Məhkəmə qərarları › İş №3(001)-3516/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3516/2022

01.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3516/2022 01.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 529.3-cü maddəsi ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla İXM-in 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 50 (əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Şəxs həmin qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyindən barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən İXM-in 529.3-cü maddəsi ilə xx.xx.2022-ci il tarixli, İXP ******* saylı protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin proses iştirakçıları məhkəməyə gəlməmiş, işə baxılmanın təxirə salınması haqqında məhkəməyə vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq proses iştirakçılarının iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DYP Portal çıxarışından və xx.xx.2022-ci il tarixli, EQ 10285624 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərardan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə idarə etdiyi «MERCEDES BENZ ML350» minik markalı, ** MZ *** dövlət qeydiyyat nömrəli avtomobili idarə edərkən İXM-in 469.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 50 (əlli) manat məbləğində cərimə edilmişdir. İXM-in 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Göründüyü kimi qanunvericilik İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətin yaranması üçün əsas yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsini müəyyən etmişdir. Lakin iş materiallarında görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə idarə etdiyi «MERCEDES BENZ ML350» minik markalı, ** MZ *** dövlət qeydiyyat nömrəli avtomobili idarə edərkən İXM-in 469.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə təqsirli bilimişdir. İXM-in 469.3-cü maddəsi, yəni icbari sığorta müqaviləsinin bağlanmaması isə inzibati qanunvericiliyin vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalar adlı 36-cı fəslinə daxil edilmiş inzibari xətalardan biridir. Başqa sözlə İXM-in 469.3-cü maddəsi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar kateqoriyasına aid olmadığından həmin maddə üzrə cərimənin ödənilməməsi İXM-in 529.3-ci maddəsinin tərkib əlamətini yaratmır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə müəyyən olunmuş inzibati xəta tərkibi olmadığı üçün xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar