Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3456/2023 19.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Şikayət verən X6 müdafiəçisi “Xəzər Konsaltinq” vəkil bürosunun vəkili X1 iştirakı ilə, X6 Xüsusi Tağım Yol patrul xidmətinin xx.xx.2023-cü il tarixli TP ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X10 məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, TP5933096 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, qanunsuz və kobud qanun pozuntuları ilə qərar qəbul etmiş inspektor X4, protokol tərtib etmiş polis kapitanı X2 barəsində xüsusi qərar çıxarılmaqla, müvafiq cinayət işinin başlanması üçün göndərilməsi, habelə əməldə inzibati xəta olmadığına görə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X6 müdafiəçisi “Xəzər Konsaltinq” vəkil bürosunun vəkili X3 şikayətini onunla əsaslandırmışdır ki, Vüqar Rəcəbov müntəzəm şərnişin daşıma şirkəti olan "xxxx" MMC-də sürücü kimi xx.xx.2023-cü il tarixdə 67 nömrəli marşrut xəttində **- VX-*** nömrəli avtobusu idarə edərkən təxminən səhər saat 10-11 radələrində yol patrul xidməti əməkdaşı tərəfindən saxlanılmışdır. Polis əməkdaşı ondan sənədlərini tələb etmiş, V.Rəcəbov etibarnaməni və digər zəruri sənədlər təqdim etmişdir. Lakin, həmin əməkdaş etibarnamənin düzgün olmadığını əsas götürməklə avtobusu duracağa aparmışdır. Həmin vaxt avtobusda hər hansı bir nasazlıq olmamış, avtobus saz vəziyyətdə olmuşdur. Bundan sonra cəmiyyətin vəkili olaraq yol polisi idarəsinə getmiş, dəfələrlə səlahiyyətli şəxslərdən izah tələb etsə də, əsaslı izah verilməmişdir. İnzibati xəta haqqında protokol isə pozuntu ilə bir neçə gün sonra tərtib edilmiş, sürücünün sənədlərinin qaydasında olduğunu gördüklərindən protokola əsassız olaraq 324.5-ci maddəni əlavə etmişlər. Qərarı aldıqdan dərhal sonra məhkəməyə şikayət vermişlər. Qeyd olunanlara əsasən şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Baş Dövlət Yol Polisi İdarəsinə təkrarən məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayətə Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Xüsusi Tağım Yol patrul xidməti baş inspektoru polis baş leytenantı X5 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokoldan görünür ki, “Daevoo BS090” avtobus markalı **-VX-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü X10 xx.xx.2023-cü ildə saat 15:10-da Binəqədi rayonu ərazisində Azərbaycan Respublikası İXM-in 342.5 və 332.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərardan görünür ki, “Daevoo BS090” avtobus markalı **-VX-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü X10 xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına və nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə əlli manat məbləğində cərimə edilmişdir. İlk növbədə məhkəmə qeyd edir ki, Xüsusi Tağım Yol patrul xidməti baş inspektoru polis baş leytenantı X5 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokol düzgün tərtib edilməmişdir. Belə ki, sözügedən protokoldan görünür ki, inzibati xəta hadisəsi 26 iyul 2023-cü ildə törədilsə də, inzibati xəta haqqında protokol 4 gün sonra, yəni 01 avqust 2023-cü ildə tərtib edilmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə görə inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinin həmin Məcəllənin 38, 145.1.6 və 146.1-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2023-cü il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti və əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir. İnzibati xəta haqqında protokol əsasən inzibati xətalar haqqında iş üzrə icraatın başlanmasını təsdiqləyən sənəd olmaqla, özündə işin həlli üçün zəruri olan məlumatları əks etdirməli və inzibati xətalar qanunvericiliyinin tələblərinə müvafiq qaydada və müddətdə tərtib edilməlidir. Bundan başqa xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin izahatı göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.7-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin izahatı inzibati xəta haqqında protokolda göstərilməlidir. Bundan əlavə, inzibati xəta haqqında protokolda Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməsi barədə qeyd yoxdur, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə inzibati xəta haqqında protokolun surəti verilməmişdir, Protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs tərəfindən imzalanmamışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.2-ci maddəsinə görə Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3-cü maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4-cü maddəsinə görə Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Bundan başqa iş materiallarına əlavə edilmiş Nəqliyyat vasitəsinin idarə edilməsi haqqında Etibarnamədən (yol vərəqi) görünür ki, sürücü X8 “Daevoo BS090” avtobus markalı **-VX-*** dövlət qeydiyyat nişanlı avtobusun 67 saylı marşrut xətti üzrə Bakı və Abşeron ərazisində idarə edilməsi etibar edilmişdir. Etibarnamə 20-30 iyul 2023-cü ilədək etibarlıdır. Belə olan halda, sürücü X10 barəsində Azərbaycan Respublikası İXM-in 332.1-ci maddəsilə inzibati xəta haqqında protokolun hansı əsasla tərtib edilməsi anlaşılan deyil. Şikayət verən X10 barəsində həmçinin Azərbaycan Respublikası İXM-in 342.5-ci maddəsilə inzibati xəta haqqında protokol tərtib edilsə də, şikayətin məzmunundan və müdafiəçinin məhkəmədəki çıxışından görünür ki, onlar avtobusda hər hansı bir nasazlıq olduğunu qəbul etmirlər, avtobusun saz vəziyyətdə olduğunu bildirirlər. Belə olan halda, qəbul etdiyi qərarın əsaslılığını sübut etmə vəzifəsi qərarı qəbul etmiş orqanın üzərinə düşür. Qərarı qəbul etmiş orqana isə məhkəmə iclasının vaxtı və yeri barədə təkrarən məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, qəbul etdiyi qərarın əsaslılığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzinati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, X6 Azərbaycan Respublikası İXM-in 342.5 və 332.1-ci maddələrində təqsirli olması sübuta yetirilmədiyindən onun həmin maddə təqsirli bilinib cərimə edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-in 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1-ci və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, X6 inzibati tənbeh vermə haqqında 22 avqust 2023-cü il tarixli TP ******* nömrəli qərardan verdiyi şikayət qismən təmin edilməli, həmin qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Şikayətin qalan hissəsinin təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. İnzibati tənbeh vermə haqqında 22 avqust 2023-cü il tarixli TP ******* nömrəli qərar ləğv edilsin. X6 Azərbaycan Respublikası İXM-in 342.5 və 332.1-ci maddələri ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilməsi ilə bağlı iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-3456/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3456/2023
19.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver