Məhkəmə qərarları › İş №3(001)-3607/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3607/2022

07.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3607/2022 07.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 496.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 16 noyabr 2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC-nin ünvanına İran İslam Respublikasından daxil olmuş döşəmə üçün keramikadan minalanmış üzlük lövhəciklər yükü **********4595 sorğu nömrəli xx.xx.2022-ci il tarixli və **********3554 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannamələri ilə xx.xx.2022-ci il tarixədək 4 (dörd) ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, **********4595 sorğu nömrəli xx.xx.2022-ci il tarixli və **********3554 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannamələri ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların saxlanc müddətinin son tarixi xx.xx.2022-ci il müəyyən edilmişdir. Lakin, müvəqqəti saxlanc müddətinin son tarixi xx.xx.2022-ci il müəyyən edilsə də, həmin müddətədək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların digər gömrük prosedurunda rəsmiləşdirilməsi Şəxs MMC tərəfindən təmin edilməmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 496.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bununla da Şəxs barəsində İXM-in 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-yə və inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Həmçinin, “AZEMİS” elektron informasiya sistemi vasitəsi ilə inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsinin əlaqə nömrələrinə “sms” bildiriş göndərilmiş və həmin “sms” bildirişlər tərəflərə çatdırılmışdır. Buna baxmayaraq, proses iştirakçıları məhkəmə iclasında iştirak etməmişlər. Bu səbəbdən, məhkəmə işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, **********4595 sorğu nömrəli xx.xx.2022-ci il tarixli və **********3554 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannamələri ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların saxlanc müddətinin son tarixi xx.xx.2022-ci il müəyyən edilmişdir. 16 noyabr 2022-ci il tarixli 00100-2423/22 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən İXM-in 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 14 noyabr 2022-ci il tarixli izahatından görünür ki, İran İslam Respublikasından Şəxs MMC-nin adına **********4595 sorğu nömrəli, **********35554 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar ünvan 1 ünvanında Şəxs MMC-nin istifadəsində olan anbarda saxlanılır. Müvəqqəti saxlanc müddətini pozduqlarını, gömrük qaydalarının pozulduğunu etiraf edərək, bir daha bu kimi halın təkrarlanmamasına çalışacaqlarını bildirmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs tərəfindən ölkə ərazisinə idxal olunmuş mallar 4 ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş, lakin həmin müddət başa çatdıqdan sonra mallar heç bir digər gömrük proseduru altında rəsmiləşdirilməmişdir. Bununla da, Şəxs İXM-in 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; İXM-nin 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; İXM-nin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; İXM-nin 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; İXM-nin 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 176.1-ci maddəsinə əsasən saxlanc xüsusi gömrük proseduru müvəqqəti saxlanc və gömrük anbarı prosedurlarından ibarətdir. Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 179.1-ci maddəsinə əsasən malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri nəzərə alınmaqla, gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla gömrük orqanı tərəfindən müəyyən edilir. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı həmin müddəti bu Məcəllənin 179.2-ci maddəsinin göstərilən müddət çərçivəsində uzadır; 179.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar