Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3474/2023 19.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X2 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, 00100-02133/23 saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs MMC tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək iki gömrük bəyannaməsi üzrə müvəkkil bank hesabına köçürülməli olan, ümumilikdə 200 ABŞ dolları vəsaitin xarici valyuta vəsaitinin ixracatçının müvəkkil bankda olan hesabına köçürülməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi verdiyi izahatında bildirdi ki, təchizatçı şirkət 200 ABŞ dolları vəsaiti az ödəmişdir. Bunun səbəbi isə bank xərclərini nümayəndəsi olduğu hüquqi şəxsin üzərində saxlamaq olmuşdur. Lakin sonradan həmin xarici şirkətlə əlaqə saxlanılaraq əksik ödənilmiş qalıq vəsait hüquqi şəxsin hesabına geri qaytarılmışdır. Əlavə olaraq bildirmişdir ki, gömrük orqanı tərəfindən hüquqi şəxsə göndərilən xəbərdarlıq məktubu müəssisəyə materialalr artıq məhkəmənin icraatına daxil olduqdan sonra poçt vasitəsi ilə çatdırılmışdır. Buna görə zamanında xəbərdarlıqda qeyd edilən pozuntunu aradan qaldırmaq mümkün olmamışdır. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin protokolu tərtib edən İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Buna görə də, məhkəmə İdarənin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb qanunvericiliyin tələbini rəhbər tutaraq hesab edir ki, inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 00100-02133/23 saylı inzibati xəta haqqında protokola əsasən məlum olur ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli hesabdan çıxarışdan görünür ki, Şəxs MMC-nin cari hesabına 200 ABŞ dolları vəsait “Sason” Plastik” tərəfindən "xxxx" QSC vasitəsilə xx.xx.2023-cü il tarixdə köçürülmüşdür. Məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Belə olan halda ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Konstitusiyanın 59-cu maddəsinin tələblərinə uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində valyuta tənzimi qaydasının pozulmasına görə məsuliyyətin nəzərdə tutulması sahibkarlıq sahəsində dövlət maraqlarının müdafiəsi, o cümlədən beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması, valyuta nəzarətinin effektivliyinin artırılması, ölkədə maliyyə sabitliyinin təmin edilməsi məqsədi daşıyır. Qeyd etmək lazımdır ki, son dövrlər ölkədə sahibkarlığa dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsi, sahibkarlığın inkişafı məqsədi ilə biznes mühitinin daim yaxşılaşdırılması, sahibkarlıq sahəsində dövlət maliyyələşmə mexanizminin daha da təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi, sahibkarlığın inkişafı sahəsində normativ-hüquqi sənədlərin qəbulu və qanunvericilik bazasının təkmilləşdirilməsi dövlətin iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir. Sahibkarlıq fəaliyyəti mahiyyət etibarı ilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlər göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən sahələr üzrə sahibkarın həyata keçirdiyi müstəqil bir iqtisadi fəaliyyət növüdür. Mülki Məcəllənin 13-cü maddəsinə uyğun olaraq sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Məhkəmə hesab edir ki, hüquqi şəxsə xarici iqtisadi fəaliyyət müqabilində Azərbaycan Respublikasının müvəkkil edilmiş baankının hesabına məcburi qaydada köçürülməli olan az miqdarda milli valyutaya nisbətdə 340 AZN, yəni 200 ABŞdollarında vəsaitin xx.xx.2023-cü il tarixdə xarixdən geri qaytarılması təmin edilmişdir. Belə olan halda Şəxs MMC-nin inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsi üçün heç bir əsas mövcud deyildir. Əks halda hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsi ilə qanunun tətbiqində yanlışlığa yol verilmiş və ya yanlış təfsiri nəticəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin hüquqları və qanunla qorunan mənafeləri pozulmuş olar. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məcəllənin 10-cu maddəsinə əsasən dövlət orqanları (qurumları) və bələdiyyələr inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq şüurunun və mədəniyyətinin yüksəldilməsi və Azərbaycan Respublikasının qanunlarına ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayır və həyata keçirirlər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işüzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, MMC tərəfindən Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması təmin edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 40, 43, 48-53, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 00100-02133/23 saylı inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-3474/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3474/2023
19.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver