Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-344/2022 27.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, Bakı şəhər Binəqədi rayon İcra şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola dair toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhər Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş 20.08.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20.08.2021-ci il tarixli, 3(001)- 2997/2021 nömrəli qərarı ilə Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Şəxs tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20.08.2021-ci il tarixli, 3(001)-2997/2021 nömrəli qərarından verilmiş apelyasiya şikayəti əsasında inzibati xəta haqqında material 02.09.2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 24.09.2021-ci il tarixli, 3(103)-2120/2021 nömrəli qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20.08.2021-ci il tarixli, 3(001)- 2997/2021 nömrəli qərarı ləğv edilərək işə yenidən baxılması üçün material Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.10.2021-ci il tarixli, 3(001)- 2997/2021 nömrəli qərarı ilə Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş 20.08.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.10.2021-ci il tarixli, 3(001)-2997/2021 nömrəli qərarından verilmiş apelyasiya şikayəti əsasında inzibati xəta haqqında material 05.11.2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 23.11.2021-ci il tarixli, 3(103)-2722/2021 nömrəli qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.10.2021-ci il tarixli, 3(001)- 2997/2021 nömrəli qərarı ləğv edilərək işə yenidən baxılması üçün material Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhər Binəqədi rayon İcra şöbəsinin icra məmuru X2 bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 01.12.2020-ci il tarixli, 2-2(103)-602/2020 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs 10155 manat məbləğində pul vəsaiti və iddiaçı tərəfindən ödənilmiş cəmi 45 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qərara alınmışdır. Şəxs Bakı Apellyasiya Məhkəməsinin 01.12.2020-ci il tarixli, 2-2(103)-602/2020 nömrəli icra sənədi üzrə borcunu bu günə kimi icra etməmişdir. İcra sənədinin icrası ilə əlaqədar zəruri icra tədbirləri görülməsinə baxmayaraq Şəxs borcunu üzrsüz səbəbdən icra etmədiyi üçün, sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, icra işi üzrə məcburi icra tədbirləri həyata keçirilərək zəruri sorğular verilmiş və alınmış cavablardan Şəxs adına rəsmi reyestrə qeydiyyata alınan daşınar və daşınmaz əmlakın, eləcə də, sonuncun adına banklarda və kredit təşkilatlarında pul vəsaitlərinin olması müəyyən edilməmişdir. Ona görə də, məhkəmədən Şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Bakı şəhər Binəqədi rayon İcra şöbəsi tərəfindən barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş 20.08.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsassızdır. Belə ki, o icra sənədi əsasında olan borcunu ödəməkdən yayınmamış, lakin maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. Bundan başqa əməlində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta tərkibi olsa belə, inzibati tənbeh vermə ilə bağlı müddət keçdiyindən başlanmış inzibati xəta haqqına iş üzrə icraata xitam verilməlidir. Ona görə də, məhkəmədən barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 01.12.2020-ci il tarixli, 2-2(103)-602/2020 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs 10155 manat məbləğində pul vəsaiti və ödənilmiş cəmi 45 manat məbləğində dövlət rüsumunun tutularaq Cəmiyyətə ödənilməsi qərara alınmışdır. Borclu bu günə qədər məhkəmə qərarının icrası üçün hər hansı bir tədbir görməmiş, 1 manat da ödəniş etməmiş, əksinə icraya mane olmağa çalışmış, polis axtarışı ilə icra qurumuna göndərilmişdir. Şəxs 2012-ci ildən ********** nömrəli VÖEN üzrə fərdi sahibkar kimi, 2006-cı ildən ********** nömrəli VÖEN üzrə "xxxx" MMC-nin direktoru kimi fəaliyyət göstərmiş, eyni zamanda Auditorlar Palatasının məlumatına əsasən 03 aprel 2017-ci il tarixdən 03 aprel 2022-ci il tarixədək auditor kimi fəaliyyət göstərmək üçün icazəsi var. Hazırda məhkəmə qətnaməsinin icrasından yayınmaq üçün hər üç istiqamət üzrə fəaliyyətini rəsmi olaraq dayandırsa da, bu fəaliyyətlər faktiki olaraq davam edir. Mülkiyyətində 1 yük və 2 minik nəqliyyat vasitəsi olmuş, məhkəmə qətnaməsinin icrasından yayınmaq üçün onları özgəninkiləşdirmişdir. Eyni zamanda hər hansı ödəniş etməmişdir. Borclu icra məmurunun qanuni tələblərinə əməl etməmiş, çağırışlarına gəlməmiş, barəsində baxılan inzibati xəta haqqında iş üzrə protokola baxılan zaman məhkəmə iclasında dəfələrlə dövlət adından qəbul edilmiş qətnaməni icra etmək niyyətində olmadığını, hətta tələbkarın ona borclu olduğunu bildirmişdir. Ona görə də, məhkəmədən Şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, iş materiallarını hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkibi olsa da, onun məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş və işdə olan Bakı Apellyasiya Məhkəməsinin 01.12.2020-ci il tarixli, 2-2(103)-602/2020 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs 10155 manat məbləğində pul vəsaiti və iddiaçı tərəfindən ödənilmiş cəmi 45 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qərara alınmışdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan 20.08.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 01.12.2020-ci il tarixli, 2-2(103)-602/2020 nömrəli icra sənədinə əsasən 10195 manat pul tələbi Şəxs tərəfindən qərəzli şəkildə tələbkara ödənilməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunan iş materiallarından və müvafiq qanunvericiliyin tələblərindən göründüyü kimi, Şəxs tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 01.12.2020-ci il tarixli, 2- 2(103)-602/2020 nömrəli icra sənədi üzrə ümumilikdə 10195 manat olan borcdan heç bir ödəniş edilməmişdir. Sözügedən icra sənədinin icra olunması məqsədi ilə icra məmurunun qanuni tələblərinin üzrsüz səbəbdən icra olunmamasını göstərir. Məhkəmə hesab edir ki, qeyd olunan hal Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmasına dəlalət edir. Digər tərəfdən qeyd edilməlidir ki, Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olsa belə, sonuncu barəsində 20.08.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin vaxtdan hazıradək 5 aydan artıq müddət keçmişdir. Bu isə onu göstərir ki, şəxsin əməlində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta tərkibi olsa belə, qeyd olunan inzibati xəta haqqında protokol üzrə həmin əmələ görə, yəni inzibati xətanın törədildiyi gündən 3 aydan artıq müddət keçdiyindən Şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İXM-in 528.1-ci maddəsi həmin Məcəllənin “İdarəçilik qaydaları əleyhinə olan inzibati xətalar” adlı 39-cu fəslinə aid olmaqla sözügedən inzibati xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddətinin yuxarıda göstərilən İXM-in 38.1-ci maddəsinin üç aylıq hissəsinə daxil olduğunu göstərir. Ona görə də, məhkəmə Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 53.0.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Bakı şəhər Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş 20.08.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, barəsində inzibati tənbeh tətbiq edilməsi üçün müddət keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 38, 43, 53, 105, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Bakı şəhər Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş 20.08.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. İnzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edilməsi üçün müddət keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-344/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-344/2022
27.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver