Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3519/2025 30.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Tural Tural oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş inzibati qurumun nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi X2 iştirakları ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs (MMC) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi Şəxs MMC tərəfindən İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair 21 fevral 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati xəta haqqında protokol” tərtib edilərək, baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, Şəxs MMC-nin sabiq fəhləsi X1 20 sentyabr 2024-cü il tarixdə, saat 16:45 radələrində xəsarət alması, həmin gün saat 19:40-da ölümü ilə nəticələnmiş istehsalatda bədbəxt hadisənin təhqiqatı aparılmış, təhqiqatın nəticəsi olaraq DƏMX-in icrası məcburi olan göstərişi Şəxs MMC tərəfindən icra edilməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş inzibati qurumun nümayəndəsi X6 protokolu müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, X5 Xidmərinin 14 oktyabr 2024-cü il tarixli əmri ilə Şəxs MMC-nin fəhləsi X1 20 sentyabr 2024-cü il tarixdə, saat 16:45 radələrində xəsarət alması, həmin gün saat 19:40-da ölümü ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatı aparılmışdır. “İstahsalatda baş verən bədbəxt hadisələrin tədqiqi və uçota alınması Qaydaları”nın 4 nömrəli əlavəsinə uyğun olaraq Komissiya tərəfindən tərtib edilmiş Təhqiqat aktının 5-ci bölməsində hadisənin baş verməsinə səbəb olmuş amillərin aradan qaldırılması və gələcəkdə baş verməməsi üzrə 10 sayda tədbirin yerinə yetirilməsi ilə bağlı MMC-yə icrası məcburi göstəriş göndərilsə də, həmin tələblərin yerinə yetirilməsi və nəticəsi barədə 30 gün ərzində DƏMX-yə məlumat verilməsi MMC tərəfindən icra edilməmişdir. Xidmətə bu tədbirlərin yerinə yetirilməsi ilə bağlı hər hansı cavab məktubu və sənəd daxil olmamışdır. MMC-yə tələblərin icra edilməməsi ilə bağlı İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta üzrə məsuliyyəti barədə məlumat verilsə də, MMC tərəfindən hərəkətsizlik nümayiş etdiriyindən, hazırki protokol tərtib edilmişdir. Sonda A.Ə.Məmmədov Şəxs MMC barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X4 izahatında göstərdi ki, DƏMX tərəfindən verilmiş bütün icrası məcburi göstərişlər yerinə yetirilmiş, buna dair təsdiqedici sənədləri 13 mart 2025-ci il tarixli, 007/2024 saylı müşaiyət məktubu ilə şəxsən özü DƏMX-yə təqdim etmişdir. Lakin, sənədləri təqdim etməsi ilə bağlı hər hansı təsdiqedici sənəd almamışdır. İcrası məcburi göstərişdə qeyd olunan tədbirlərin bir qisminin yerinə yetirilməsi üçün göstərişdə nəzərdə tutulan müddətdən daha çox vaxt tələb olunmuşdur. Onların yeganə səhvi bu barədə DƏMX məlumat verməmək olmuşdur. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan: - X5 Xidməti Bakı şəhər İdarəsinin Şəxs MMC-yə ünvanladığı 20 noyabr 2024-cü il tarixli, 3-17-5/3-2-1087/2024-2 nömrəli məktubda göstərilmişdir ki, ... bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada İZ formalı akt tərtib edilməli və onun 1 nüsxəsi mütləq zərərçəkən işçiyə (və ya ailə üzvlərinə) təqdim olunmalıdır. Odur ki, məktubu aldıqdan bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada X1 xx.xx.2024-cü il tarixdə, saat 16:45 radələrində xəsarət alması, həmin gün saat 19:40-da ölümü ilə nəticələnmiş bədbəxt hadisənin İZ formalı aktla rəsmiləşdirilməsi, bir nüsxəsinin mütləq zərərçəkənin ailə üzvünə və X5 Xidmətinə təqdim olunması xahiş olunur. - Şəxs MMC tərəfindən X5 Xidmətinin Bakı şəhər idarəsinə ünvanladığı 13 dekabr 2024-cü il tarixli, 007/2024 saylı məktubda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixli, 3-17- 5/3-2-1087/2024-2 nömrəli məktubuna cavab olaraq bildiririk ki, xx.xx.2024-cü il tarixdə Şəxs MMC-nin İstehsalat sahəsində baş vermiş bədbəxt hadəsinin səbəblərinin aradan qaldırılması üçün bizə ünvanladığınız məktubda qeyd etdiyiniz tədbirlər yerinə yetirilmişdir. - DƏMX-in Şəxs MMC-yə ünvanladığı 05 dekabr 2024-cü il tarixli “icrası məcburi göstəriş”dən görünür ki, bədbəxt hadisələrin baş verməməsi üçün 10 sayda tədbirin yerinə yetirilməsi və nəticəsi barədə 30 gün ərzində X5 Xidmətinə məlumat verilməsi tələb olunmuşdur. Bu tədbirlər aşağıdakılardır:
1. Bədbəxt hadisənin şəraiti və səbəbləri Şəxs MMC-də müzakirə edilsin və protokollaşdırılsın.
2. Cəmiyyətin bütün işçiləri ilə ƏM və TT qaydaları üzrə növbədənkənar təlimat keçirilsin və qeydiyyatı aparılsın.
3. İstehsalat sahəsində iş rəhbəri (sex rəisi, müavini və ya digər cavabdeh şəxslər) daim iş yerində olmaqla işçilər tərəfindən texniki təhlükəsizlik qaydalarına riayət edilməsinə, fərdi mühafizə vasitələrindən istifadə edilməsinə nəzarət etsinlər.
4. Təhlükə potensiallı qurğuları istismar etmək üçün xüsusi vəsiqəyə malik olmayan operator və köməkçilər işə buraxılmasınlar.
5. Yükdaşıma qabiliyyəti 20/5 ton olan elektrik körpülü kran əməyin təhlükəsizliyi tələblərinə uyğunlaşdırılanadək fəaliyyəti dayandırılsın.
6. Təhlükə potensiallı qurğular qanunvericilikdə müəyyən edilmiş müddətdə texniki müayinədən keçirilsinlər.
7. İlməkçi vəzifəsini yerinə yetirmək üçün xüsusi təhsil almamış və müvafiq vəsiqələr verilməmiş işçilərin yükqaldırma işlərinin yerinə yetirməsinə buraxılmasınlar.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstahsalatda baş verən bədbəxt hadisələrin tədqiqi və uçota alınması Qaydaları”nın 4.3-cü bəndinə əsasən, istehsalatda bədbəxt hadisələrin qarşısının alınması üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsi təmin edilsin.
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin hədqiqi və uçota alınması Qaydaları”nın 4.5-ci bəndinə uyğun olaraq, əməyin mühafizəsi tələblərinin pozulmasına yol vermiş şəxslərin cəzalandırılması barədə müvafiq tədbirlər görülsün.
10. Görülmüş tədbirlər barədə X5 Xidmətinə məlumat verilsin. (Təsdiqedici sənədlər əlavə edilməklə). - Şəxs MMC tərəfindən məhkəməyə ünvanlanmış 12 may 2025-ci il tarixli, 024/2025 nömrəli məktubda göstərilmişdir ki, “... Xidmət tərəfindən verilmiş bütün icrası məcburi göstərişlər yerinə yetirilmişdir. Eyni zamanda, icrası məcburi göstərişlərin yerinə yetirilməsinə dair təsdiqedici sənədlər 007/2024 saylı, xx.xx.2025-ci il tarixli məktubla X5 Xidmətinə təqdim edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən maddə üzrə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, İXM-nin 539.1-1-ci maddəsində əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli və hüquqi şəxslərin məsuliyyəti nəzərdə tutulmuşdur. Şəxs MMC həm məhkəməyə ünvanladığı məktubda, həm də nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında X5 Xidməti tərəfindən icrası məcburi göstərişlərin icra edildiyi və bu barədə məlumatın müvafiq sənədlərlə birlikdə DƏMX-ə təqdim edildiyini göstərsələr də, bunu təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. X5 Xidmətinin nümayəndəsi X6 da məhkəmədə verdiyi izahatında Şəxs MMC-nin nümayəndəsinin Xidmətə təqdim etdiyini iddia etdiyi 007/2024 saylı, xx.xx.2025-ci il tarixli məktubun Xidmətə daxil olmadığını bildirmişdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir Beləliklə məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXMin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə R A R A A L D İ:
Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 2000 manat cərimə cəzası təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Samir Nəsibov