Məhkəmə qərarları › İş №3(001)-3562/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3562/2023

15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3562/2023 15.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Hüseynov Xəyal Nemət oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 vəkili Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 00100/01027 saylı inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 00100/01027 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən 09 mart 2023-cü il tarixində barəsində İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinin tələblərinin pozulması ilə bağlı inzibati xəta haqqında iş üzrə icraat başlamış və inzibati araşdırılma aparılmışdır. Aparılmış araşdırılmanın nəticəsi olaraq 20 aprel 2023-cü il tarixində inzibati araşdırmanın başa çatması ilə əlaqədar inzibati xəta haqqında protokol tərtib edilmişdir. 01 may 2023-cü il tarixində isə inzibati xəta haqqında protokolun nəticələrinə dair 00100/01027 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 482.2ci maddəsinin tələblərini pozmağı iddia edilərək 6506.40 manat məbləğində inzibati cərimələnmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X1 vəkili Nümayəndə şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında çıxış edən Bakı Baş Gömrük İdarəsi Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti mayoru X2 bildirmişdir ki, şikayət tam əsassızdır. İlkin olaraq idxalatçı tərəfindən mallar gömrükdə bəyan edilir (qısa idxal bəyannaməsi), həmçinin bəyannamədə olan mallara görə də idxalatçı məsuliyyət daşıyır. Hazırda baxılan iş üzrə idxalatçı tərəfindən sazan və xana balığı bəyan edilib. Gömrük rüsumları da buna uyğun olaraq həyata keçirilib. Yük məmuru nəqliyyat vasitəsinə baxış keçirərkən malların bəyan edildiyindən artıq olduğunu müəyyən edir və onun əsasında protokol tərtib edir. Protokoldan da aydın şəkildə görünür ki, bəyan edilmiş xana və sazan balığından əlavə 500 kq soyudulmuş beluqa balığı, 620 kq soyudulmuş forel balığı, 550 kq soyudulmuş kütüm balığı, 410 kq soyudulmuş belamur balığı gömrük bəyannaməsində bəyan edilməməsinə baxmayaraq, nəqliyyat vasitəsində aşkar edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının rəyinə əsasən malın orta bazar qiyməti 29926 manat müəyyən edilib, cəriməni isə 16266 manat təyin etmişlər. Nəticə olaraq mal gömrük bəyannaməsində bəyan edilməsinə baxmayaraq, nəqliyyat vasitəsində bəyan edildiyindən çox müəyyən edilmişdir. Ödənilən rüsum və bəyan edilən nəqliyyat vasitəsində mövcud olan malların dəyəri çıxılaraq ümumi dəyər 16266 manat müəyyən edilmişdir. Vətəndaş tərəfindən ucuz balıqların bəyan edilib baha balıqların bəyan edilməməsi açıq şəkildə müəyyən olunur. Odur ki, qeyd edilənlərə əsasən şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Baş Gömrük İdarəsi Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti mayoru X2 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinə qoyulan suallarda malın orta bazar qiyməti soruşulmuşdur, qarşı tərəf isə qeyd edir ki, malın orta bazar qiyməti əsas götürülməməlidir, lakin hüquqpozma faktları aşkarlanarkən malın orta bazar qiyməti əsas götürülür, həmçinin, bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarı mövcuddur. Kütüm və belamur balıqları sazan və xana balıqları ilə eyni qiymətdədir, lakin müdafiəçi rəsmiləşdirmə qiymətlərini qeyd edir ki, buna da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi cavabdeh deyil. Nəqliyyat vasitəsində gömrük bəyannaməsində bəyan ediləndən əlavə 230 kq (kiloqram) mal olub. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 00100/01027 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 İXM-in 482.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan, gömrük orqanına düzgün bəyan edilməyən malların dəyərinin 40 faizi miqdarında, yəni 6506,40 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Republikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 mart 2023-cü il tarixli, 9/1795 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 6 adda soyudulmuş balıq məhsulunun ümumilikdə xx.xx.2023-cü il tarixə (mövsümdən və ölçülərindən aslı olaraq) orta bazar topdan satış qiyməti təxminən 29926,00 manat müəyyən edilir. xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, 5470,78 manat dəyərində olan İran istehsalı 110 qutu farel, 1800 kq bəyan edilmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olmuş sənədsləri verilmiş şikayətin dəlilləri ilə qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X1 şikayətdə göstərdiyi xüsusatlar barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 00100/01027 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, sözügedən qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Ona görə də, məhkəmə X3 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Bundan əlavə, iş materiallarından görünür ki, X3 tərədindən təqdim ediolmiş qısa idxal bəyannaməsində idxalatçı tərəfindən sazan və xana balığı bəyan edimiş, gömrük rüsumları da buna uyğun olaraq həyata keçirilmişdir. Yük məmuru nəqliyyat vasitəsinə baxış keçirərkən malların bəyan edildiyindən artıq olduğunu müəyyən edilmiş və onun əsasında protokol tərtib edilmişdir. Baxış zamanı bəyan edilmiş xana və sazan balığından əlavə 500 kq soyudulmuş beluqa balığı, 620 kq soyudulmuş forel balığı, 550 kq soyudulmuş kütüm balığı, 410 kq soyudulmuş belamur balığının gömrük bəyannaməsində bəyan edilməməsinə baxmayaraq, nəqliyyat vasitəsində aşkar edilmişdir. Bununla da şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulan xəta törədilmişdir. X1 mübahisələndirdiyi barəsində səlahiyyətli orqan tərəfindən tətbiq edilmiş inzibati tənbeh tədbirinə həddinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, X1 əməlində həqiqətən də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinin tərkib əlamətləri mövcud olmuşdur və beləliklə onun həmin maddə ilə inzibati xətanın bilavasitə obyekti, bəyan edilməyən malların 40 faizi miqdarında yəni 6506,40 (altı min beş yüz altı manat qırx qəpik) manat məbləğində cərimə edilməsinə dair Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin EP ******* saylı 01 may 2023-cü il tarixli inzibati xəta haqqında qərarı qanuni, əsaslı və ədalətlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 00100/01027 saylı inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayət təmin edilməməli, inzibati cərimənin tətbiq edilməsi barədə qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 00100/01027 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar