Məhkəmə qərarları › İş №3(001)-3585/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3585/2022

21.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3585/2022 21.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Kəlbəcər rayonu, Sınıqkilsə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Bakı şəhəri, Kəlbəcər rayonu, Hacıkənd kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X6 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-3225/2022 nömrəli icra sənədində əsasən xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində alimentin cavabdeh Şəxs tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-3225/2022 nömrəli icra sənədi üzrə Şəxs borcunu tam icra etmədiyindən hazırkı günə kimi 2702 (iki min yeddi yüz iki) manat borcu yaranmışdır. İcra sənədinin icrası ilə əlaqədar zəruri icra tədbirləri görülməsinə baxmayaraq Şəxs borcunu üzrsüz səbəbdən icra etmədiyi üçün, sonuncu barəsində İXMin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, sözügedən icra sənədi Göygöl rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, lakin sonradan ərazi aidiyyəti üzrə Binəqədi rayon İcra şöbəsinə göndərilmiş və xx.xx.2022-ci il tarixdə icraatına qəbul edilmişdir. Göygöl rayon İcra və Probasiya Şöbəsi tərəfindən tələbin könüllü şəkildə icra edilməsi barədə bildiriş Şəxs ünvanına göndərilmiş, lakin icra işində həmin bildirişin sonuncu tərəfindən alınmasını təsdiq edən sübut mövcud deyildir. Həmin icra işi onun icraatına daxil olduqdan sonra o, Şəxs zəng edərək şöbəyə dəvət etmiş və sonuncu xx.xx.2022-ci il tarixdə icra şöbəsinə gəlmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(001)-3225/2022 nömrəli icra sənədində əsasən X7 ilə birgə nikahlarından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində alimentin ondan tutularaq İlahə Umudovaya ödənilməsi qət edilmişdir. Qeyd edilən icra sənədi icra olunması üçün Göygöl rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, lakin sonradan ərazi aidiyyəti üzrə Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir. Lakin nə Göygöl rayon İcra və Probasiya şöbəsindən, nə də Binəqədi rayon İcra şöbəsindən ona tələbin könüllü icrası ilə bağlı bildiriş verilməmişdir. Bundan əlavə o, Dövlət Sosial Müdafiə Nazirliyinin Məşğulluq altsistemində işsiz kimi qeydiyyata düşmüş, heç bir gəlir yeri olmadığı üçün anası ilə birlikdə yaşamağa başlamışdır. O, 20 oktyabr 2022-ci il tarixə kimi keçmiş həyat yoldaşı İlahə Umudova ilə birlikdə yaşamışdır. xx.xx.2022-ci il tarixdə icra məmuru ona zəng edib, icra şöbəsinə çağırmış, o, xx.xx.2022ci il tarixdə icra şöbəsinə gəldikdən sonra ona icra ilə bağlı xəbərdarlıq edilmiş və icra məmuru tərəfindən onun barəsində protokol tərtib edilmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-3225/2022 nömrəli icra sənədində əsasən xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində alimentin cavabdeh Şəxs tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Şəxs barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-3225/2022 nömrəli icra sənədi ərazi aidiyyəti üzrə icra edilməsi üçün Binəqədi rayon icra şöbəsinə göndərilmişdir. xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, İcra haqqında Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən edilmiş vaxtda icra olunmadığından Şəxs qanunamüvafiq qaydada barəsində məcburi icra tədbirləri tətbiq olunacağı bildirilmişdir. xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, X4 etibarnamə üzrə nümayəndəsi Binəqədi rayon İcra şöbəsinə ərizə ilə müraciət edərək ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-3225/2022 nömrəli icra sənədinə əsasən Şəxs 2702 manat aliment borcu yığıldığını, bununla bağlı müvafiq tədbirləri görülməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs icra sənədi üzrə olan borcunu icra etmədiyi üçün barəsində İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İXM-in 528.1-ci maddəsinin dispozisiyasında məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-3225/2022 nömrəli icra vərəqəsi üzrə Şəxs icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilə bilməmişdir. Belə ki, Şəxs məhkəmədə verdiyi izahatında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-3225/2022 nömrəli icra sənədi üzrə Göygöl rayon İcra və Probasiya şöbəsindən və Binəqədi rayon İcra şöbəsindən ona tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilmədiyini, işsiz olduğu üçün aliment borcunu ödəyə bilmədiyini, ona icra şöbəsində icra ilə bağlı xəbərdarlıq edildikdən sonra barəsində icra məmuru tərəfindən protokol tərtib edildiyini göstərmişdir. Bu hal icra məmuru tərəfindən təqdim edilmiş sənədlərlə də öz təsdiqini tapır. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, icra məmuru tərəfindən müəyyən icra hərəkətləri aparılmış, lakin aparılmış həmin icra hərəkətləri natamam aparılaraq toplanmış sübutlara düzgün qiymət verilmədən Şəxs inzibati məsuliyyətə cəlb olunması üçün müvafiq protokol tərtib edilmişdir. Belə ki, Şəxs barəsində toplanmış iş materiallarında sonuncunun tələbin könüllü icrası ilə bağlı bildirişi alması ilə bağlı qəbz əlavə edilməmiş, Şəxs icra sənədinə əsasən aliment borcunu ödəməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə xəbərdarlıq edildikdən sonra, həmin gün barəsində inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar