Məhkəmə qərarları › İş №3(001)-3465/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3465/2023

06.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3465/2023 06.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi Şəxs barəsində İXM-in 428.7.1-ci maddəsi ilə MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında xx.xx.2023-cü il tarixində saat 12:56-da “X2” adlı obyektdə müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. Nəticədə vəzifəli şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs məhkəmə iclasında çıxış edərək inzibati orqanın onlara heç bir xəbərdarlıq etmədən birbaşa protokol tərtib etməklə məhkəməyə təqdim etmişdir. Qeyd olunanlara əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Şəxs tərəfindən protokolda qeyd edilən inzibati xəta pozuntusu törədilmişdir. Bu səbəbdən barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxsin və protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, müəyyən edilmiş fakt Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində göstərilən inzibati xətanın törətmədiyinə dəlalət edir. “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi qaydası”nın 3.6-cı bəndində isə açıq məkanda reklam fəaliyyətinə nəzarət çərçivəsində reklam yayıcısının yerləşdiyi ünvanda yoxlama aparılması zərurəti yarandıqda, həmin yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə uyğun həyata keçirilir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Qanunun 3.2-ci maddəsinə görə bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati orqanın yoxlayıcı əməkdaşları sahibkarlıq subyektində yoxlama aparmaq üçün inzibati orqanın qərarı olmadan, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçmədən qanunsuz yoxlama aparmışdırlar. İnzibati orqanın nümayəndəsi əməkdaşlarının fəaliyyətinin yoxlama fəaliyyəti olmadığını, onların sadəcə açıq hava məkanında sahibkarlıq subyektinə daxil olmadan inzibati xəta hadisəsini müəyyən edərək qərar qəbul etdiklərini desə də onların fəaliyyətinin sahibkarlıq sahəsində aparılan yoxlamalara aid olmadığını sübut edə bilməmişdir. Məhkəmə qeyd edir ki, açıq məkanda kənardan inzibati xəta hisəsinin törədilməsi müşahidə edilsə belə inzibati orqanın əməkdaşları sahibkarı bu barədə xəbərdar etməli, müvafiq araşdırma aparmalı, müəyyən etdiyi halın inzibati xəta hadisəsi olub-olmadığını müəyyən etmək üçün zərurət olduğu halda sahibkarlıq subyektinə də daxil olmalıdır. Əks halda inzibati orqan əsassız aktlarla nəinki öz iş yükünü, həmçinin sahibkarların iş fəaliyyətini də pozmuş olar. Belə ki, Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Qanunun 2.1-ci maddəsinə görə bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.2-ci maddəsinə gör bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara münasibətdə isə həmçinin 26-cı maddəsi istisna olmaqla) vergi yoxlamalarına, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara və maliyyə bazarları sahəsində aparılan yoxlamalara şamil edilmir. Həmin Qanunun 2.2-1-ci maddəsinə görəbu Qanun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. Həmin Qanunun 2.3-cü bəndinə görə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Yuxarıda qeyd edilən normativ hüquqi aktda sahibkarlıq sahəsində aparılan yoxlamalara şamil edilməyən yoxlamaların dairəsi müəyyən edilmişdir. Göründüyü kimi Bakı şəhər Reklam İdarəsinin əməkdaşlarının apardıqları yoxlamanın sahibkarlıq subyektində aparılan yoxlamalara aid olmadığı məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə inzibati xəta tərkibi olmadığından Şəxs barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar