Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3607/2023 15.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmə iclas katibi Hüseynov Xəyal Nemət oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X4 müdafiəçisi X2, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X3, iştirakı ilə, X4 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük idarəsinin xx.xx.2022-ci il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük idarəsinin xx.xx.2022-ci il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, o, hüquqi şəxs yaratmadan fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük idarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, 12000/4649 nömrəli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 4993.75 manat məbləğində cərimə edilmişdir. Lakin, hesab edir ki, Cənub Ərazi Baş Gömrük idarəsinin İnzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, 12000/4649 nömrəli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Cənub Ərazi Baş Gömrük idarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, 12000/4649 nömrəli qərarında göstərilmişdir ki, 01 iyul 2021-ci il tarixli, **********2149 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac olunmuş yemlik arpanın satışından əldə olunmuş 5875.00 ABŞ dolları (9987,50 manat) məbləğində qalıq vəsait müvəkkil bankdakı hesabına köçürülməmişdir. Bunlarla yanaşı, həmin qərarda qeyd edilmişdir ki, İraq Respublikasında fəaliyyət göstərən şirkətlə dəyəri sonradan ödənilmək şərti ilə müqavilə bağlanaraq «yemlik arpa» konsiqnasiya yolu ilə İraq Respublikasına göndərilmiş, malın satışından xaricdə əldə edilmiş vəsait bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasının müvəkkil bankında olan hesablarıma köçürülməsinin təmin edilməməsi qanunvericiliyə uyğun olaraq məsuliyyətə səbəb olur. Mallar bəyan olunduğu gündən Qaydalarla müəyyən edilmiş müddət ərzində (180 gün) ixrac olunan malların müqabilində məcburi qaydada köçürülməli olan valyuta vəsaiti geri qaytarılmadıqda növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul olunmalıdır. Lakin, işin araşdırılmasında iştirakı təmin edilməmiş, eyni zamanda ona təqsirsizliyi təsdiq edən sübut təqdim etmək imkan yaradılmamışdır. Habelə qərarın surəti ona verilməmiş və ona qərardan qanunla müəyyən edilmiş müddətdə şikayət vermək imkanı yaradılmadan qərar icrayə yönəldilərək, Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Həmin qərar haqqında Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin İcra məmuru tərəfindən çağırılaraq məlumatlandırılmış və xahişi əsasında 11 sentyabr 2023-cü il tarixdə nümayəndə vasitəsi ilə Cənub Ərazi Baş Gömrük idarəsinin İnzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, 12000/4649 nömrəli qərarının surətini ondan almışdır. Bununla belə, bəyannamə üzrə ixrac etdiyi malın satışından əldə edilmiş valyuta sərvətlərinin hansı səbəbdən 180 gün müddətində Azərbaycan Respublikasının müvəkkil bankları vasitəsi ilə Azərbaycan Respublikasına qaytarılmaması araşdırılmamışdır. Halbuki, bəyannamə üzrə ixrac etdiyi malların satışından əldə edilmiş valyuta sərvətlərinin 180 (yüz səksən) gün müddətində Azərbaycan Respublikasının müvəkkil bankları vasitəsi ilə Azərbaycan Respublikasına qaytarılmaması mənim iradəsindən asılı deyil. İraq Respublikasında fəaliyyət göstərən şirkətin vəsaiti köçürməməsi ilə bağlı olmuşdur. Bu hal ixrac etdiyi malın satışından əldə edilmiş vəsaitin 180 (yüz səksən) gün müddətində Azərbaycan Respublikasının müvəkkil bankları vasitəsi ilə Azərbaycan Respublikasına qaytarılmamasında onun təqsirli olmadığını təsdiq edir. Odur ki, o törədilməsi ona istinad edilən inzibati xətanın törədilməsində təqsirli bilinə və inzibati məsuliyyətə cəlb edilə bilməzdi. Lakin onun inzibati məsuliyyətə cəlb edilməyi onu deməyə əsas verir ki, hazırkı iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və onun həmin inzibati xətanın törədilməsində təqsirli olub-olmamağı sübuta yetirilməmişdir. Odur ki, məhkəmədən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük idarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, EP ******* nömrəli qərarını ləğv edib iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X8 şikayətin dəlillərinə münasibət bildirərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 müdafiəçisi X6 izahatında şikayətin məzmununa uyğun çıxış edərək məhkəmədən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük idarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, EP ******* nömrəli qərarını ləğv edib iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, qərar inzibati məsuliyyətə cəlbetmə müddətləri keçdidkən sonra qəbul edilmiş, bəyannamələr üzrə nümayəndəsi olduğu şəxs tərəfindən ixrac edilmiş malların satışından əldə edilmiş valyuta sərvətlərinin 180 (yüz səksən) gün müddətində Azərbaycan Respublikasına qaytarılmaması onun iradəsindən asılı olmamış, İraq Respublikasında fəaliyyət göstərən şirkətin vəsaiti köçürməməsi ilə bağlı olmuşdur. Ona verilmiş suallara cavab olaraq valyuta sərvətlərinin 180 (yüz səksən) gün müddətində Azərbaycan Respublikasına qaytarılması ilə əlaqədar hər hansı bir tədbir görülmədiyini, bununla bağlı malların təqdim edildiyi İraq Respublikasındakı şirkətə hər hansı rəsmi müraciətlərinin olmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, şikayət vermiş şəxs X9 məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq şikayət vermiş şəxs X4 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük idarəsinin xx.xx.2022-ci il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X1 Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinmiş və inzibati xətanın bilavasitə obyekti olan 9987,50 manat məbləğində valyutanın dəyərinin 50 (əlli) faizi həddində, yəni 4993,75 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə şikayət vermiş şəxsin nümayəndəsinin fikirlərini dinləyib, şikayəti və iş materiallarını əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, X4 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük idarəsinin xx.xx.2022-ci il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməməlidir. Belə ki, məhkəməyə təqdim edilən şikayət ərizəsində şikayətin əsası kimi inzibati məsuliyyətə cəlbetmə müddətinin keçməsi, araşdırmada iştiraklarına və təqsirlsizliyini təsdiq edən sübutların təqdim edilməsinə şəraitin yaradılmaması, pul vəsaitini ölkəyə qaytarılmamasında təqsirsiz olması göstərilmişdir. Məhkəmə hazırki iş üzrə X4 əməlində inzibati xəta tərkibinin olub-olmaması, inzibati xəta hadisəsinin törədilməsinin sübut olunub-olunmaması və inzibati məsuliyyətə cəlb etmə müddətinin keçib-keçməməsi ilə bağlı xüsusatları araşdırıb aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi gömrük qaydaları əleyhinə olan inzibati xətalar kateqoriyasına daxil olmaqla, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati məsuliyyətə səbəb olur və həmin xətaya görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə tənbeh tədbiri nəzərdə tutulmuşdur. Həmin maddənin Qeyd hissəsinə görə isə “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.1-ci bəndinə görə hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Həmin Qaydaların 12.2-ci bəndinə görə hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Həmin Qaydaların 12.3-cü bəndinə görə isə ixrac olunan malların (işlərin, xidmətlərin) müqabilində əldə olunmuş vəsaitin Azərbaycan Respublikasına köçürülməsinə və gətirilməsinə, müvafiq olaraq, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (bundan sonra – Palata) və Dövlət Gömrük Komitəsi nəzarət edir. Bu məqsədlə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bütün ixracatçılar tərəfindən gömrük bəyannamələri və ixrac müqavilələri də daxil olmaqla, ixrac olunan mallar barədə aidiyyəti məlumatların elektron gömrük xidməti vasitəsilə Palataya ötürülməsini təmin edir. Qüvvədə olan gömrük qanunvericiliyinə əsasən isə bəyаnеtmə - dеdikdə, gömrük rəsmiləşdirilməsi icrааtı və gömrük nəzаrətinin həyаtа kеçirilməsi məqsədilə mаl və nəqliyyаt vаsitələri bаrədə səhih məlumаtlаrın müəyyən еdilmiş (şifаhi, yаzılı, digər) fоrmаdа gömrük оrqаnlаrınа еlаn еdilməsi bаşа düşülür. Bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. Məhkəmə ilk növbədə əməldə inzibati xəta tərkibinin mövcud olub-olmadığınına dair qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hərəkətsizliklə törədilir. Hazırki halda iş materialları ilə də təsdiq olunur ki, X9 tərəfindən xarici valyuta vəsaitləri 180 (yüz səksən) gün müddətində Azərbaycan Respublikasına qaytarılmamışdır. Belə ki, X9 tərəfindən xx.xx.2021-ci il tarixdə **********2149 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilmiş malların dəyərinin (xarici valyuta vəsaitlərinin) Azərbaycan Respublikasına qaytarılması istiqamətində hər hansı tədbir görülməmiş, malların satıldığı təşkilata bununla bağlı hər hansı rəsmi müraciət edilməmiş və həmin təşkilatdan bununla bağlı rəsmi cavablar alınmamışdır. Həmçinin şikayət vermiş şəxsin nümayəndəsi də məhkəmə iclasında verdiyi izahatında xarici valyuta vəsaitlərinin ölkəyə qaytarılmasına dair hər hansı bir hərəkət etmədiklərini və bununla bağlı hər hansı tədbir görmədiklərini bildirmişdir. Belə olan halda işin mübahisəsiz hissəsi ondan ibarətdir ki, ixrac olunmuş malların dəyəri müvəkkil edilmiş bankın hesabına köçürülməmiş və əməldə İXM-nin 483-cü maddəsinin tərkib əlamətləri mövcuddur. Bundan başqa şikayətdə X9 tərəfindən xx.xx.2021-ci il tarixdə rəsmiləşdirilən **********2149 sorğu nömrəli bəyannamə üzrə Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin 180 (yüz səksən) gün müddətində Azərbaycan Respublikasına qaytarılmamasının X4 iradəsindən asılı olmaması, İraq Respublikasında fəaliyyət göstərən şirkətin vəsaiti köçürməməsi ilə əlaqədar olması göstərilsə də, məhkəmə qeyd edilən xüsusatların işin faktiki hallarına uyğun olmadığını hesab edir. Şikayət ərizəsində də araşdırmada iştiraklarının təmin edilmədiyi, təqsirsizliyi ilə bağlı sübutların təqdim edilməsinə şərait yaradılmadığı göstərilsə də, məhkəmə icilasında bununla bağlı hər hansı sübutlarının olub-olmaması dəqiqləşdirilmiş və nümayəndə tərəfindən məhkəməyə təqdim ediləcək har hansı sübutlarının olmadığı bildirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair 17 may 2021-ci il tarixli qərarında da göstərilmişdir ki, müvəkkil banklara köçürülməli olan xarici valyuta vəsaitinin geri qaytarılmaması xarici iqtisadi fəaliyyətin subyektindən asılı olmayan səbəblərdən baş verdikdə, yəni subyektin hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmadıqda, şəxs təqsirsiz olduğundan həmin vəsaitlərin qaytarılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati xəta bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) kimi müəyyən edilmişdir (İnzibati Xətalar Məcəlləsinin 3 və 12.1-ci maddələri). Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini müəyyən etməlidir. Bəzi hallarda hüquqi və fiziki şəxslərin ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müvəkkil bankda olan hesablara köçürülməsi şəxsin iradəsindən asılı olmayan səbəblərdən (məsələn qarşı tərəfin öhdəliyi icra etməməsi və s.) baş tutmaya və ya qanunvericilikdə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər. Buna görə məhkəmə işin bu hallarını şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirməlidir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair 17 may 2021-ci il tarixli qərarında göstərilənlərə əsasən, şikayətin xarici valyuta vəsaitlərinin X4 iradəsindən asılı olmayaraq ölkəyə qaytarılmamasına dair hissədə isə qeyd edir ki, İraq Respublikasında fəaliyyət göstərən şirkətin vəsaiti köçürməməsi ilə əlaqədar olmasına dair heç bir mötəbər sübut şikayətə əlavə edilməmiş, belə bir sübut məhkəməyə təqdim edilməmiş, məhkəmə iclasında bununla bağlı dəqiqləşdirmə aparılarkən nümayəndə belə bir sübutlarının olmadığını və buna görə təqdim edə bilmədiklərini bildirmişdir. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, əgər həqiqətən də qeyd edilən inzibati xəta X4 təqsiri olmadan törədilmiş olsa idi, sonuncu tərəfindən Mərkəzi Banka yaxud müvəkkil banklara müraciət edilməli və xarici valyuta vəsaitlərinin Azərbaycan Respublikasına qaytarılmasının mümkünsüzlüyü bildirilməli idi. Odur ki, X9 xarici valyuta vəsaitlərinin ölkəyə qaytarılmasında maraqlı olmamış, hərəkətsizlik nümayiş etdirərək İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini təqsirli olaraq törətmişdir. İş materiallarından aydın şəkildə görünür ki, X9 tərəfindən İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın təqsirli olaraq törədilməsi səlahiyyətli orqan tərəfindən tam şəkildə sübuta yetirilmişdir. Məhkəmə araşdırması zamanı da səlahiyyətli orqanın gəldiyi nəticənin əsaslı və qanuni olması öz təsdiqini tapmışdır. Məhkəmə inzibati məsuliyyətə cəlb etmə müddətinin keçib-keçməməsi ilə bağlı xüsusatları araşdıraraq isə aşağıdakıları qeyd edir: Əvvəla qeyd edilməlidir ki, Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində göstərilən inzibati məsuliyyətin yaranması üçün əsas hüquqi və fiziki şəxslərin konsiqnasiya yolu ilə xaricə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan edildiyi gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsinin təmin edilməməsi çıxış edir. Belə olan halda, qanunvericiliyin tələbinə görə malların ixracı bəyan edildiyi gündən qanunla müəyyən edilmiş 180 gün müddət ərzində müvafiq olaraq pul vəsaitinin Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesaba köçürülməsi təmin edilmədikdə, növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir. Hazırki xətaya görə isə inzibati tənbeh tədbiri xətanın törədildiyi gündən bir il keçənədək verilə bilər. Belə ki, Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Bundan başqa, “Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, hüquq nəzəriyyəsində "davam edən hüquqpozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. "Davam edən hüquqpozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquqpozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. Eyni zamanda, “Azərbaycan Respublikası İXM-nin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında qeyd edilmişdir ki, Qanunverici inzibati tənbehin tətbiqinin müddətini müəyyən edərkən, ilk növbədə, inzibati xətanın aşkar edilməsi və müvafiq icraatın aparılması meyarlarından çıxış edir. Digər tərəfdən, inzibati tənbeh vermə müddətinin üç ay müəyyən edilməsi onunla izah olunur ki, qanunverici “prosessual qənaət” prinsipinə əsaslanaraq məhkəmə prosesinin əsassız olaraq uzadılmasının qarşısını almış olur. Belə yanaşma işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. X5 Məcəlləsinin 111.1-ci maddəsinə uyğun olaraq, inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Hazırki işin hallarından müəyyən edilir ki, X9 tərəfindən xx.xx.2021-ci il tarixdə gömrük bəyannaməsi əsasında ixrac etdiyi yüklərin müqabiində qaytarılmalı olan pul vəsaiti qanunla müəyyən edilən 180 gün ərzində qaytarılmamışdır. Qanunvericilikdə nəzərdə tutulmuş 180 (yüz səksən) gün müddətin 01 yanvar 2022-ci il tarixdə başa çatması nəzərə alındıqda, növbəti gün yəni xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədildiyi gün hesab olunur. Belə olan halda məhkəmə hesab edir ki, barəsində icraat aparılan X9 həmin tarixdən 1 (bir) il müddətində, yəni xx.xx.2023-cü il tarixə kimi inzibati məsuliyyətə cəlb edilə bilərdi. Odur ki, şikayətdə qeyd edilənin əksinə olaraq səlahiyyətli orqan tərəfindən şəxs barəsində inzibati məsuliyyətə cəlb etmə müddəti ötürülməmiş, xx.xx.2022-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 dekabr 2020-ci il tarixli "Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinin Azərbaycan Respublikası CM- nin 208-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair qərarına əsasən Azərbaycan Respublikası CM-nin 208-ci maddəsinə müvafiq dəyişiklik edilənədək xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində xeyli və ya külli miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmasını təmin etməyən fiziki şəxs Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinin "Qeyd" hissəsinin tələbləri nəzərə alınmaqla inzibati məsuliyyətə cəlb oluna bilər. İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin qeydində göstərilmişdir ki, bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük idarəsinin xx.xx.2022-ci il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X4 həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük idarəsinin xx.xx.2022-ci il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-3607/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3607/2023
15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver