Məhkəmə qərarları › İş №3(001)-3573/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-3573/2023

12.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-3573/2023 12.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala baxaraq, müəyyən etdim: Məhkəmənin icraatına "xxxx" MMC-nin İXM-in 469.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. İş üzrə təqdim edilmiş materialı araşdıraraq hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. İXM-nin 469.3-cü maddəsinə əsasən inzibati məsuliyyət “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə yarandığından, bu cür inzibati xəta hərəkətsizliklə törədilir. Buna görə də sözügedən inzibati xəta hüquqi şəxsin hüquqi ünvanı üzrə törədilmiş olur. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, inzibati xətalar iki qrupa bölünür: formal və maddi tərkibli xətalar. Formal tərkibli inzibati xətanın obyektiv cəhəti yalnız ictimai təhlükəli hərəkətdən (hərəkətsizlikdən) ibarət olur. Belə tərkibli inzibati xətalar qanunla qadağan edilən hərəkət (hərəkətsizlik) törədildiyi andan başa çatmış hesab edilir və məsuliyyətə cəlb etmək üçün ödənilməməsi və ya ödənilməli olan gömrük ödənişlərinin məbləğinin azaldılması və s. kimi mənfi nəticələrin baş verməsi mütləq deyil. Maddi tərkibli inzibati xətalarda isə xətanın obyektiv cəhətinə hərəkətlə (hərəkətsizliklə) yanaşı, həm də belə hərəkətdən (hərəkətsizlikdən) törəyən zərərli nəticə də daxil edilir. Maddi tərkibli inzibati xətalar üzrə məsuliyyətin yaranması üçün zərərli nəticənin baş verməsi tələb olunur və belə inzibati xəta tərkiblərində hərəkət və ya hərəkətsizliklə nəticə arasında səbəbli əlaqə olmalıdır. Bu baxımdan ilkin olaraq inzibati hüquq pozuntusunun (hərəkət və ya hərəkətsizliyin) başa çatdığı vaxt, daha sonra baş verdiyi yer müəyyən edilməlidir. Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, inzibati xəta hərəkətsizlik formasında törədildiyi hallarda isə onun törədildiyi yer hərəkətin həyata keçirilməli olduğu yer, qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyin, o cümlədən hüquqi şəxsin öhdəliyinin icra edilməli olduğu yer hesab olunur. Göstərilənlərə əsasən də inzibati xətanın törədildiyi yer hüquqi şəxsin həmin hüquqi ünvanı hesab edilir. Yəni protokolda göstərilən həmin inzibati xəta hərəkətsizliklə törədildiyindən, bu cür inzibati xəta hüquqi şəxsin hüquqi ünvanı üzrə törədilmiş olur. Azərbaycan Respublikasının İXM-in 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. İş materiallara əlavə edilmiş vergi ödəyicilərinin məlumatları haqqında elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 1d edilənlərə əsasən də hazrkı inzibati xəta haqqında protokola hüquqi şəxsin hüquqi ünvanı üzrə Nərimanov Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 106.0 və 106.0.1-ci maddələrinin tələbinə görə hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını həll etməlidir. Həmin Məcəllənin 109.1 və 109.1.7-ci maddələrinin tələbinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər həmin məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barəsində qərardad qəbul edilir. İXM-nin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112-ci maddəsini rəhbər tutaraq qərara aldım: "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyatı üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar