Məhkəmə qərarları › İş №3(001)-3510/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3510/2020

29.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3510/2020 29.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X4 məsləhətçimüfəttişi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «Xaçın Çay» Təmir-Tikinti Kooperativinin direktoru X1 iştirakları ilə, «Xaçın Çay» Təmir-Tikinti Kooperativi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 275.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X8 tərəfindən «Xaçın Çay» Təmir-Tikinti Kooperativi barəsində İXM-in 275.2ci maddəsi ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X4 məsləhətçi-müfəttişi X5 izahatında bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə daxil olmuş məlumat əsasında xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 2-ci mədən, korpus 100, ev 303 ünvanının ətraf ərazilərində səs-küy çirklənməsinin monitorinqi keçirilmişdir. Monitorinqin məqsədi qeyd olunan ünvanda yerləşən taxta sexinin fəaliyyətdə olduğu müddətdə yaratdığı səs-küy çirklənməsinin tədqiqindən ibarət olmuşdur. Ölçmə işləri sabit hava şəraitində saat 11–12 radələrində səyyar “SOUNDLEVELMETR” cihazı vasitəsi ilə aparılmış və səs-küy çirklənməsinin səviyyəsi 67.3 dBA təşkil etmişdir. Normada isə səs-küy çirklənməsinin səviyyəsi 60 dBA dan yuxarı olmamalıdır. Nəticədə, Bakı şəhəri, Binəqədi rayonu, 2-ci mədən, korpus 100 ünvanında yerləşən «Xaçın Çay» tikinti kooperativinə məxsus ağac emalı sexində səs-küy çirklənməsinin səviyyəsi 67.3 dBA təşkil etməsi ətraf mühit üçün yol verilən hədd normasından artıq olmuşdur ki, tərəfindən «Xaçın Çay» Təmir-Tikinti Kooperativi barəsində İXM-in 275.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə də, məhkəmədən «Xaçın Çay» Təmir-Tikinti Kooperativinin inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «Xaçın Çay» Təmir-Tikinti Kooperativinin direktoru X3 izahatında bildirmişdir ki, «Xaçın Çay» Təmir-Tikinti Kooperativinin direktoru olmaqla həmin şirkət Bakı şəhəri, Binəqədi rayonu, 2-ci mədən, korpus 100 ünvanında yerləşir və həmin ünvanda ağac emalı ilə məşğul olur. Həmin ünvanda yerləşən ağac emalı sexindən təxminən 70 metr aralıda Fatma Muradova adlı şəxsin özbaşına tikilisi yerləşməklə sonuncu həmin yerdə yaşayır. Fatma Muradova onun sexinin yerləşdiyi əraziyə torpaq iddiası olduğundan aralarında uzun müddətdir ki, ədavət mövcud olmuş və sonuncu ondan müxtəlif dövlət orqanlarına əsasız şikayətlər etmişdir. X9 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət etmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə iş yerində olan zaman Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları onun iş yerinə gəlmiş və monitorinq əsasında səs-küy çirklənməsi ilə əlaqədar ölçmə işləri aprılmışlar. Həmin qurumun əməkdaşları ölçmə işlərini sexin içərisində aparsa da, sexdən kənar ərazidə ölçmə işlərinin aparılmasını görməmişdir. Hesab edir ki, ölçmə işləri təkcə sexin içərisində deyil, sexin ətraf ərazilərində də aparılmalı idi. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə monitorinq keçirilən zaman sexdə yerləşən dəzgahda nasazlıqlar olmuş, lakin yoxlamadan sonra onun tərəfindən həmin nasazlıqlar aradan qaldırılaraq dəzgahın alt hissəsi betonlanmış və nasaz olan detal (poçevnik) dəyişdirilmişdir. Odur ki, hazırda həmin cihazın nasazlığı aradan qaldırıldığı üçün səs-küy səviyyəsi azalmışdır. Ona görə də, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X8 tərəfindən «Xaçın Çay» Təmir-Tikinti Kooperativi barəsində tərtib edilmiş protokolun əsassız hesab edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dəvət edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin baş mütəxəssisi X6 izahatında bildirmişdir ki, idarəyə daxil olmuş məlumat əsasında xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 2-ci mədən, korpus 100, ev 303 ünvanının ətraf ərazilərində səs-küy çirklənməsinin monitorinqi keçirilmiş və həmin monitorinqdə iştirak etmişdir. Ölçmə işləri tərəfindən aparılmış və həmin əməliyyat müəssisə daxilində deyil, müəssisə ətrafı ərazilərdə aparılmışdır. Bu zaman ümumi səviyyə hesablanaraq «Xaçın Çay» Təmir-Tikinti Kooperativinin orta hesabla yaratdığı səs-küy çirklənməsi hesablanaraq 67.3 dBA təşkil etməsi müəyyən edilmişdir ki, bu da ətraf mühit üçün yol verilən hədd normasından artıq olduğunu göstərir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, ölçmə işləri müəssisənin daxilində deyil ətrafında təxminən 5-6 yerdə aparılmış, bundan sonra ümumi səviyyə çıxarılmış və səsküy çirklənməsinin səviyyəsinin 67.3 dBA olması müəyyən olmuşdur. Ölçmə işləri sexin ətrafında aparılan zaman X3 da dəvət edilmiş, lakin sonuncu bundan imtina etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli, 0137 nömrəli monitorinq aktından görünür ki, xx xxxxxx 2020ci il tarixdə idarəyə daxil olmuş məlumat əsasında xx xxxxxxxx 2020-ci il tarixdə keçirilmiş monitorinq zamanı Bakı şəhəri, Binəqədi rayonu, 2-ci mədən, korpus 100 ünvanında yerləşən «Xaçın Çay» tikinti kooperativinə məxsus ağac emalı sexində səs-küy çirklənməsinin səviyyəsi 67.3 dBA təşkil etməsi və səs-küy çirklənməsinin ətraf mühit üçün yol verilən hədd normasından yüksək olması müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 2-ci mədən, korpus 100 ünvanında yerləşən «Xaçın Çay» tikinti kooperativinə məxsus ağac emalı sexində xx.xx.2020-ci il tarixli 0137 saylı monitorinq aktına əsasən səs-küy səviyyəsinin normadan artıq (67.3 dBA) olması müəyyən edilmişdir. Nəticədə, «Xaçın Çay» Təmir-Tikinti Kooperativi tərəfindən İXM-in 275.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, iş materiallarını tam, hər tərəfli və əhatəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, «Xaçın Çay» Təmir-Tikinti Kooperativinin İXM-in 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarından və məhkəmə iclasında toplanmış sübutlardan müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 2-ci mədən, korpus 100 ünvanında yerləşən «Xaçın Çay» tikinti kooperativinə məxsus ağac emalı sexində xx.xx.2020-ci il tarixli 0137 saylı monitorinq aktına əsasən səs-küy səviyyəsinin normadan artıq, yəni 67.3 dBA səviyyəsində olmuşdur. Halbuki, Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları üzrə mikrorayonlar və yaşayış binaları qrupları, istirahət evləri, pansionatlar, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin istirahət meydançaları, məktəbəqədər, ümumi və digər təhsil müəssisələrinin meydançalarında səs çirklənməsinin maksimal səviyyəsi 60 dBA olaraq müəyyən edilmişdir. “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri” Normalarının 1.1-ci bəndinə əsasən ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa, “Sanitariya və epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır. Həmin Normaların 1.2-ci bəndinə əsasən bu normalar yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisi, habelə insanların cəmləşdiyi digər yerlərdə səs-küyün yolverilən səviyyələrini və vibrasiyaya olan tələbləri müəyyənləşdirir. Bu normalar xüsusi təyinatlı yerlərə (radio-, tele-, kinostudiyalara, konsert və teatr zallarına, idman saraylarına) şamil edilmir. Həmin Normaların 1.3-cü bəndinə əsasən bu normalara mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün hüquqi və fiziki şəxslər tərəfindən riayət edilməlidir. “Ekoloji Təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən bu Qanun hüquqi və fiziki şəxslərin, dövlət və yerli özünüidarəetmə orqanlarının, onların vəzifəli şəxslərinin fəaliyyətinin həyata keçirilməsi zamanı ekoloji təhlükəsizlik sahəsində münasibətləri tənzimləyir. Bu Qanunun məqsədi insanın həyatını və sağlamlığını, cəmiyyəti, onun maddi və mənəvi dəyərlərini, ətraf mühiti, o cümlədən atmosfer havası, kosmik fəza, su obyektləri, yerin təki, torpaq, təbii landşaft, bitki və heyvanlar aləmini təbii və antropogen amillərin təsiri nəticəsində yaranan təhlükələrdən qorumaq üçün hüquqi əsasları müəyyən etməkdir. Həmin Qanunun 4-cü maddəsinin 1.7-ci bəndinə əsasən ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsi səviyyələrinin nizama salınması insanın, cəmiyyətin və dövlətin təhlükəsizliyinin tərkib hissəsi olaraq ekoloji təhlükəsizlik sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Həmin Qanunun 5-ci maddəsinin 2.6-cı bəndinə əsasən ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsi normalarının müəyyən etmək ekoloji təhlükəsizlik sahəsində dövlətin vəzifələrindən biri hesab olunur. Həmin Qanunun 13-cü maddəsinin 3-cü bəndinə əsasən bu Qanunun və ekoloji təhlükəsizlik sahəsində digər normativ hüquqi aktların pozulmasına görə məsuliyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. İXM-in 275.2-ci maddəsinə əsasən ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə-fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan qanunvericiliyin tələblərindən müəyyən edilmişdir ki, Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları üzrə mikrorayonlar və yaşayış binaları qrupları, istirahət evləri, pansionatlar, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin istirahət meydançaları, məktəbəqədər, ümumi və digər təhsil müəssisələrinin meydançalarında səs çirklənməsinin maksimal səviyyəsi 60 dBA səviyyəsindən yuxarı olmamalıdır. Qeyd olunan hal üzrə çirklənmənin səviyyəsinin 60 dBA ölçüdən artıq olması ətraf mühitə mənfi təsir göstərir və qanunvericiliyin tələblərinə əsasən inzibati məsuliyyətə səbəb olur. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, «Xaçın Çay» Təmir-Tikinti Kooperativi tərəfindən İXM-in 275.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmədə tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə, «Xaçın Çay» Təmir-Tikinti Kooperativinin İXM-in 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri məhkəmədə tam sübuta yetirildiyindən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqi şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, «Xaçın Çay» Təmir-Tikinti Kooperativi İXM-in 275.2-ci maddəsi ilə təqsirli bilinməli və ona inzibati tənbeh olaraq həmin maddədə göstərilən həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: «Xaçın Çay» Təmir-Tikinti Kooperativi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, hüquqi şəxs qismində 8000 (səkkiz min) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar