Məhkəmə qərarları › İş №3(001)-3468/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3468/2024

03.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3468/2024 03.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X4 iclas katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 14804842 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək barəsində DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 14804842 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, texniki şəhadətnamə ilə ona məxsus olan olan **-OC-*** dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil uzun illə öncə hətta adını belə xatırlamadığı şəxsə mülki etibarnamə ilə satmışdır. Lakin həmin şəxs ona məlum olmayan səbəblərdən həmin nəqliyyat vasitəsini öz və digər hər hansı bir şəxsin mülkiyyətinə keçirtməmişdir. Hal-hazırda da, həmin nəqliyyat vasitəsinə görə verilən etibarnamənin müddəti bitmişdir. Həmin etibarnamənin surəti belə onda qalmamışdır. Ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan sonra Binəqədi rayon məhkəməsi tərəfindən həmin cərimə ödənilmədiyinə görə heç məhkəməyə dəvət belə olunmadan barəsində AR İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qənaətinə gələrək nəticədə ona 06 ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmişdir. Şikayətçi bildirmişdir ki, qərarı aldıqdan sonra sözügedən nəqliyyat vasitəsini satdığı şəxsi xatırlamağa və onunla əlaqə yaratmağa çalışsa da heç bir nəticə əldə olunmadı. Hətta həmin şəxsin anket məlumatlarını xatırlamaqdan ötrü etibarnamə verdiyi notariat ofisinə getsə belə arxivdə etibarnamə ilə bağlı heç bir məlumat əldə edə bilməmişdir. Bundan sonra Binəqədi RPİ-nin DYPŞ-nə getmiş və ona məlum oldu ki, barəsində **-OC-*** dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilə görə tərtib edilmiş protokollardan sadəcə biridir. Belə ki, həmin avtomobil və ya dövlət qeydiyyat nişanı ilə törədilmiş və onun tərəfindən törədildiyi qənaətinə gəlinmiş daha bir çox inzibati xətanın olduğu ona məlum olmuşdur. Həmçinin şikayətçi göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə DİN-nin BDYPİ-nə getmiş, orada, isə ona məlum olmuşdur ki, təxminən 2005-2006-cı illərdə etibarnamə verərək satmış olduğu **-OC-*** dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin dövlət qeydiyyat nişanının itməsi ilə başlı BDYPİ-də 15/7959 saylı, xx.xx.2011-ci il tarixli təlimat məktubu mövcuddur. Lakin həmin tarixdən hal-hazır ki, tarixədək həmin dövlət qeydiyyat nişanın tapılması barədə heç bir hal mövcdu deyil. Buradan da, görünür ki, həmin **-OC- *** dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil texniki şəhadətnamə ilə onun mülkiyyətimdə hələ qalsa da, belə həmin nəqliyyat vasitəsinin sözügedən dövlət qeydiyyat nişanı ilə ümumiyyətlə idarə etməyi heç mümkündə deyil. Halbuki, heç həmin nəqliyyat vasitəsinin heç harada və kimdə, həmçinində həmin dövlət qeydiyyat nişanının harada və kimdə olduğunu belə bilmir. O, hesab edir ki, barəsində tərtib edilmiş protokollar heç bir əsas olmadan tərtib edilmişdir. Belə ki, həmin maddələr də, nəzərdə tutulmuş inzibati xəta tərəfindən törədilməmişdir. Bununla da müəyyən edilir ki, həmin inzibati xəta hadisələrində onun təqsiri yoxdur. Belə ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarət olduğu təqdirdə bu halların heç biri dəqiqləşdirilməmiş və o törətmədiyi inzibati xətaya görə inzibati tənbehə məruz qalmışdır. Şikayətçi yuxarıda göstərilənləri əsas tutaraq, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 14804842 saylı inzibati tənbehvermə haqqında qərarının ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən X2 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 14804842 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. İnzibati orqan AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.Buna görə də, məhkəmə işə inzibati orqan AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin səlahiyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin çıxışını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 14804842 saylı inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 10 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. AR DİN BDYP-in xx.xx.2011-ci il tarixli 15/7959 saylı məktubundan görünür ki, “Mercedes 200D minik” markalı ** OC *** dövlət qeydiyyat nişanlı avtomobilin nömrə nişanı itmişdir. Təsvir olunanlar belə bir haqlı nəticəyə gəlməyə əsas verir ki, X5 “Mercedes 200D minik” markalı ** OC *** dövlət qeydiyyat nişanlı avtomobildən istifadə hüququnun verilməsi barədə başqa şəxsə etibarnamə vermiş, həmin şəxs səlahiyyəti bitməsinə baxmayaraq avtomobili idarə edərək yol hərəkəti qaydalarının pozulması ilə bağlı törətdiyi müxtəlif inzibati xətalara görə inzibati tənbeh vermə haqqında qərarlar sözügedən nəqliyyat vasitəsini idarə etməyən X3 adına tərtib edilmişdir. Qeyd edilən xx.xx.2023-cü il tarixli, EQ 14804842 nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X5 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsinin dispotozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış və bu faktlar, yəni inzibati xətanı törədənin şikayətçi olmadığı DYP tərəfindən araşdırılmamış, protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi tərəfindən təkzibedici sübutları, həmin inzibati xətanın həqiqətən də X5 tərəfindən törədilməsini sübut edən hər hansı bir sənəd məhkəməyə təqdim olunmamışdır. Belə olan halda aydın olur ki, “Mercedes 200D minik” markalı 10OC445 dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyən X3 yol hərəkəti qaydalarını pozub inzibati xəta törətməsi də mümkünsüzdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə on manat məbləğində cərimə edilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir.Həmin Məcəllənin 124.4-cü maddəsinə görə Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür.Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Həmçinin, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 14804842 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməli, həmin qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : Şikayət qismən təmin olunsun. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 14804842 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında materiallar yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi və ya təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar