Məhkəmə qərarları › İş №3(001)-3598/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3598/2022

02.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3598/2022 02.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X2 iclas katibliyi, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Tələbkar Nəzərli (Həsənova) Ayna Əkrəm qızının, İcra məmuru X1 iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1456/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Şəxs yetkinlik yaşına çatmayan uşağının saxlanması üçün hər ay 136 manat alimentin Nəzərli (Həsənova) Ayna Əkrəm qızının xeyrinə tutulması qət edilmişdir. Bununla Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Binəqədi rayon İcra şöbəsinin icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs əvvəlki məhkəmə iclasında məhkəməyə verdiyi izahatında bildirdi ki, barəsində olan icra sənədindən xəbərdardır. İcra məmuru onu xəbərdar edib. Ona vaxt verilərsə məhkəmə qərarını icra edəcəyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında icraata aparılan Şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbələri barədə heç bir məlumat verməmişdir. Məhkəmə iclasının barəsində inzibati xəta haqqında icraata aparılan şəxsin iştirakı olmadan keçirilməsi məqsədəmüvafiq hesab edilmişdir. Vəkil, Şəxs maddi vəziyyətini nəzərə alaraq barəsində başlanılmış inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar bildirmişdir ki, borclu qərəzli olaraq icra sənədini icra etmir. İcra sənədi üzrə borcunu ödəmək iqtidarında olduğunu nəzərə alaraq borcun tam şəkildə dərhal ödənilməsini tələb edir. Borclunun məhkəmə iclasına gəlməməsi onun məhkəmə qərarının icrasından yayındığını sübut edir. Barəsində inzibati xəta haqqında icraata aparılan şəxs barəsində ən ağır inzibati tənbeh növünün seçilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru məhkəməyə verdiyi izahatında bildirmişdir ki, icra sənədi üzə ödənilməmiş aliment borcu vardır. İcra şöbəsində verdiyi izahatda da heç bir yerdə işləmədiyini və bu səbəbdən ödəyə bimədiyini qeyd etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1456/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Şəxs yetkinlik yaşına çatmayan uşağının saxlanması üçün hər ay 136 manat alimentin Nəzərli (Həsənova) Ayna Əkrəm qızının xeyrinə tutulması qət edilmişdir. İcra məmuru tərəfindən xx.xx.2017-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir, bu barədə borclu məlumatlandırılmışdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, özünün əvvəlki məhkəmə iclasında məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə hesab edir ki məhkəmə iclas zalında tərəflər arasında olan gərgin münasibət borclunun qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasından qərəzli olaraq yayındığını göstərir. Həmçinin məhkəmə hesab edir ki, uşağı saxlamaq valideynin birinci dərəcəli vəzifəsidir və bugünədək barəsində inzibati xəta haqqında icraata aparılan şəxs tərəfindən aliment borcundan heç bir ödəniş edilməməsi halı onun tərəfindən məhkəmə qərarının icrasından yayınıldığını göstərir. Odur ki, məhkəmə araşdırması zamanı yuxarıda qeyd edilənlərə əsasən Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta hadisəsinin törədilməsi sübuta yetirimişdir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında icraata aparılan şəxsin əməlini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətaya görə sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Müdafiəçinin təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclasında iştirak edərək inzibati xəta törətmiş şəxsin hüquqlarının müdafiəsinə 2 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işinə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır. 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 202 saylı 03 may 2018-ci il tarixli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat müəyyən edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs göstərdiyi 2 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 12 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs göstərdiyi 2 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 12 (on iki) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar