Məhkəmə qərarları › İş №3(001)-3427/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3427/2021

07.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3427/2021 07.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X5 nümayəndəsi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, X5 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 24.09.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan nümayəndəsi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Vəkil şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 nümayəndəsi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəməyə müraciət edərək, X8 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 24.09.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və X5 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında şikayət vermiş şəxs X5 nümayəndəsi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Vəkil şikayəti müdafiə edib bildirmişdir ki, Azərbaycan Respublikasının İnzibat Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsinə əsasən, şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin məhv edilməsi, habelə qanunsuz kəsilməsi (götürülməsi) - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilir. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati xəta haqqında protokolunda və ******* nömrəli 24.09.2021-ci il tarixli qərarımda göstərilən 1 ədəd sarmaşıq və 1 ədəd qurumuş üzüm kolu yerləşən sahə yaşıllıq sahəsində yerləşməmişdir. Sarmaşıq və qurumuş üzüm kolu Bakı şəhəri Biləcəri bələdiyyəsinin 353 nömrəli 08.03.2005-ci il və 186a nömrəli 07.03.2008-ci il tarixli qərarları ilə 2005-ci ildən X5 atasının qanuni istifadəsində olmuş, alqı-satqı müqaviləsi əsasında yaşayış evinin tikintisi üçün sonuncuya satılmış, sonradan isə atasının vəfatı ilə əlaqədar yenə həmin bələdiyyənin 199 nömrəli 30.12.2011-ci il tarixli qərarı ilə anasının adına rəsmiləşdirilmiş torpaq sahəsində yerləşmişdir. Bundan əlavə, sözügedən sarmaşıq və qurumuş üzüm kolu X5 ailəsinin qanuni istifadəsində olan torpaq sahəsində qonşu X6 tərəfindən qanunsuz olaraq tikdiyi hinlərin və orada saxladığı heyvanların əhatəyə alınaraq gizlədilməsi məqsədilə əkilmişdir. Belə ki, X6 onun yaşadığı evin qarşısında qanuni istifadəsində olan torpaq sahəsində ördək, toyuq, cücə saxlamaq üçün hinlər, hinlərin üstündə çardaq tikmiş, anti-sanitariya vəziyyətində vannalar, yemlər saxlamış, heç zaman oranı təmizləməmiş, kollar zibillə dolmuşdur. Həmin heyvanların iyi, sarmaşıq kolları onun evinin içinə dolduğundan dəfələrlə X3 hinini başqa yerə köçürməyi təklif etsələr də sonuncu bundan imtina etmişdir. Sonuncu dəfə X8 tərəfindən Binəqədi RPİ-in 6-cı Polis Bölməsinə şikayət olunmuş, 20.08.2021-ci il tarixdə X6 izahat verərək torpaq sahəsini təmizləmək üçün 26.08.2021-ci il tarixədək vaxt istəmiş, lakin bunu etməmişdir. Verilən müddət bitdikdən sonra Binəqədi RPİ-in 6-cı Polis Bölməsinin əməkdaşları əraziyə baxış keçirmiş və Rauf Rafailova demişlər ki, hinləri, çardağı çıxarıb özü həmin sahəni təmizləsin. 27.08.2021-ci il tarixdə Rauf Rafailov qanuni əsaslarla ailəsinin istifadəsində olan torpaq sahəsindən çardağı, hinləri və hinlərin əhatəsində olan 1 ədəd sarmaşıq və 1 ədəd qurumuş üzüm kolunu çıxarmışdır. 2 gün sonra 30.08.2021-ci il tarixdə qanuni əsaslarla istifadəsində olan torpaq sahəsində təmizlik işləri apardıqları vaxt həmin qonşu X2 zəngi əsasında 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 2 nəfər əməkdaşı gəlib akt tərtib etmiş, izahat almış və Rauf Rafailov onlara torpağın sənədlərini və telefonundan əvvəlki vəziyyətin sübutu olan videoşəkilləri göstərmişdir.Rauf Rafailov əməkdaşlardan “bizə nə vaxt xəbər edəcəksiz” soruşmuş, əməkdaşlardan biri “əgər cərimə təyin olunsa, sabah zəng edəcəyik, idarəyə gələrsiz” deyib Rauf Rafailovdan mobil telefon nömrəsini soruşub özü üçün yazmışdır. Sonuncular getdikdən təxminən 20 dəqiqə sonra özlərini yaşıllaşdırma idarəsinin əməkdaşları kimi təqdim edən 3-4 nəfər şəxs gəlmiş və Rauf Rafailovun artıq təmizlədiyi yerdə şam ağacları əkmişlər. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları da, o da ağacların əkilməsi prosesinin çəkilişini aparmışlar. Sabahısı gün qonşu X6 əkilən şam ağaclarını çıxarmışdır. Rauf Rafailov göstərilən faktı təsdiq edən videonu 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və yaşıllaşdırma idarəsinin əraziyə gəlmiş əməkdaşına göndərmişdir. Sonradan Binəqədi RPİ-in 6-cı Polis Bölməsində ona yaşıllaşdırma idarəsinin X4 cərimələməsi barədə qərarı göstərmişlər. Sadalananlar 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin heç bir araşdırma aparmadan, sübutları araşdırmadan, sadəcə əsassız şikayətə görə X7 cərimələdiklərini bir daha sübuta yetirir.X1 Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsinə əsasən, səhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahəsində deyil, ailəsinin qanuni istifadəsində olan torpaq sahəsində abadlaşdırma işləri apardığından inzibati xəta hadisəsi və əməlində inzibati xəta tərkibi olmadığmdan icraat başlanıla bilməzdi, başlandığı halda araşdırma aparılaraq xitam verilməli idi. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi inzibati xəta haqqında protokol əsasında xəta törədəni idarəyə 20.09.2021-ci il tarixdə dəvət edir, lakin protokol və dəvət məktubu zərfdən göründüyü kimi həmin gün ərazi üzrə poçta daxil olmuş və Rauf Rafailova ərazi üzrə poçt 20.09.2021-ci il tarixdə günortadan sonra təqdim olunmuşdur. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 09.09.2021-ci il tarixli məktubundan görünür ki, o, qərar çıxarılması ilə bağlı 20.09.2021-ci il tarixdə idarəyə dəvət olunmuş, yəni işə baxılması rəsmi olaraq həmin tarixə təyin olunsa da, qərar 24.09.2021-ci il tarixdə qəbul olunmuşdur. Ona görə də, məhkəmədən şikayətin təmin edilərək X8 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 24.09.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 06 avqust 2021-ci il tarixli, 72121644 nömrəli Aktından görünür ki, 29.08.2021-ci il tarixdə idarəyə daxil olmuş ünvan 1 ünvanda yaşayan sakinlərin evlərinin qarşısında yaşıllıq sahədə sarmaşıq və üzüm kollarının qəsdən kəsilərək məhv edilməsinə dair müraciəti yerində araşdırılmışdır. Araşdırma zamanı sakinlərin izahatları alınmış, onlar izahatlarında bildirmişlər ki, X8 qeyri-qanuni bələdiyyə sənədi əsasında binanın qarşısında olan yaşıllıq sahəni hasara alaraq sarmaşıq və üzüm kollarını kəsərək məhv etmişdir. Araşdırma ilə əlaqədar əraziyə baxış keçirilmiş, baxış zamanı 1 ədəd sarmaşıq və 1 ədəd üzüm kolunun kəsilərək məhv edildiyi müəyyən edilmişdir. İzahatı alınmış X8 həmin sahənin ona məxsus olduğunu, orada abadlaşdırma işləri aparan zaman 1 ədəd sarmaşıq və 1 ədəd üzüm kolunu kəsdiyini etiraf etmişdir. 06.09.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X8 28.08.2021-ci ildə ünvan 1 ünvanın qarşısında yaşıllıq sahədə abadlaşdırma işi aparan zaman 1 ədəd sarmaşıq və 1 ədəd üzüm kolunu kəsərək məhv etdiyinə görə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. 24.09.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 28.08.2021-ci ildə ünvan 1 ünvanın qarşısında yaşıllıq sahədə abadlaşdırma işi aparan zaman 1 ədəd sarmaşıq və 1 ədəd üzüm kolunu kəsərək məhv etdiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə təqsirli bilinib 4.400 (dörd min dörd yüz) manat cərimə edilmişdir. Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X8 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 24.09.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən aparılmış inzibati xəta haqqında iş üzrə icraat zamanı X5 müvafiq sübutların təqdim edilməsi və araşdırmanın obyektiv aparılması məqsədi ilə şəxsin icraatda iştirak etməsi, habelə müvafiq sübutu varsa təqdim etməsi üçün şərait yaradılmadan, eləcə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələblərinə cavab verməyən inzibati xəta haqqında protokol tərtib edib, barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Çünki həmin işin nəticəsi üzrə tərtib edilmiş inzibati xəta haqqında protokoldan müəyyən edilmişdir ki, tərtib edilmiş inzibati xəta haqqında protokolda X5 ehtimal edilən inzibati xətanı törətməsi vaxtı göstərilməmiş, hüquq və vəzifələrinin izah edilib-edilməməsi haqqında hər hansı qeydiyyat aparılmamış, həmçinin protokolun surətinin hansı qaydada verilməsinə dair heç bir qeyd aparılmamışdır. Bundan başqa, qeyd edilməlidir ki, baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış və iş üzrə X5 təqsirli bilindiyi inzibati xəta haqqında kifayət qədər sübutlar toplanmadan sonuncunun inzibati qaydada məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilmişdir. Çünki Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsinin mənasına görə şəxs şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə, götürülməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Lakin aparılmış araşdırma üzrə aşkar edilmiş və toplanmış sübutlarda həmin ərazinin yaşıllıq sahəsinə aid olub-olmamasının müəyyən edilməsi mümkün deyildir. Belə olan halda isə X5 əməlində qeyd olunan inzibati xəta tərkibinin olması şübhə doğurur. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla inzibati qaydada tənbeh olunmasına dair qərar qəbul etmişdir. Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X8 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Beləliklə məhkəmə, şikayətçi X5 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X1i tənbeh olunmasına dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 24.09.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X5 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 24.09.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün qərar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar