Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-343/2022 01.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 inzibati tənbeh edilməsinə dair Bakı şəhər Baş Polis İdarəsinin DYPİ tərəfindən 14.10.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş 25.10.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsinin DYPİ tərəfindən 14.10.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş 25.10.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilib iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, 14.10.2021 -ci il tarixində saat 14.00 radələrində etibarnamə əsasında idarə etdiyi, X3 adına olan “Ford Fusion” markalı ** UO *** dövlət nişanlı avtomobillə Əlövsət Abdulrəhimov küçəsindən Ayna Sultanova heykəli istiqamətində hərəkət etmişdir. Əlövsət Abdulrəhimov küçəsindən Atatürk prospektinə dönüb bir az qabaqda sərnişin düşürüb yolunu davam edərkən bir müddət sonra DYPİ yol patrul xidməti inspektoru polis kiçik serjantı X5 tərəfindən saxlanılmışdır. Avtomobilimi saxlayan inspektor ona yol nişanlarının tələblərinə riayət etmədiyini bildirmişdir. İnspektorun iddiasına görə o, müvafiq nişanın tələbinə riayət etmədən marşrut vasitələri üçün nəzərdə tutulmuş zolağa daxil olmuşdur. Bunun üçün kiçik serjant Quliyev Elçin tərəfindən AR İXM 327.1 maddəsinə əsasən İXP ******* protokol tərtib olunmuşdur. O, yola diqqətli baxdığından inspektor iddia etdiyi nişanı görmədiyi üçün və ümümiyyətlə heç bir nişanın tələbini pozmadığına görə protokoldan narazı olduğunu bildirmişdir. Protokol ilə razı olmadığı və bu barədə protokolda müvafiq qeydlər apardığı üçün inspektor yerində qərar qəbul etmədiyini bildirmişdir. Asan xidmətə məxsus şəxsi kabinetində protokolu gördükdən sonra rəsmi tədbiq vasitəsilə 15.10.2021-ci il tarixində AR İXM 61.1.1, 61.1.2, 61.1.3, 61.1.4, 61.1.8, 61.1.9, 61.2, 61.3 maddələrinin tələblərinə uyğun hüquqlarının təmin edilməsini və işin obyektiv araşdırılmasını tələb edərək protokoldan şikayət etmişdir. Ünvanlanmış şikayətə və protokolda protokoldan narazı olduğunu qeyd etməyinə baxmayaraq ona heç bir reaksiya verilməmiş, işin araşdırılması zamanı iştirakı təmin edilməmiş, şikayətinə münasibət bildirilməmişdir. Əksinə 25.10.2021-ci ildə inzibati xəta haqqında iş üzrə qərar qəbul edilərək elektron poçt ünvanına asan xidmət tərəfindən rəsmi bildiriş gəlmişdir. Şikayətinə və konkret müraciətinə baxmayaraq şəxsi kabinetinin müvafiq bölümlərinə işin materialları olan sənədlərin surəti, video və şəkil əlavə edilməmişdir. Hadisə baş verdikdən sonra növbəti gün həmin yolu yenidən getmiş və aşkar etmişdir ki, X1 prospektinə dönərkən tam ağacın budaqlarının altında görmək mümkün olmayan yerdə 4.1.2 Sağa hərəkət nişanı və onun altında 2.4 Yol verin nişanı vardır. Lakin inspektor tələblərinə riayət etmədiyini iddia etdiyi Marşrut nəqliyyat vasitələri üçün zolaq məlumatverici-göstərici nişanı mövcud deyildir. Aşağıdakı əsaslara görə barəmdə tərtib olunmuş İXP ******* saylı 14.10.2021 -ci il tarixli protokol əsasında 25.10.2021-ci il tarixli qəbul olunmuş qərar qanunsuz və əsassızdır: AR İXM-nin 75.0.3 maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə inzibati xəta törətməkdə şəxsin təqsiri sübut edilməlidir. AR İXM-nin 53-cü maddəsinə əsasən 53.0.1. inzibati xəta hadisəsi olmadıqda və 53.0.2. inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 8.1 -ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll enilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının qanununun 4 maddəsinin 2-ci və 28-ci hissəsinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyinin təmin edilməsi, hərəkət üçün ayrılmış yollara nəzarət etmək, hərəkət sürətinin məhdudlaşdırıldığı zonaları müəyyənləşdirmək, orada müvafiq yol nişanları qurmaq yol hərəkəti sahəsində dövlətin vəzifəsidir. Həmin qanunun 10-cu maddəsinin 2-ci hissəsində göstərilib ki, avtomobil yollarında nişanlama xətləri çəkilməli, yol nişanları və göstəriciləri (o cümlədən təhlükəli və çətin keçilən sahələri əks etdirən marşrut xəritələri və sxemləri), svetoforlar və yol hərəkəti təşkilinin digər texniki nizamlama vasitələri quraşdırılmalıdır. Həmin qanunun 48-ci maddəsinin 4-cü hissəsində göstərilib ki, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollar 5.9, 5.10.1— 5.10.3 nişanları ilə nişanlanmalıdır. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır. Buna əsasən mən də yolun sağ kənarında sərnişin düşürmüşəm və həmin zaman heç bir ümümi istifadədə olan nəqliyyat vasitəsi olmadığından, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamamışdır. Azərbaycan Respublikası tərəfindən qəbul edilmiş QOST 23457-86 Yol hərəkətinin təşkilində istifadə olunan texniki vasitələr haqqında beynəlxalq standartın 2.6.17-ci bəndinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yola çıxarkən, yola çıxan bütün yan çıxışların üzərində 5.10.2 və 5.10.3 (ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yola çıxış) nişanları qoyulmalıdır. Əlövsət Abdulrəhimov küçəsindən ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan Atatürk prospektinə çıxışda qanunla tələb olunan nişanlar quraşdırılmayıb. Bunun üçün inspektorun iddiasına əsasən mənim tərəfimdən mövcud olmayan nişanın tələbinə riayət etməməyim mümkünsüzdür. QOST 23457-86 tələblərini rəhbər tutaraq Atatürk prospektində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yol və yol hərəkətinin təhlükəsizliyi düzgün təşkil edilməmişdir. Sürücü tərəfindən həmin zolağ ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmasını anlamaq mümkün deyildir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə iclasında X4 şikayəti müdafiə edib onun məzmununa uyğun izahat verib məhkəmədən Bakı şəhər Baş Polis İdarəsinin DYPİ tərəfindən 14.10.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş 25.10.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş 14.10.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 14.10.2021-ci il tarixdə saat 14:04-də Bakı şəhəri, X7 prospekti 130 ünvanında idarə etdiyi “Ford Fusion” markalı ** UO *** dövlət qeydiyyat nişanlı avtomobillə yol nişanlarının tələblərinə əməl etməyərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X4 barəsində Bakı şəhər Baş Polis İdarəsinin DYPİ tərəfindən 14.10.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş 25.10.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhər Baş Polis İdarəsinin DYPİ tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. Bununla yanaşı, səlahiyyətli orqanın məhkəmədə iştirak edərək şəxsin təqsirliliyinə dəlalət edə biləcək sübutları olduğu təqdirdə məhkəməyə təqdim etməməsi toplanmış material üzrə məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasına mane olur və qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X2 müraciətində qeyd olunan xüsusatlarla barəsində aparılmış inzibati xəta haqqında iş üzrə icraat arasında ziddiyyət yaradır. Bundan başqa, səlahiyyətli orqan tərəfindən X2 inzibati qaydada məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilsə də, sonuncu barəsində aparılmış icraat üzrə qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı şəhər Baş Polis İdarəsinin DYPİ tərəfindən 14.10.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş 25.10.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 tərəfindən verilmiş şikayət təmin edilsin. X4 barəsində Bakı şəhər Baş Polis İdarəsinin DYPİ tərəfindən 14.10.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş 25.10.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-343/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-343/2022
01.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver