Məhkəmə qərarları › İş №3(001)-3590/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3590/2022

22.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3590/2022 22.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-nin polis sahə inspektoru, polis kapitanı X1, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Saatlı rayonu, Əlisoltanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Saatlı rayonu, Əlisoltanlı kəndində qeydiyyatda olmaqla yaşayan, xxxxxxx FİN-ə malik olan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X4 izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 11:29-da Bakı şəhəri, Binəqədi rayonu, Eldar Babayev küçəsində bir nəfər şəxsin YPX əməkdaşlarının qanuni tələblərinə tabe olmaması ilə bağlı raportla müraciət olunmuşdur. Həmin şəxsi polis əməkdaşları 7-ci PBnə dəvət etmişlər. Polis bölməsində həmin şəxsin Şəxs olduğu məlum olmuşdur. O, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, bu səbəbdən də İXM-in 535.1-ci maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanların nəzərə alınaraq, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə Saatlı rayonundan Bakı şəhərinə gəlirdi. Binəqədi rayonu, “Yeganə” şadlıq sarayının qarşısından sola dönərkən onu yol patrul xidməti alayının əməkdaşları saxlayaraq sola dönməyin qadağan olduğunu bildirmişlər. O isə qadağan olunmuş işarənin olmadığını qeyd etmişdir. Ondan heç bir sənəd istənilməmiş, sadəcə ad və soyadı soruşulmuşdur. Daha sonra yol patrul xidməti alayının əməkdaşı elektron vasitəsi ilə onun barəsində protokol tərtib etmişdir. O da əməkdaşa yaxınlaşıb nə üçün protokol yazdığını soruşmuşdur. Bundan sonra yol patrul xidməti alayının əməkdaşı əsəbi halda polis əməkdaşlarını hadisə yerinə çağırmışdır. Polis əməkdaşları ona tabesizlik göstərdiyini demiş və polis bölməsinə dəvət etmişlər. O, İİ qrup əlil olmasının, ailəli olmasının nəzərə alınaraq məhkəmədən barəsində ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid Bakı şəhər BPİ-nin X9 İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru polis baş serjantı X5 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 11:29-da Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, E.Babayev küçəsində xidmət aparkən “Mercedes” markalı ** SN *** nömrə nişanlı avtomobilin sürücüsü nişanlanma xəttinin tələblərini pozduğundan tərəflərindən saxlanılmışdır. Həmin şəxsə yol hərəkəti qaydaları izah edilmiş və protokol tərtib olunması üçün sənədləri tələb edilmişdir. O isə özünün və eləcə də avtomobilə dair sənədləri təqdim etməyərək polisin qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra Bort komputer vasitəsi ilə sürücünün şəxsiyyəti müəyyən edilərək protokol tərtib etmək istədikdə polis əməkdaşlarının, eləcə də, DİN-in ünvanına nalayiq ifadələr işlətməyə başladı. Əlavə olaraq protokol tərtib edilən zaman ətrafda olan şəxləri qəsdən yanlarına çağıraraq videoşəkiliş edərək onların fəaliyyətini pozmağa çalışmışdır. Məhkəmə iclasında şahid Bakı şəhər BPİ-nin X9 İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru polis serjantı X2 şahid X3 verdiyi ifadəyə uyğun ifadə vermişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs İİ qrup əlil olmasının, ailəli olmasının nəzərə alınaraq məhkəmədən sonuncunun barəsində ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. xx.xx.2022-ci il tarixli, AZA 018951 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatlarını, müdafiəçinin çıxışını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs əməli düzgün olaraq İXM-in 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə, Şəxs əməlində İXM-in 32-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən və həmin Məcəllənin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona inzibati cərimə növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şəxs barəsində inzibati cərimə növündə tənbeh təyin edildiyindən sonuncu dərhal məhkəmə iclas zalından azad edilməlidir. Məhkəmə, işin həcmini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil müdafiəçi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hüquqlarının müdafiəsinə 04 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs göstərdiyi 04 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 24 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Şəxs göstərdiyi 4 (dörd) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 24 (iyirmi dörd) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar