Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3481/2021 25.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair toplanmış inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş 05.10.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib olunmuş 05.10.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs 219500.00 Avro məbləğində olan vəsaiti bank hesabından 19 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Ödənişin aparıldığı gündən 2 ildən artıq müddətin keçməsinə baxmayaraq, 219500.00 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 20 iyul 2021-ci il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (nümayəndəsi) və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: 18.07.2019-cu il tarixli “Köçürmə haqqında ərizə”dən görünür ki, Şəxs tərəfindən "xxxx" ASC-də olan hesabdan 219500.00 Avro məbləğində pul vəsaiti “Teledyne Reson A/S” şirkətinin hesabına köçürülmüşdür. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş 09.09.2021-ci il tarixli məktubdan görünür ki, Şəxs tərəfindən 219500.00 Avro məbləğində olan vəsaiti bank hesabından Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin MMC tərəfindən banka görmek bəyannamələri, aktlar və ya pul vasitələrinin geri qaytarılması təsdiq edən müvafiq sənədlər təqdim edilməmişdir. Beləliklə, müəyyən edilmişdir ki, Şəxs 219500.00 Avro məbləğində xarici valyutada olan vəsaiti 19 iyul 2019-cu il tarixdə bank vasitəsilə Azərbaycan Respublikasından kənara köçürmüş və qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində 219500.00 Avro dəyərində malları ölkəyə idxal etməmişdir. Azərbaycan Respublikası Mərkəzi X1 28.11.2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində İXM-in 430.4cü maddəsinin tərkib əlamətləri mövcuddur və tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Lakin Şəxs əməlində qeyd olunan maddənin inzibati xəta tərkibi olsa da, cəmiyyətin məsuliyyətə cəlb etmə müddəti keçdiyindən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi, Şəxs tərəfindən müəyyən məbləğdə xarici valyutada olan vəsaiti 19 iyul 2019-cu il tarixdə bank vasitəsilə Azərbaycan Respublikasından kənara köçürsə də, qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində, 19 iyul 2021-ci il tarixədək həmin vəsait hesabına alınmış malları ölkəyə idxal etməmişdir. Nəticədə Şəxs tərəfindən 20 iyul 2021-ci il tarixdə İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmiş və barəsində həmin maddə ilə 05 oktyabr 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göründüyü kimi, Şəxs tərəfindən İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədildiyi vaxtdan hazıradək üç aydan artıq müddət keçmişdir. Qanunvericilik isə şəxsin İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddətini üç ay olaraq müəyyən etmişdir. İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İXM-in 430.4-cü maddəsi həmin Məcəllənin “İqtisadi fəaliyyət qaydaları əleyhinə olan inzibati xətalar” adlı 34-cü fəslinə aid olmaqla sözügedən inzibati xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddətinin yuxarıda göstərilən İXM-in 38.1-ci maddəsinin üç aylıq hissəsinə daxil olduğunu göstərir. Ona görə də, məhkəmə Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, lakin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 8, 38, 43, 53, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-3481/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3481/2021
25.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver