Məhkəmə qərarları › İş №3(001)-3452/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3452/2024

03.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3452/2024 03.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxslər Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X1, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X7 Yol patrul xidməti inspektoru, polis serjantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Füzuli rayonu, Əhmədalılar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Füzuli rayonu, Əhmədalılar kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, DSK yolu ərazisində yerləşən fərdi yaşayış evi ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.1, 327.6, 333.3, 511.1.3 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokollar əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X11 tərəfindən Şəxs barəsində İXM-in 327.1, 327.6, 333.3, 511.1.3cü maddələri ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X7 Yol patrul xidməti inspektoru, polis serjantı X5 bildirmişdir ki, 02 iyun 2024-cü il tarixdə Binəqədi rayonu ərazisində ekipaj yoldaşı Elnur Quliyev ilə xidmətdə olarkən saat 18 radələrində DSK yolunda «Ford Transit» markalı **- HM-*** dövlət qeydiyyat nişanlı avtomobillə qəza törədərək hadisə yerindən yayınması barədə efir vasitəsilə məlumat almışlar. Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya idarəsinin köməkliyi ilə «Ford Transit» markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət etdiyi istiqaməti müəyyən edib onu müşahidə etməyə başlamış və sürücüyə saxla işarəsi vermişlər. Lakin sürücü sürətli, qəfil manevrlər, sürətlənmə və əyləcdən istifadə etməklə digər sürücülər üçün real təhlükə yaratmışdır. Bir müddət sonra digər əməkdaşların köməyi ilə qeyd olunan avtomobil saxlanılmış və sürücü avtomobildən düşərkən onun halından sərxoş olması müəyyən edilmişdir. Sürücüyə sərxoşluq vəziyyətinin müayinəsi təklif edildikdə sonuncu onlara qarşı aqresiv hərəkətlər edərək dəfələrlə onların tələbinə tabe olmamış və oradan yayınmağa çalışmışdır. Lakin adı sonradan məlum olan Şəxs buna nail ola bilməmiş və tərəflərindən saxlanılaraq sərxoşluq vəziyyətinin müayinəsi üçün aparılmış və müayinə zamanı onun ağır dərəcəli sərxoşluğunun olması aşkar edilmişdir. Daha sonra Şəxs barəsində tərəfindən protokol tərtib edilərək o, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə təhvil verilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X3 bildirmişdir ki, 02 iyun 2024-cü il tarixdə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X7 polis əməkdaşları tərəfindən adı sonradan məlum olan Şəxs barəsində tədbir görülməsi üçün şöbəyə təhvil verilmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, «Ford Transit» markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərxoş vəziyyətdə olan sürücüsü Şəxs idarə etdiyi həmin avtomobillə qəza törədərək hadisə yerindən yayınmış, daha sonra onu saxlayan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X7 polis əməkdaşlarının qanuni tələbinə dəfələrlə tabe olmayaraq onlardan yayınmağa cəhd göstərmiş, lakin buna nail olmadan saxlanılmışdır. Bundan sonra tərəfindən İXM-in 535.1ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında səhv etdiyini, içkili olduğundan qəza yerindən yayındığını, polisdən qaçmağa və polisə tabe olmağa çalışdığı üçün etdiyi hərəkətlərdən peşman olduğunu qeyd edib, məhkəmədən ona yüngül tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X7 Yol patrul xidməti inspektoru, polis serjantı X4 bildirmişdir ki, 02 iyun 2024-cü il tarixdə Binəqədi rayonu ərazisində ekipaj yoldaşı Arif Qurbanov ilə xidmətdə olarkən saat 18 radələrində DSK yolunda «Ford Transit» markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobillə qəza törədərək hadisə yerindən yayınması barədə efir vasitəsilə məlumat almışlar. Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya idarəsinin köməkliyi ilə «Ford Transit» markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət etdiyi istiqaməti müəyyən edib onu müşahidə etməyə başlamış və sürücüyə saxla işarəsi vermişlər. Lakin sürücü sürətli, qəfil manevrlər, sürətlənmə və əyləcdən istifadə etməklə digər sürücülər üçün real təhlükə yaratmışdır. Bir müddət sonra digər əməkdaşların köməyi ilə qeyd olunan avtomobil saxlanılmış və sürücü avtomobildən düşərkən onun halından sərxoş olması müəyyən edilmişdir. Sürücüyə sərxoşluq vəziyyətinin müayinəsi təklif edildikdə sonuncu onlara qarşı aqresiv hərəkətlər edərək dəfələrlə onların tələbinə tabe olmamış və oradan yayınmağa çalışmışdır. Lakin həmin şəxs buna nail ola bilməmiş və tərəflərindən saxlanılaraq sərxoşluq vəziyyətinin müayinəsi üçün aparılmış və müayinə zamanı onun ağır dərəcəli sərxoşluğunun olması aşkar edilmişdir. Daha sonra Şəxs barəsində tərəfindən protokol tərtib edilərək o, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, 2/1075 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, 02 iyun 2024-cü il tarixdə saat 18:45-də aparılmış sərxoşluq vəziyyətinin tibbi müayinəsi zamanı Şəxs alkoqol sərxoşluğu vəziyyətinin olması müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 02 iyun 2024-cü il tarixdə Bakı şəhəri Azadlıq prospekti 191 ünvanında idarə etdiyi «Ford Transit» markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-in 327.1, 327.6, 333.3 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2024-cü il tarixli 022448 inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 02 iyun 2024-cü il tarixdə saat 19:30-da inzibati qaydada tutulmuşdur. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 02 iyun 2024-cü il tarixdə Binəqədi rayonu DSK yolu ərazisində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X11 əməkdşlarının qanuni tələbinə tabe olmayaq İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş hadisənin 16 saniyəsini göstərən diskə köçürülmüş görüntülərdən «Ford Transit» markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün avtomobili qəflətən sürətləndirməklə müxtəlif manevlər edərək hərəkətdə olan digər sürücülər üçün təhlükə yaratması, habelə həmin avtomobilin qarşısından əks istiqamətdə öz yolu ilə hərəkətdə olan digər avtomobillərin sərbəst hərəkətinə mane olması və təhlükəli manevrlərlə ötmə əməliyyatları etməsi müşahidə edilmişdir. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollar üzrə sonuncunun əməlində İXM-in 333.3, 511.1.3 və 535.1-ci maddələri ilə olan inzibati xəta hadisəsinin olması öz təsdiqini tapsa da, onun İXM-in 327.1 və 327.6-cı maddələri üzrə araşdırmanın aparılması Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X10 həvalə olunmalıdır. Qeyd edilməlidir ki, qanunverici tərəfindən İXM-in 333.3, 511.1.3 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid edilsə də, İXM-in 327.1 və 327.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid edilməmişdir. İXM-in 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343-1.1 – 343-1.9, 343- 1.11, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477-2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517-3, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598, 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Göründüyü kimi, qanunverici tərəfindən İXM-in 34.2-ci maddəsinin dispozisiyasında verilməklə inzibati xətalara dair işlərin məcmusunu təşkil edir və bu işlərə hansı qaydada baxılaraq tənbeh tətbiq edilməsini müəyyən edən sonrakı normalara münasibətdə (ümumi norma kimi çıxış edir. Burada qanunverici eyni və ya müxtəlif vaxtlarda törədilən bir neçə inzibati xətaya dair işlərin məcmusunun yaranmasının ümumi şərtini müəyyən edərək onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni vaxtda baxılmasını nəzərdə tutmuşdur. Eyni və ya müxtəlif vaxtlarda törədilən bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda baxılmasını isə qanunverici eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. İXM-in 34.2-ci maddəsinin davamı olaraq həmin Məcəllənin 34.3-cü maddəsində şəxsin məhz eyni vaxtda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydası müəyyən olunmuşdur. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Bu hal inzibati xətaların ideal məcmusunu ehtiva edir. Belə ki, maddənin məzmunundan göründüyü kimi, bir şəxs eyni vaxtda bir neçə inzibati xəta törətdikdə, həmin xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, göstərilən işlərə baxan müvafiq orqan bu inzibati xətaların sırasından ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq etməlidir. Şəxsin eyni vaxtda törətdiyi (bir hərəkətlə ideal məcmu yaradan) bir neçə inzibati xətaya dair işlərə baxılması müxtəlif orqanların səlahiyyətlərinə aid olduqda, bu işlərin eyni vaxtda, eyni orqan tərəfindən baxılmasının mümkünlüyü məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir. Bu halda da, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki Şəxs İXM-in 333.3, 511.1.3 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin Məcəllənin 333.3, 511.1.3 və 535.1-ci maddələri ilə tövsif edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş diksə baxış keçirilən zaman müəyyən edilmişdir ki, «Ford Transit» markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs avtomobili qəflətən sürətləndirməklə müxtəlif manevlər edərək hərəkətdə olan digər sürücülər üçün təhlükə yaratması, habelə həmin avtomobilin qarşısından əks istiqamətdə öz yolu ilə hərəkətdə olan digər avtomobillərin sərbəst hərəkətinə mane olması və təhlükəli manevrlərlə ötmə əməliyyatları etməsi müşahidə edilmiş, həmçinin video görüntüdən aşkar görünür ki, Şəxs bu kimi əməllərini törətdiyi, yəni qəflətən manevr, sürətlənmə və əyləcdən istifadə edərək tormozlama ilə müşaiyət olunan sağ sol manevr hərəkətləri etdiyi yerdə onun qarşısına hər hansı qəfil maneə çıxmamışdır. Həmin manevr hərəkətləri və tormozlanma nəticəsində də sürüşmə səslərinin yaranması və asfalt üzərində təkərlərin izlərinin qalması isə şübhə doğuracaq hal sayıla bilməz. Eləcə də, Şəxs həmin hərəkətlərə yol verərkən onun niyyəti hər hansı maneədən yayınmaq və ya təhlükədən uzaqlaşmaq olmamışdır. Bununla yanaşı xx.xx.2024-cü il tarixli, 2/1075 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə Şəxs alkoqol sərxoşluğu vəziyyətinin olması müəyyən edilir. Bütün bunlara münasibətdə Şəxs sərxoş vəziyyətdə avtoxuliqanlıq hərəkətləri sonrası onu saxlamış polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmaması da özlüyündə bundan əvvəlki hərəkətlərin təzahürüdür. Yol hərəkəti qaydalarının pozulması halları ilə müvəffəqiyyətlə mübarizə aparılması üçün qayda pozucularına düzgün tənbeh təyin edilməsinin mühüm əhəmiyyəti vardır. İşin mübahisəsiz hallarına əsasən Şəxs məlum qayda pozuntusunu ehtiyatsızlıq və ya hadisənin təsadüfü axarı zəminində deyil, fəal və aqressiv hərəkətləri ilə müşayiət olunan davranışı ilə qəsdən törətmişdir. Qeyd edilməlidir ki, sadalananlar Şəxs tərəfindən birbaşa olaraq ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması və idarəçilik qaydaları əleyhinə olan inzibati xəta ilə müşayiət olunan qərəzli hərəkətlər kimi qiymətləndirilməlidir. Şəxsin belə hərəkətlərlə müşaiyət olunan hərəkətləri məhkəmədə öz təsdiqini tam şəkildə tapmışdır. Ona görə də, məhkəmə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 333.3, 511.1.3 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, protokol tərtib etmiş şəxslərin izahatı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafı, elektron daşıyıcıda əksini tapan görüntülər ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 333.3, 511.1.3 və 535.1-ci maddələri ilə tövsif edilmişdir. Həmçinin Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə, inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanı səmimi etiraf edərək əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Həmçinin qeyd edilməlidir ki, məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətalara görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə Şəxs törətdiyi inzibati xətaların xarakterini, eləcə də onun məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə və onu müəyyən müddətə cəmiyyətdən təcrid etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbeh növünün təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Belə ki, cəmiyyətin maraqları şəxsin azadlıq hüququndan üstündür, yəni sadalanan hərəkətləri etməklə bir neçə inzibati xətaları törərməsinə görə şəxsin cərimə ilə tənbeh edilməsi cəmiyyətdə mənfi emosiyalar doğura və yol hərəkəti qaydalarının pozulması halları ilə müvəffəqiyyətlə mübarizə aparılmasına öz mənfi təsirini göstərə bilər. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsa haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, yuxarıda sadalananla yanaşı, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən halın olmasını və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 333.3, 511.1.3 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində daha ciddi xətaya görə müəyyən edilmiş İXM-in 333.3-cü maddəsinin sanksiyası həddində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati həbsin əvvəli Şəxs inzibati qaydada tutulduğu vaxtdan, yəni 02 iyun 2024cü il tarixdə saat 19:30-dan hesablanmalıdır. Şəxs barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun İXM-in 327.1 və 327.6-cı maddələri ilə olan xətaya aid olan hissəsinə münasibət bildirmək məhkəmənin səlahiyyətinə aid olmadığından, həmin maddələr üzrə araşdırmanın aparılması və aparılmış araşdırma nəticəsində müvafiq qərarın qəbul edilməsi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X10 həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3, 511.1.3 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətə məhdudlaşdırılmaqla 1 (bir) ay müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 02 iyun 2024-cü il tarixdə saat 19:30-dan hesablansın. Şəxs barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə olan xətaya aid olan hissəsinə münasibət bildirmək məhkəmənin səlahiyyətinə aid olmadığından, həmin maddə üzrə araşdırmanın aparılması və aparılmış araşdırma nəticəsində müvafiq qərarın qəbul edilməsi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X10 həvalə edilsin. Qərarın inzibati həbs növündə tənbeh tədbirinə dair icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbirinə dair icrası Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar