Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3608/2023 02.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, şikayət vermiş şəxs X3 nümayəndəsi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, X3 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük idarəsinin xx.xx.2022-ci il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük idarəsinin xx.xx.2022-ci il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, o, hüquqi şəxs yaratmadan fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdadır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük idarəsinin inzibati tənbeh vermə haqqında 28 noyabr 2022-ci il tarixli, EP ******* nömrəli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10000 (on min) manat məbləğində cərimə edilmişdir. Şimal Ərazi Baş Gömrük idarəsinin İnzibati tənbeh vermə haqqında 28 noyabr 2022ci il tarixli qərarı ilə razı deyil, həmin qərarı qanunsuz və əsassız sayır və aşağıdakılara əsasən hesab edir ki, həmin qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şimal Ərazi Baş Gömrük idarəsinin İnzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, 01400/4252 nömrəli qərarında göstərilmişdir ki, 2021-ci ildə Şimal Ərazi Baş Gömrük İdarəsində rəsmiləşdirilmiş 4 gömrük bəyannaməsi üzrə İran İslam Respublikasına ixrac etdiyi müxtəlif yemlik arpa və yemlik qarğıdalının 68.340 ABŞ dolları (116.178 manat) dǝyǝri tərəfindən müvəkkil bank hesabına köçürülməmişdir. Həmin qərarda qeyd edilmişdir ki, konsiqnasiya yolu ilə rəsmiləşdirilmiş 4 bǝyǝnnamə üzrə ixrac etdiyi malların müqavilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasının müvəkkil bankında olan hesablarına köçürülməsinin təmin edilməməsi qanunvericiliyə uyğun olaraq məsuliyyətə səbəb olur. Mallar bəyan olunduğu gündən Qaydalarla müəyyən edilmiş müddət ərzində (180 gün) ixrac olunan malların müqabilində məcburi qaydada köçürülməli olan valyuta vəsaiti geri qaytarılmadıqda, növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul olunmalıdır. Lakin mübahisələndirilən qərarda yalnız barəsində inzibati tənbeh tədbirinin tətbiq edildiyi 28 noyabr 2022-ci il tarixi müəyyən olunur. Malların isə nə zaman bəyan olunduğu, bǝyǝn olunduğu gündən 180 günün nə zaman başa çatdığı, habelə inzibati xətanın hansı tarixdə törədilmiş sayıldığı və inzibati xətanın törədildiyi gündən inzibati tənbeh tətbirinin tətbiq edildiyi vaxta qədər nə qədər müddət keçdiyi qərarda göstərilməmişdir. İşin istinad edilən halları onu deməyə əsas verir ki, barəsində inzibati tənbeh tədbiri inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra tətbiq edilmişdir. Halbuki İXM-nin 53.0.6-cı maddəsinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Digər tərəfdən, işin araşdırılmasında iştirakı təmin edilməmiş, eyni zamanda təqsirsizliyini təsdiq edən sübut təqdim etməyə imkan yaradılmamış, habelə qərarın surəti ona verilməmiş və qərardan qanunla müəyyən edilmiş müddətdə şikayət vermək imkanı yaradılmadan qərar icraya yönəldilərək, Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Həmin qərar haqqında Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən çağırılaraq məlumatlandırılmış və xahişi əsasında 11 sentyabr 2023-cü il tarixdə nümayəndəsi vasitəsi ilə Şimal Ərazi Baş Gömrük idarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2022- ci il tarixli qərarını əldə etmişdir. Bununla belə, bəyannamələr üzrə ixrac etdiyi malların satışından əldə edilmiş valyuta sərvətlərinin hansı səbəbdən 180 (yüz səksən) gün müddətində müvəkkil banklar vasitəsi ilə Azərbaycan Respublikasına qaytarılmaması araşdırılmamışdır. Halbuki, bəyannamələr üzrə ixrac etdiyi malların satışından əldə edilmiş valyuta sərvətlərinin 180 (yüz səksən) gün müddətində Azərbaycan Respublikasına qaytarılmaması onun iradəsindən asılı olmamış, İran İslam Respublikasının banklarına beynəlxalq maliyyə sanksiyaların tətbiqi ilə bağlı olmuşdur. Bu hal ixrac etdiyi malların satışından əldə edilmiş valyuta sərvətlərinin 180 (yüz səksən) gün müddətində Azərbaycan Respublikasının müvəkkil bankları vasitəsi ilə Azərbaycan Respublikasına qaytarılmamasında onun təqsirli olmadığını təsdiq edir. Odur ki, məhkəmədən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük idarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, EP ******* nömrəli qərarını ləğv edib iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında X3 nümayəndəsi X5 izahatında şikayətin məzmununa uyğun çıxış edərək məhkəmədən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük idarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, EP ******* nömrəli qərarını ləğv edib iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, qərar inzibati məsuliyyətə cəlbetmə müddətləri keçdikdən sonra qəbul edilmiş, bəyannamələr üzrə nümayəndəsi olduğu şəxs tərəfindən ixrac edilmiş malların satışından əldə edilmiş valyuta sərvətlərinin 180 (yüz səksən) gün müddətində Azərbaycan Respublikasına qaytarılmaması onun iradəsindən asılı olmamış, İran İslam Respublikasının banklarına beynəlxalq maliyyə sanksiyaların tətbiqi ilə bağlı olmuşdur. İran İslam Respublikasının banklarına tətbiq edilmiş sanksiyalar səbəbindən pul vəsaitlərinin ölkəyə gətirə bilməmişlər. Ona verilmiş suallara cavab olaraq valyuta sərvətlərinin 180 (yüz səksən) gün müddətində Azərbaycan Respublikasına qaytarılması ilə əlaqədar hər hansı bir tədbir görülmədiyini, bununla bağlı malların təqdim edildiyi İran İslam Respublikasındakı şirkətə hər hansı rəsmi müraciətlərinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli “Materialların aidiyyatı üzrə göndərilməsi barədə” Şimal Ərazi Baş Gömrük İdarəsinin qərarından görünür ki, X8 tərəfindən 2021-ci ildə 4 gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə ixrac edilmiş ümumilikdə 68340.00 ABŞ dolları dəyərindəki (116178.00 manat) yükün müqabilində qaytarılmalı olan məbləğlərin müvəkkil bank hesabına köçürülmədiyi müəyyən edilmişdir. X3 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 208.2.1-ci maddəsinin tərkib əlaməti olduğundan, onun barəsində toplanmış 01400-1780/22 saylı iş üzrə materiallar Azərbaycan Respublikası Bas Prokurorluğunun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilmişdir. xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X8 tərəfindən konsiqnasiya yolu ilə ixrac edilmiş malların müqabilində pulun müvəkkil bankda olan hesaba köçürülməməsi faktı ilə bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük idarəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Binəqədi Rayon Prokurorunun xx.xx.2022-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında” qərarından görünür ki, X8 barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və qərar baxılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük idarəsinin xx.xx.2022-ci il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X1 Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinmiş və inzibati xətanın bilavasitə obyekti olan 20000 manat məbləğində valyutanın dəyərinin 50 (əlli) faizi həddində, yəni 10000 (on min) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş gömrük bəyannamələrindən görünür ki, X8 tərəfindən xx.xx.2021-ci il tarixli **********4072 nömrəli gömrük bəyannaməsi ilə 14740,00 ABŞ dolları həcmində, xx.xx.2021-ci il tarixli **********4342 nömrəli gömrük bəyannaməsi ilə 14740,00 ABŞ dolları həcmində yemlik arpa, xx.xx.2021-ci il tarixli **********6321 nömrəli gömrük bəyannaməsi ilə 19430,00 ABŞ dollar həcmində və həmin tarixli **********6322 nömrəli gömrük bəyannaməsi ilə 19430,00 ABŞ dollar həcmində yemlik qarğıdalı olmaqla, ümumilikdə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixlədək 68340,00 ABŞ dolları həcmində mallar İran İslam Respublikasına ixrac edilmişdir. xx.xx.2022-ci il tarixli 1700-012/0xx-xx/001176 nömrəli bildirişdən görünür ki, Şimali Ərazi Baş Gömrük İdarəsi tərəfindən X3 vergi ödəyicisi kimi qeydiyyatda olduğu ünvan 1 ünvanına konsiqnasiya yolu ilə ixrac olunmuş malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində müvəkkil bankda olan hesablara köçürülməsi barədə bildiriş göndərilmişdir. Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2006cı il tarixdə ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ilə ünvan 2 ünvanında vergi uçota alınmışdır. xx.xx.2022-ci il tarixli və xx.xx.2021-ci il tarixli arayışlardan görünür ki, 395C-22 nömrəli material üzrə X8 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla Binəqədi rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas Əlövsət Vəlizadə tərəfindən barəsində aparılan araşdırma ilə əlaqədar dəvət edilmiş, lakin o, araşdırmada iştirak etmək üçün gəlməmişdir. 395C-22 nömrəli materiala əlavə edilmiş xx.xx.2022-ci il tarixli N0264547 nömrəli vəkil orderinin əslindən və xx.xx.2018-ci il tarixli etibarnamənin əslindən görünür ki, barəsində araşdırma aparılan X3 nümayəndəsi və vəkili X5 qeyd edilən araşdırmada iştirak etmişdir. Məhkəmə şikayət vermiş şəxsin nümayəndəsinin fikirlərini dinləyib, şikayəti və iş materiallarını Binəqədi Rayon Prokurorluğunda toplanmış 395C-22 nömrəli materialla əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, X3 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük idarəsinin xx.xx.2022-ci il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməməlidir. Belə ki, məhkəməyə təqdim edilən şikayət ərizəsində şikayətin əsası kimi inzibati məsuliyyətə cəlbetmə müddətinin keçməsi, araşdırmada iştiraklarına və təqsirlsizliyini təsdiq edən sübutların təqdim edilməsinə şəraitin yaradılmaması, pul vəsaitini ölkəyə qaytarılmamasında təqsirsiz olması göstərilmişdir. Məhkəmə hazırki iş üzrə X3 əməlində inzibati xəta tərkibinin olub-olmaması, inzibati xəta hadisəsinin törədilməsinin sübut olunub-olunmaması və inzibati məsuliyyətə cəlb etmə müddətinin keçib-keçməməsi ilə bağlı xüsusatları araşdırıb aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi gömrük qaydaları əleyhinə olan inzibati xətalar kateqoriyasına daxil olmaqla, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati məsuliyyətə səbəb olur və həmin xətaya görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə tənbeh tədbiri nəzərdə tutulmuşdur. Həmin maddənin Qeyd hissəsinə görə isə “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.1-ci bəndinə görə hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Həmin Qaydaların 12.2-ci bəndinə görə hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Həmin Qaydaların 12.3-cü bəndinə görə isə ixrac olunan malların (işlərin, xidmətlərin) müqabilində əldə olunmuş vəsaitin Azərbaycan Respublikasına köçürülməsinə və gətirilməsinə, müvafiq olaraq, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (bundan sonra – Palata) və Dövlət Gömrük Komitəsi nəzarət edir. Bu məqsədlə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bütün ixracatçılar tərəfindən gömrük bəyannamələri və ixrac müqavilələri də daxil olmaqla, ixrac olunan mallar barədə aidiyyəti məlumatların elektron gömrük xidməti vasitəsilə Palataya ötürülməsini təmin edir. Qüvvədə olan gömrük qanunvericiliyinə əsasən isə bəyаnеtmə - dеdikdə, gömrük rəsmiləşdirilməsi icrааtı və gömrük nəzаrətinin həyаtа kеçirilməsi məqsədilə mаl və nəqliyyаt vаsitələri bаrədə səhih məlumаtlаrın müəyyən еdilmiş (şifаhi, yаzılı, digər) fоrmаdа gömrük оrqаnlаrınа еlаn еdilməsi bаşа düşülür. Bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. Məhkəmə ilk növbədə əməldə inzibati xəta tərkibinin mövcud olub-olmadığınına dair qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hərəkətsizliklə törədilir. Hazırki halda iş materialları ilə də təsdiq olunur ki, X8 tərəfindən xarici valyuta vəsaitləri 180 (yüz səksən) gün müddətində Azərbaycan Respublikasına qaytarılmamışdır. Belə ki, X8 tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixlədək 4 bəyannamə əsasında ixrac edilmiş malların dəyərinin (xarici valyuta vəsaitlərinin) Azərbaycan Respublikasına qaytarılması istiqamətində hər hansı tədbir görülməmiş, malların satıldığı təşkilata bununla bağlı hər hansı rəsmi müraciət edilməmiş və həmin təşkilatdan bununla bağlı rəsmi cavablar alınmamışdır. Həmçinin şikayət vermiş şəxsin nümayəndəsi də məhkəmə iclasında verdiyi izahatında xarici valyuta vəsaitlərinin ölkəyə qaytarılmasına dair hər hansı bir hərəkət etmədiklərini və bununla bağlı hər hansı tədbir görmədiklərini bildirmişdir. Bundan başqa Binəqədi rayon prokurluğunda 395C-22 saylı materialın araşdırılması zamanı Muğanbank ASC tərəfindən M/11-9002 saylı xx.xx.2022-ci il tarixli məktubla təqdim edilmiş X3 bank hesabından çıxarışlardan da müəyyən edilmişdir ki, onun tərəfindən malların ixrac edilməsinə dair tərtib edilmiş bəyannamələrdə göstərilən 4-**********00284USD hesabına malları qəbul etmiş X13 Shormal Company (X9) tərəfindən hər hansı məbləğdə ödəniş edilməmişdir. Belə olan halda işin mübahisəsiz hissəsi ondan ibarətdir ki, ixrac olunmuş malların dəyəri müvəkkil edilmiş bankın hesabına köçürülməmişdir. Odur ki, əməldə İXM-nin 483-cü maddəsinin tərkib əlamətləri mövcuddur. Bundan başqa şikayətdə X8 tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər rəsmiləşdirilən 4 bəyannamə üzrə Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin 180 (yüz səksən) gün müddətində Azərbaycan Respublikasına qaytarılmamasının X3 iradəsindən asılı olmaması, İran İslam Respublikasının banklarına beynəlxalq maliyyə sanksiyaların tətbiqi ilə əlaqədar olması göstərilsə də, məhkəmə qeyd edilən xüsusatların işin faktiki hallarına uyğun olmadığını hesab edir. Şikayət ərizəsində də araşdırmada iştiraklarının təmin edilmədiyi, təqsirsizliyi ilə bağlı sübutların təqdim edilməsinə şərait yaradılmadığı göstərilsə də, məhkəmə iclasında bununla bağlı hər hansı sübutlarının olubolmaması dəqiqləşdirilmiş və nümayəndə tərəfindən məhkəməyə təqdim ediləcək har hansı sübutlarının olmadığı bildirilmişdir. Bundan başqa məhkəmədə o da müəyyən edilmişdir ki, X8 barəsində qeyd edilən 4 bəyannamə ilə ixrac edilmiş malların dəyərinin qaytarılmaması ilə əlaqədar Binəqədi Rayon Prokurorluğunda aparılan araşdırma barədə nümayəndəsi vasitəsi ilə məlumatlı olmuş, həmin araşdırmada hazırkı vəkili və nümayəndəsi X7 vasitəsi ilə iştirak etmişdir. Qeyd edilənlər 395C-22 nömrəli materiala əlavə edilmiş vəkil orderinin əsli və xx.xx.2018-ci il tarixli etibarnamənin əsli ilə təsdiq edilir. Qeyd edilən sənədlərin əsilinin prokurorluğa təqdim edilməsi ilə nümayəndənin araşdırmada iştirak etməsi öz təsdiqini tapır. Məhkəmə şikayətin xarici valyuta vəsaitlərinin X3 iradəsindən asılı olmayaraq ölkəyə qaytarılmamasına dair hissədə isə qeyd edir ki, İran İslam Respublikasının banklarına beynəlxalq maliyyə sanksiyaların tətbiqi ilə əlaqədar pul vəsaitlərinin ölkəyə gətirilməsinin mümkün olmadığına dair heç bir mötəbər sübut şikayətə əlavə edilməmiş, belə bir sübut məhkəməyə təqdim edilməmiş, məhkəmə iclasında bununla bağlı dəqiqləşdirmə aparılarkən nümayəndə belə bir sübutlarının olmadığını və buna görə təqdim edə bilmədiklərini bildirmişdir. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, əgər həqiqətən də qeyd edilən inzibati xəta X3 təqsiri olmadan törədilmiş olsa idi, sonuncu tərəfindən Mərkəzi Banka yaxud müvəkkil banklara müraciət edilməli və xarici valyuta vəsaitlərinin Azərbaycan Respublikasına qaytarılmasının mümkünsüzlüyü bildirilməli idi. Odur ki, X8 xarici valyuta vəsaitlərinin ölkəyə qaytarılmasında maraqlı olmamış, hərəkətsizlik nümayiş etdirərək İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini təqsirli olaraq törətmişdir. İş materiallarından aydın şəkildə görünür ki, X8 tərəfindən İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın təqsirli olaraq törədilməsi səlahiyyətli orqan tərəfindən tam şəkildə sübuta yetirilmişdir. Məhkəmə araşdırması zamanı da səlahiyyətli orqanın gəldiyi nəticənin əsaslı və qanuni olması öz təsdiqini tapmışdır. Məhkəmə inzibati məsuliyyətə cəlb etmə müddətinin keçib-keçməməsi ilə bağlı xüsusatları araşdıraraq isə aşağıdakıları qeyd edir: Əvvəla qeyd edilməlidir ki, Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində göstərilən inzibati məsuliyyətin yaranması üçün əsas hüquqi və fiziki şəxslərin konsiqnasiya yolu ilə xaricə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan edildiyi gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsinin təmin edilməməsi çıxış edir. Belə olan halda, qanunvericiliyin tələbinə görə malların ixracı bəyan edildiyi gündən qanunla müəyyən edilmiş 180 gün müddət ərzində müvafiq olaraq pul vəsaitinin Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesaba köçürülməsi təmin edilmədikdə, növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir. Hazırki xətaya görə isə inzibati tənbeh tədbiri xətanın törədildiyi gündən bir il keçənədək verilə bilər. Belə ki, Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Bundan başqa, “Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, hüquq nəzəriyyəsində "davam edən hüquqpozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. "Davam edən hüquqpozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquqpozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. Eyni zamanda, “Azərbaycan Respublikası İXM-nin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında qeyd edilmişdir ki, Qanunverici inzibati tənbehin tətbiqinin müddətini müəyyən edərkən, ilk növbədə, inzibati xətanın aşkar edilməsi və müvafiq icraatın aparılması meyarlarından çıxış edir. Digər tərəfdən, inzibati tənbeh vermə müddətinin üç ay müəyyən edilməsi onunla izah olunur ki, qanunverici “prosessual qənaət” prinsipinə əsaslanaraq məhkəmə prosesinin əsassız olaraq uzadılmasının qarşısını almış olur. Belə yanaşma işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. X4 Məcəlləsinin 111.1-ci maddəsinə uyğun olaraq, inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Hazırki işin hallarından müəyyən edilir ki, X8 tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər 4 gömrük bəyannaməsi əsasında ixrac etdiyi yüklərin (yemlik arpa və yemlik qarğıdalı) müqabilində qaytarılmalı olan pul vəsaiti qanunla müəyyən edilən 180 gün ərzində qaytarılmamışdır. Qanunvericilikdə nəzərdə tutulmuş 180 (yüz səksən) gün müddətin 10 yanvar 2022-ci il tarixdə başa çatması nəzərə alındıqda, növbəti gün, yəni xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədildiyi gün hesab olunur. Belə olan halda məhkəmə hesab edir ki, barəsində icraat aparılan X8 həmin tarixdən 1(bir) il müddətinə, yəni xx.xx.2023-cü il tarixə kimi inzibati məsuliyyətə cəlb edilə bilərdi. Odur ki, şikayətdə qeyd edilənin əksinə olaraq səlahiyyətli orqan tərəfindən şəxs barəsində inzibati məsuliyyətə cəlb etmə müddəti ötürülməmiş, xx.xx.2022-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, İXM-nin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Hazırki iş üzrə xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, həmin qərardan 2 ay 6 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə X8 barəsində inzibati tənbeh tədbiri tətbiq olunmuşdur. Göründüyü kimi, səlahiyyətli orqan tərəfindən İXM-nin 38.3-cü maddəsinin tələbləri də gözlənilmiş, şəxsin inzibati məsuliyyətə cəlb etmə müddəti ilə əlaqədar hər hansı bir pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 dekabr 2020-ci il tarixli "Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinin Azərbaycan Respublikası CM- nin 208-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair qərarına əsasən Azərbaycan Respublikası CM-nin 208-ci maddəsinə müvafiq dəyişiklik edilənədək xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində xeyli və ya külli miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmasını təmin etməyən fiziki şəxs Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinin "Qeyd" hissəsinin tələbləri nəzərə alınmaqla inzibati məsuliyyətə cəlb oluna bilər. İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin qeydində göstərilmişdir ki, bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. X3 2021-ci ilin iyun ayında 4 bəyannamə üzrə ixrac etdiyi malların ümumilikdə dəyəri 68.340 ABŞ dolları (116178,00 manat) olsa da, o 116178,00 manatın 20 faizindən 30 faizinədək deyil, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 dekabr 2020-ci il tarixli qərarına uyğun olaraq 10000,00 manat məbləğində inzibati məsuliyyətə cəlb edilə bilər ki, onun barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda bu tələbə də əməl edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük idarəsinin xx.xx.2022-ci il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X3 həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük idarəsinin xx.xx.2022-ci il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-3608/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3608/2023
02.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver