Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3437/2023 26.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-in nümayəndəsi “DE FENDO” vəkil bürosunun vəkili X1 iştirakı ilə, Şəxs MMC, AZ1054, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə ŞTQ, Binəqədi şossesi ev 12 VÖEN **********, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində tərtib edilmiş 22 avqust 2023-cü il tarixli EP seriyalı № ******* saylı inzibati xəta haqqında protokola əsasən, cəmiyyət 1 000 000,00 (bir milyon) Rusiya rublu məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" ASC-də olan hesabından 09 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 il müddət keçməsinə baxmayaraq 1 000 000,00 (bir milyon) Rusiya rublu məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-in nümayəndəsi X2 inzibati xəta haqqında protokolun dəlilləri ilə razılaşmayaraq izahatında bildirmişdir ki, hüquqi şəxs Şəxs MMC ilə hüquqi ünvanı RF Komi Respublikasında olan «Флагман» OOO arasında müqavilə münasibətləri mövcud olmuş, onlar müqaviləni ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə real olaraq bağlamışlar. Belə ki, Şəxs MMC iynəyarpaqlı növə aid taxta meteriallar almaq üçün xx.xx.2016-cı ildə həmin müqaviləni bağlamış, bu məqsədlə xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən «Флагман» OOO-un hesabına 1 000 000,00 (bir milyon) Rusiya rublu məbləğində pul köçürmüşdür. «Флагман» OOO ödənilmiş pulun müqabilində üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən, habelə pulu geri qaytarmadığından Şəxs MMC 2023-cü ilin aprel ayında Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, «Флагман» OOO-dan o cümlədən 1 000 000,00 (bir milyon) Rusiya rublu məbləğində borcun tutulmasını xahiş etmişdir. Belə ki, həmin cəmiyyətin Şəxs MMC qarşısında yerinə yetirmədiyi digər öhdəlikləri də mövcuddur. Bakı Kommersiya Məhkəməsi tərəfindən iddia ərizəsi icraata qəbul edilmiş və hal-hazırda baxılmaqdadır. Məhkəmə tərəfindən RF-in aidiyyəti məhkəməsinə məhkəmə tapşırığı göndərilmişdir. Odur ki, hüquqi şəxs Şəxs MMC tərəfindən ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan əməl törədilmədiyindən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankına təkrarən məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, tərəfin izahatını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən inzibati xəta törədilməsi müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: 09 avqust 2021-ci il tarixli ödəniş tapşırığının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, hüquqi şəxs Şəxs MMC 1 000 000,00 (bir milyon) Rusiya rublu məbləğində xarici valyutada olan vəsaiti həmin ödəniş tapşırığına əsasən "xxxx" ASC-də olan hesabından həmin tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. "xxxx" ASC-in 10 avqust 2023-cü il tarixli məktubundan və ona əlavələrdən görünür ki, Şəxs MMC tərəfindən 1 000 000,00 (bir milyon) Rusiya rublu məbləğində xarici valyutada olan vəsait ödəniş tapşırığına əsasən müvafiq hesabdan 09 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülsə də, ödənişin aparıldığı gündən 2 il müddət keçməsinə baxmayaraq 1 000 000,00 (bir milyon) Rusiya rublu məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim edilməmiş, eyni zamanda qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi qanunverici əməlin inzibati xəta hesab edilməsi üçün digər əlamətlərlə yanaşı təqsirin mövcud olmasını zəruri şərt olaraq nəzərdə tutmuşdur. Halbuki, məhkəmə araşdırmaları zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olması müəyyən edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 269/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, iddiaçı Şəxs MMC cavabdeh «Флагман» OOO-ya qarşı borc tələbinə dair kommersiya mübahisəsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 09 avqust 2021-ci il tarixdə köçürülmüş 1 000 000,00 (bir milyon) Rusiya rublu məbləğində əsas borcun alınıb iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş və RF-ın müvafiq məhkəməsinə məhkəmə tapşırığı göndərilmişdir. Təsvir edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, hüquqi şəxs Şəxs MMC ilə «Флагман» OOO arasında müqavilə münasibətləri mövcud olmuş, Şəxs MMC müqaviləni ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə real olaraq bağlamış, Şəxs MMC-in iynəyarpaqlı növə aid taxta meteriallar almaq niyyəti olmuş və bu məqsədlə xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən «Флагман» OOO-un hesabına 1 000 000,00 (bir milyon) Rusiya rublu məbləğində ödəniş edilmiş, «Флагман» OOO ödənilən pulun müqabilində müqavilə əsasında üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən və pulu geri qaytarmadığından Şəxs MMC məhkəməyə müraciət etmiş, Bakı Kommersiya Məhkəməsi tərəfindən kommersiya mübahisəsinə dair iddia ərizəsi icraata qəbul edilməklə halhazırda baxılmaqdadır. İnzibati xətalar qanunvericiliyində kommersiya mübahisəsinə dair baxılan mülki iş həll edilməyincə işə baxılmasının dayandırılması imkanı nəzərdə tutulmadığından hazırkı işin icraatının dayandırılması da mümkün deyil və iş üzrə qərar qəbul edilməlidir. Ona görə də, işin müəyyən edilmiş qeyd edilən mübahisəsiz hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) əməl (hərəkət və ya hərəkətsizlik) törədilməsi məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-in əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-in əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından 22 avqust 2023-cü il tarixli EP seriyalı № ******* saylı inzibati xəta haqqında protokol əsasında başlanmış icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. HAKİM Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-3437/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3437/2023
26.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver