Məhkəmə qərarları › İş №3(001)-3487/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3487/2021

02.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3487/2021 02.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, Şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş 04.10.2021ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokola əsasən Şəxs Açıq Səhmdar Cəmiyyəti 17304.00 ABŞ dolları məbləğində vəsaiti bank hesabından 05.09.2019-cu il tarixdə xaricə köçürmüş və 2 il keçsə də, 17304.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 06.09.2021-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti Şri-lanka şirkəti olan “Enine PVT LTD“ ilə bağlanmış 29.04.2019 tarixli, 1 nömrəli Müqaviləyə əsasən 05 sentyabr 2019-cu il tarixində 19.08.2019 tarixli 03/CTC/2019 nömrəli invoysa əsasən şirkətin hesabına 17304 (on yeddi min üç yüz dörd) ABŞ dolları məbləğində vəsaiti 24000 (iyirmi dörd min) ədəd kokos lifi malının satın alınması üçün avans olaraq köçürmüşdür. Malın ümumi invoys dəyəri 24720( iyirmi dörd min yeddi yüz iyirmi) ABŞ dolları təşkil edir. Yerdə qalan 7416 (yeddi min dörd yüz on altı) ABŞ dolları məbləğ isə 16 iyul 2019-cu il tarixində köçürülmüşdür. Sifariş olunan yük 04.10.2019-cu il tarixində şirkət tərəfindən qəbul edilmiş və **********7452 nömrəli bəyannamə ilə 61 gömrük prosesi kodu altına saxlanca çıxarılaraq rəsmiləşdirilmişdir. 30.09.2021-ci il tarixində isə həmin yük üzrə 61 gömrük prosesi kodu altında saxlancdan çıxarılmış və **********5348 nömrəli bəyannamə ilə 40 idxal gömrük prosesi kodu altında rəsmiləşdirilmişdir. Ona görə də, Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: 04.09.2019-cu il tarixli “Köçürmə haqqında ərizə”dən görünür ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" ASC-də olan hesabdan 17304 (on yeddi min üç yüz dörd) ABŞ dolları məbləğində pul vəsaiti «ENİNE (PVT) LTD» şirkətinin hesabına köçürülmüşdür. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş 10.09.2021-ci il tarixli məktubdan görünür ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti 05.09.2019cu il tarixdə "xxxx" ASC-dən 01 say 29.04.2019-cu il tarixli müqaviləyə əsasən avans olaraq 17304 (on yeddi min üç yüz dörd) ABŞ dolları köçürməsi olmuşdur, lakin Şəxs Açıq Səhmdar Cəmiyyəti banka yük Gömrük Bəyannaməsi təqdim etməmişdir. 04.10.2019-cu il tarixli, **********7452 nömrəli Gömrük bəyannaməsindən görünür ki, 04.10.2019-cu il tarixində Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən «ENİNE (PVT) LTD» şirkətinin hesabına köçürülmüş vəsait hesabına alınan mallar **********7452 nömrəli bəyannamə ilə 61 gömrük prosesi kodu altına saxlanca çıxarılıb rəsmiləşdirilmişdir. 30.09.2021-ci il tarixli, **********5348 nömrəli Gömrük bəyannaməsindən görünür ki, 30.09.2021-ci il tarixdə 04.10.2019-cu il tarixli, **********7452 nömrəli Gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş yük üzrə 61 gömrük prosesi kodu altında saxlancdan çıxarılmış və **********5348 nömrəli Gömrük bəyannaməsi ilə 40 idxal gömrük prosesi kodu altında rəsmiləşdirilmişdir. Məhkəmə, nümayəndənin izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs Açıq Səhmdar Cəmiyyətinin əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" ASC-dən köçürülmüş 17304 (on yeddi min üç yüz dörd) ABŞ dolları məbləğində olan vəsait hesabına alınan malları 04.10.2019-cu il tarixdə ölkəyə idxal edilmiş, lakin həmin yüklər saxlanca verildiyindən banka məlumat verilməmişdir. Qeyd olunan hallar 04.10.2019-cu il tarixli, **********7452 nömrəli və 30.09.2021-ci il tarixli, **********5348 nömrəli Gömrük bəyannamələri ilə öz təsdiqini tapır. Ona görə də, məhkəmə Şəxs Açıq Səhmdar Cəmiyyətinin əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 04.10.2021-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs Açıq Səhmdar Cəmiyyətinin əməlində İXM-in 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 04.10.2021-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs Açıq Səhmdar Cəmiyyətinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar