Məhkəmə qərarları › İş №3(001)-3592/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3592/2022

22.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3592/2022 22.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X1 iclas katibliyi Protokolu tərtib etmiş İnzibati orqan Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə rəisi, polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş MN ******* nömrəli xx.xx.2022-ci il tarixli protokola əsasən Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə rəisi, polis mayoru X3 məhkəməyə verdiyi izahatında bildirdi ki, faktla bağlı araşdırma aparılmışdır. Şəxs polis əməkdaşına tabesizlik etmişdir. Belə ki, onun barəsində AR İXMnin 454-cü maddəsinə əsasən protokol tərtib edilmişdir. Bakı Beynəlxalq Avtovağzalında Şəxs qanunsuz taksi fəaliyyəti ilə məşğul olduğunu qeyd edərək barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Şəxs məhkəməyə verdiyi izahatında polis əməkdaşına hər hansı bir itaətsizlik etmədiyini bildirmişdir. O bildirmişdir ki, Bakı Beynəlxalq Avtovağzalına daxil olub maşını orada saxlamaq üçün onun tərəfindən xidmət haqqı ödənilir. Raportda göstərildiyi kimi vətəmdaşların gəliş-gediş yolunda dayanmamış və qanunu pozmamışdır. Belə bir narahatçılıq vardırsa bununla bağlı Bakı Beynəlxalq Avtovağzalın rəhbərliyi məsələ qaldırmalıdır. Odur ki, əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibinin olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd edilməlidir ki, məhkəmə iclasında alınmış barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxslə Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə rəisi, polis mayoru X2 məhkəmədə verdiyi izahatı və Şəxs tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən əməli törətməsinə dair qeyd təkzib edilmişdir. Çünki məhkəmə iclasında toplanmış sübutlarla Şəxs əməlində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olmasına dair müddəalar öz təsdiqini tapmamış və sonuncunun həmin əməli törətməsinə dair məhkəməyə heç bir tutarlı dəlil təqdim olunmamışdır. Protokolda polisin hansı qanuni tələbinə tabe olunmaması açıqlanmamışdır. Qeyd olunanlardan göründüyü kimi, məhkəmədə Şəxs əməlində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin, yəni onun polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, qanuni tələblərinə qəsdən tabe olmaması ilə bağlı hərəkətlərə yol verməsi sübut edilə bilməmişdir. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda məhkəmə, tərtib olunmuş inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, eyni zamanda o, məhkəmə iclas zalından azad edilməlidir. Müdafiəçi Vəkil təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclasında iştirak edərək inzibati xəta törətmiş şəxsin hüquqlarının müdafiəsinə 4 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işinə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır. 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 202 saylı 03 may 2018-ci il tarixli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat müəyyən edilmişdir. Məhkəmə işin həcmini nəzərə alaraq hesab edir ki, Şəxs göstərdiyi 4 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 24 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə rəisi, polis mayoru X3 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı nzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclas zalından azad olunsun. Şəxs göstərdiyi 04 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 24 (iyirmi dörd) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar