Məhkəmə qərarları › İş №3(001)-3434/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3434/2023

29.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3434/2023 29.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 7ci Polis Bölməsinin polis sahə inspektoru, polis baş leytenantı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Masallı rayonu, Ləngan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Masallı rayonu, Ləngan kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin polis sahə inspektoru, polis baş leytenantı X7 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 19:00 radələrində AP- 2429 çağırışlı patrulla Mircəlal küçəsində hərəkətdə olan zaman “Şah süfrəsi” restoranının qarşısında yol nəqliyyat hadisəsinin olduğu müşahidə edildi. Polis əməkdaşları hadisə yerinə yaxınlaşaraq xəsarətlərin olub-olmamasını aydınlaşdırmışdır. Bu zaman bir nəfər şəxs yaxınlaşaraq “Toyota Prius” markalı avtomobilin sürücüsünün qohumu olduğunu bildirərək Yol Patrul Xidmətinə məlumat verməyi xahiş etmişdir. Polis əməkdaşları tərəfindən yol nəqliyyat hadisəsində iştirak edən avtomobillərin sənədlərinə yoxlama aparılması zamanı həmin şəxs tabesizlik göstərərək sənədləri təqdim etməyəcəyini bildirmişdir. Vətəndaş yüksək səslə qışqıraraq polisin nüfuzuna xələl gətirən sözlərdən istifadə etmişdir. Həmin şəxs nizam-intizama dəvət edilsə də, o, polisin qanuni tələbinə tabe olmayaraq, yenidən qanunsuz əməlini davam etdirmişdir. Daha sonra həmin vətəndaş Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə dəvət olunmuşdur. Bölmədə Şəxs olması müəyyən olunmuşdur. Nəticədə, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanların nəzərə alınaraq, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, həqiqətən də “Toyota Prius” markalı avtomobilin sürücüsünün qohumudur. xx.xx.2023-cü il tarixdə avtomobilin sahibi ona zəng edərək yol nəqliyyat hadisəsinin baş verdiyini və hadisə yerinə gəlməsini xahiş etmişdir. Hadisə yerinə gələndə polis əməkdaşlarından X16 şöbəsinin əməkdaşlarını çağırmağı xahiş etmişdir. Polis əməkdaşları tərəfindən ona X14 şöbəsinə məlumat verildiyi bildirilmişdir. Daha sonra Polis əməkdaşlarının avtomobillərə məxsus sənədləri tələb etdiklərini görmüş, lakin avtomobil lizinq əsasında idarə edildiyi üçün ona məxsus sənədlər onlarda olmamış, yalnız avtomobilin idarəetmə hüququnu təsdiq edən sənəd olmuş, onu da polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra polis əməkdaşları ilə aralarında mübahisə olmuş və Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə dəvət edilmişdir. Polis əməkdaşlarının onu sakitləşdirərək, nizam-intizama dəvət etmələrinə baxmayaraq, onların qanuni tələblərinə tabe olmamışdır. Daha sonra o, polis əməkdaşları tərəfindən Binəqədi RPİ-nin 7-ci PB-nə gətirilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirir vəhimayəsində 2 azyaşlı uşağı vardır. Bu səbəbdən, məhkəmədən barəsində daha yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Azərbaycan Respublikası DİN X10 Alayının Patrul bölüyünün polis nəfəri, polis serjantı X5 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 19:00 radələrində Mircəlal küçəsində hərəkətdə olan zaman “Şah süfrəsi” restoranının qarşısında yol nəqliyyat hadisəsinin olduğu tərəflərindən müşahidə edilmişdir. Xəsarətlərin olub-olmamasını aydınlaşdırmaq məqsədi ilə hadisə yerinə yaxınlaşmışlar. Bu zaman bir nəfər şəxs yaxınlaşaraq “Toyota Prius” markalı avtomobilin sürücüsünün qohumu olduğunu bildirərək Yol Patrul Xidmətinə məlumat verməyi xahiş etmişdir. Tərəflərindən yol nəqliyyat hadisəsində iştirak edən avtomobillərin sənədlərinə yoxlama aparılması zamanı həmin şəxs tabesizlik göstərərək sənədləri təqdim etməyəcəyini bildirmişdir. Vətəndaş yüksək səslə qışqıraraq polisin nüfuzuna xələl gətirən sözlərdən istifadə etmişdir. Həmin şəxs nizam-intizama dəvət edilsə də, o, polisin qanuni tələbinə tabe olmayaraq, yenidən qanunsuz əməlini davam etdirmişdir. Daha sonra həmin vətəndaş Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə dəvət olunmuş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid Azərbaycan Respublikası DİN X10 Alayının Patrul bölüyünün polis nəfəri, polis serjantı X9 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Mircəlal küçəsində hərəkətdə olan zaman “Şah süfrəsi” restoranının qarşısında yol nəqliyyat hadisəsinin baş verdiyini müşahidə etmişlər. Bundan sonra, digər əməkdaşlarla birlikdə hadisə yerinə yaxınlaşaraq xəsarətlərin olub-olmaması ilə bağlı yoxlama aparmışlar. Avtomobil sürücülərindən avtomobilə məxsus sənədləri təqdim etmələri tələb olunduqda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tabesizlik göstərərək sənədləri verməyəcəyini bildirmiş və polisin nüfuzuna xələl gətirən sözlərdən istifadə etmişdir. Həmin şəxs nizam-intizama dəvət edilsə də, o, polisin qanuni tələbinə tabe olmayaraq, yenidən qanunsuz əməlini davam etdirmişdir. Daha sonra həmin şəxs Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə dəvət edilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin rəisinə ünvanlanmış raportdan görünür ki, Şəxs polisin qanuni tələblərinə tabe olmayaraq, polis əməkdaşına qarşı nalayiq ifadələr işlətmişdir. Bu səbəbdən, həmin şəxs barəsində qanuni tədbir görülməsi xahiş olunmuşdur. xx.xx.2023-cü il tarixli, AZA 015280 nömrəli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 28 avqust 2023-cü il tarixdə, saat 19:45-də inzibati qaydada tutulmuşdur. xx.xx.2023-cü il tarixli, AZA 001246 nömrəli “şəxsi axtarış və götürmə” protokoldan görünür ki, Şəxs yoxlanılması zamanı üzrəindən hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Binəqədi RPİ-nin 7-ci PB-nin polis əməkdaşlarının qanuni tələblərinə riayət etməyərək, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə göndərilmiş sorğudan görünür ki, X6 və X1 Hüseyn İsaq oğlunun övladlarıdır. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Binəqədi RPİ-nin 7-ci PB tərəfindən İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, istər məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, istərsə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi etirafedici izahatı ilə onun İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 6-cı maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halın olmamasını, inzibati qaydada tutulmasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını, həmçinin himayəsində 2 azyaşlı övladının olmasını nəzərə alaraq, ona inzibati cərimə növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar