Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3500/2024 12.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsi X2, şikayət vermiş şəxsin nümayəndəsi X3 iştirakları ilə, X4 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X8 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində idarə etdiyi Chevrolet markalı ** XO *** DQN-li avtomobil ilə Mirzə Məhəmməd xan küçəsindən dönmə işığını yandıraraq Ağamalıoğlu küçəsinə dönmə əməliyyatını icra edən zaman arxadan gələn ** AK *** DQN-li avtomobilin sürücüsü YHQ-un 51-ci maddəsinin tələblərini pozaraq yol ayrıcında ötmə və sağdan keçməli olduğu zaman qarşı tərəf hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı icra edərək YNH-si baş vermişdir. Hadisə yerinə Binəqədi DYPŞ-nin Həsənli Şəhriyar adlı əməkdaşı yaxınlaşmış, qarşı tərəfin izahatı alınmadan,hansısa maraqlara əsasən hadisəyə səbəbkar və günahkar olan sürücüyə deyil,iXM-nin 101-ci maddəsinin tələblərini pozaraq mənə İXP6073252 saylı protokol tərtib etmiş və TP ******* saylı qərar qəbul etmişdir. Qeyd edilən hal ilə bağlı Binəqədi Məhkəməsinə müraciət etmiş, məhkəmənin 3(001)-2258/2024 saylı qərarına əsasən Binəqədi DYPŞ tərəfindən çıxarılmış qərara xitam verilmişdir. İnzibati orqanın nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən, inzibati orqanın iş üzrə natamam araşdırma aparıldığı müəyyən edilərək, digər iştirakçısı X6 izahatı natamam alınması, yol-nəqliyyat hadisəsinin sxemində hadisənin toqquşma anı qeyd edilsə də real hadisənin baş vermə mezanizmi göstərilməmiş, həmçinin hadisənin baş vermə mexanizmi inzibati xəta haqqında protokolu tərtib edən inzibati orqanın səlahiyyətli nümayəndəsi tərəfindən dəqiq müəyyən edilməmiş və bununla da inzibati orqan tərəfindən natamam araşdırma aparıldığı müəyyən edilmişdir. İnzibati orqan tərəfindən hətta hadisə baş verən küçənin adı belə düzgün qeyd edilməmişdir, hadisə sxemi düzgün tərtib edilməmişdir. Məhkəmə tərəfindən çıxarılan qərarə əsasən işin yenidən araşdırılması Binəqədi DYPŞ-yə göndərilmişdir.Binəqədi DYPŞ əməkdaşları tərəfindən heç bir əlavə araşdırma aparılmadan, sürücülərin izahatları alınmadan, hadisənin real baş verdiyi küçəyə getmədən və baxmadan, hansısa maraqlara əsasən yenidən TP ******* saylı qərar qəbul edilmişdir. Odur ki, TP ******* saylı qərarın ləğv edilməsi haqda qərar qəbul edilməsi, işin Binəqədi DYPŞ-dǝn alınaraq daha yuxarı orqana araşdırılması üçün göndərilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxsin nümayəndəsi X7 bildirmişdir ki, 24 fevral 2024-cü il tarixdə oğlu ilə birlikdə avtomobil ilə evdən çıxmışlar. Mirzə Məhəmməd xan küçəsindən dönmə işığını yandıraraq Ağamalıoğlu küçəsinə dönmə işığını yandırıb, sola dönmə əməliyyatı yerinə yetirən zaman arxadan gələn nəqliyyat vasitəsi YHQ-un 51-ci maddənin tələblərini pozaraq yol ayrıcında ötmə əməliyyatı etmişdir. Sağdan keçməli olduğu halda qarşı yola çıxmış və toqquşma baş vermişdir. Hadisə yerindən də yayınmışdır. Bundan sonra arxasınca gedərək avtomobili saxlatdırmışdır. 102 xidmətinə 5 dəfə məlumat vermişlər. 1 saat 40 dəqiqə sonra dövlət yol polisinin əməkdaşları hadisə yerinə gəlmişdir. Daha sonra qarşı tərəfi yalançı şahid kimi onun üzünə durduraraq 4-cü polis şöbəsinə onu aparmışlar. O, polis şöbəsində haqlı olduğunu sübut etmişdir. 19 aprel 2024-cü il tarixində qərar qəbul olunub ki, hadisə düzgün araşdırılmamışdır. Məhkəmənin də qərarı qanuni qüvvəyə minəndən sonra yol polisi şöbəsinə vermişdir. Dəfələrlə orada bildirmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı var, qarşı tərəfi çağırıb izahatı alınmalı, sxem düzgün tərtib olunmalıdır. Ona qərarın dəyişilməyəcəyi və tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılacağı bildirilmişdir. O isə yenə şikayət verəcəyini söyləmişdir. Avtomobilə həbs veriləndən sonra köhnə tarixlə qərar çıxarılmışdır. 03 iyun 2024-cü il tarixədək qərar icra olunmamışdır. 03 iyun 2024-cü il tarixdə YPŞ köhnə tarixlə 25 may 2024-cü il tarixli qərar qəbul etmişdir. Bununla bağlı mən aidiyyatı qurumlara da şikayət etmişdir. Məhkəmədən şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsi X5 bildirmişdir ki, ilk dəfə qərar qəbul etmiş əməkdaş hal-hazırda Binəqədi DYPŞ-də çalışmır. Məhkəmə qərarından sonra hansı hərəkətlər aparılıb, onunla bağlı məlumatı yoxdur. Məhkəmədən şikayətin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)- 2258/2024 saylı qərarından görünür ki, xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmişdir. TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq nəticəyə gəlir ki, X8 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, X8 barəsində qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, səlahiyyətli orqandan tərəfindən X4 İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qənaətinə gəlinmişdir. Lakin məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən X4 İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam olaraq müəyyən edilə bilməmiş, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan da bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən sübutlar məhkəməyə təqdim edilmədiyindən hazırkı işə mahiyyəti üzrə baxılaraq düzgün qərar qəbul edilməsi mümkün deyildir. Bundan başqa qeyd edilməlidir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)-2258/2024 saylı qərarı ilə TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsə də, səlahiyyətli orqan tərəfindən məhkəmə qərarında göstərilmiş hallar araşdırılmamış, məhkəmə qərarında göstərilməmiş pozuntular aradan qaldırılmadan təkrar olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, səlahiyyətli orqanın nümayəndəsi tərəfindən şəxsin təqsirli olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən, həmçinin TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən məhkəmə hesab edir ki, şikayət qismən əsaslıdır. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli orqan inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən düzgün qərar qəbul etməmişdir. Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X4 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, hazırki material üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın təmin edilməsi üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılmalı, şikayətçinin iştirakı təmin edilməklə göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, şikayətçinin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməli, iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi məqsədi ilə yenidən araşdırma aparılan zaman hadisə yerini müşahidə edən kamera görüntülərinin olub-olmaması müəyyən edilməli, olduğu halda həmin görüntülər əldə edilməli və yalnız iş üzrə bütün əhəmiyyətli hallar araşdırılaraq həmin hallara düzgün hüquqi qiymət verildikdən sonra iş üzrə yekun nəticəyə gəlinməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə, şikayət vermiş şəxs X4 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X4 barəsində Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, yuxarıda göstərilənlər nəzərə alınmaqla iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinə geri göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-3500/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3500/2024
12.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver