Məhkəmə qərarları › İş №3(001)-3469/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3469/2023

04.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3469/2023 04.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Aygün Arzu qızının sədrliyi, X2 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3, Protokolu tərtib etmiş İnzibati orqan Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X5, Zərərçəkmiş şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Zərərçəkmiş şəxs aldadılaraq 450 manat pulunun ələ keçirilməsi ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi 40-cı Polis Bölməsi tərəfindən xx.xx.2023ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs aldadılaraq 450 manat pulunun ələ keçirilməsi ilə bağlı onun özü tərəfindən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə müraciət daxil olmuşdur. Şübhəli bilinən Şəxs saxlanılaraq PB-nə gətirilmişdir. Barəsində protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs ondan 450 manat pul alaraq kanalizasiya xətti çəkəcəyinə söz vermiş, lakin verdiyi vədə əməl etməmişdir. Hazırda ondan şikayətçidir və pulunun geri qaytarılmasını xahiş edir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında bildirmişdir ki, zərərçəkmiş şəxsi aldatmaq niyyəti olmamışdır. O bildirmişdir ki, özü ustadır, su və kanalizasiya xəttləri çəkir. O borular almasına və qismən çəkməsinə baxmayaraq işi tamamlaya bilməmişdir. Həmin puldan heç bir vəsait ona qalmaamışdır. Öhdəsinə götürdüyü işi icra edə bilmədiyini qəbul edir və 15-20 gün ərzində 450 manat pulu zərərçəkmiş şəxsə qaytaracağını bildirmişdir. Bu səbəbdən inzibati tənbeh tətbiq edilməməsini xahiş etmişdir. Müdafiəçi hüquqlarını müdafiə etdiyi şəxsin vəziyətini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək, aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Binəqədi RPİ-nin 40-cı PB-nin təhqiqatçısı, polis mayoru Məhərrəm Muxtarovun xx.xx.2023-cü il tarixli qərarına əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə müəyyən etmişdir ki, Şəxs barəsində tərtib edilmiş yuxarıda qeyd edilən protokolda göstərilən hallar iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama əməli inzibati xəta kimi müəyyən edilmişdir. Törədilmiş əməl o halda dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Məhkəmə araşdırması zamanı X1 niyyətinin əvvəlcədən zərərçəkmiş şəxsin pulunu ələ keçirmək niyyəti olduğu, onu aldatması halı sübuta yetirilməmişdir. Şəxs həmin inzibati xətaları törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, tərəflərin məhkəməyə verdiyi izahatları, məhkəməyədək verdiyi yazılı izahatı ilə sübuta yetirilmir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən ona istinad edilən əməlin törədilməsi sübut edilmir, onun əməlində inzibati xəta tərkibi mövcud deyildir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işinə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır. 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 202 saylı 03 may 2018-ci il tarixli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat müəyyən edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs göstərdiyi 05 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 39, 40, 43, 48-53, 61, 105, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Şəxs göstərdiyi 05 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 (otuz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar