında 2004-cü il tarixdə Azərbaycan Respublikasının Xocavənd rayonu ərazisində təsis edilmiş və baş məşqçisi 2009-cu ildən Samvel Arutyunyandır. Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda qanunsuz fəaliyyət göstərən separatçı rejimin rəhbəri Arayik Harutyunyan xx.xx.2021-ci il tarixdə “Avo” və digər yerli futbol klubların təmsilçiləri ilə keçirilən görüşdə maliyyə çətinliyi ilə əlaqədar 2022-ci il tarixdən etibarən onlara pul vəsaitinin ayrılacağını vəd etmişdir. Adı çəkilən klubun Azərbaycan Respublikasının Dövlət bayrağına qarşı təhqiredici hərəkətlər etdiyi video materialın klubun xx.xx.2021-ci il tarixdə “Əsgəran” erməni futbol klubu ilə keçirilən oyunundan öncə çəkildiyi ehtimal edilir. Qeyd edilən videogörüntü “Tik-tok” mobil əlavəsində “@karenmanukyan27” adı ilə qeydiyyatdan keçmiş şəxsin hesabından və “facebook” sosial şəbəkəsində Sargsyan Vigen adı ilə qeydiyyatdan keçmiş şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə paylaşılmışdır. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs İXM-in 388-1.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi alınmış izahatlar və məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 13-2.3.2-ci bəndinə əsasən zorakılığın və dini ekstremizmin təbliğinə dair məlumatlar, milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar yayılması qadağan edilən informasiyalara aiddir. Göründüyü kimi, Şəxs digər şəxslərlə birlikdə Azərbaycan Respublikasının Dövlət bayrağına qarşı təhqiredici hərəkətlər edərək, milli nifrət və düşmənçiliyin salınmasına yönələn çağırışların əks olunduğu videogörüntülərin müxtəlif sosial şəbəkələrdə yayılmasına şərait yaratmışdır. İXM-in 388-1.1.1-ci maddəsinə əsasən informasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə, Şəxs əməlində İXM-in 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, barəsində icraat aparılan şəxsə inzibati tənbeh növünü tətbiq edərkən inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, eləcə də onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 72, 73, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 28 avqust 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-3420/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3420/2023
28.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver