Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3609/2024 03.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X5 iclas katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 18050627 nömrəli və xx.xx.2023-cü il tarixli, EQ 18173092 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək barəsində DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 18050627 nömrəli və xx.xx.2023-cü il tarixli, EQ 18173092 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Toyota Corolla minik markalı 99 0X 796 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozduğuna görə inzibati qaydada cərimə olunmuş, həmin cəriməni qanunla müəyyən olunmuş müddət ərzində ödədəmədiyinə görə isə barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Binəqədi rayon məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə o həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək sürücülük hüququ 06 ay müddətə məhdudlaşdırılmışdır. Bundan sonra o barəsində İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmasına əsas olmuş inzibati cəriməni dəbbə pulu ilə birlikdə ödəmiş, bu barədə qəbzi əlavə etməklə müvafiq vəsatətlə Bakı şəhəri Binəqədi rayon məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 02 noyabr 2023-cü il tarixli 3(001)-4026/2023 saylı qərarı ilə Binəqədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(001)-4026/2023 saylı inzibati tənbeh haqqında qərarı üzrə icraata xitam verilmiş və məhdudlaşdırma ləğv edilmişdir. Bununla da, həmin vaxtdan, yəni 02 noyabr 2023-cü il tarixdən etibarən onun nəqliyyat vasitəsini idarə etməyə hər hansı məhdudiyyət olmamış, həmin hüququ bərpa olunmuşdur. Buna baxmayaraq, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə xüsusi texniki cihaz vasitəsi ilə sürət həddini aşmağı qeydə alınmış və hər iki vaxtda onun sürücülük hüququ məhdudlaşdırılmış şəxs kimi nəqliyyat vasitəsini idarə etməyi əsası ilə İXM-nin 332.3-ci maddəsi ilə 300 manat məbləğində cərimə edilmiş, bu barədə elektron qərarlar qəbul edilmişdir. Həmin qərarları qanunsuz hesab edir, çünki, həmin vaxt onun nəqliyyat vasitəsini idarə etmək hüququ olmuş, həmin vaxtlardan 10 gün müddətdən artıq əvvəl nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması ləğv edilmişdi. Ona görə də, onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta Bu Məcəllənin 332.3-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi) törədilməmişdir, onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri mövcud deyildir, eyni zamanda ümumiyyətlə İXM-nin 332.3 -cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi mövcud deyil. Şikayətçi yuxarıda göstərilənləri əsas tutaraq, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 18050627 nömrəli və xx.xx.2023-cü il tarixli, EQ 18173092 nömrəli inzibati tənbehvermə haqqında qərarınların ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən X2 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 18050627 nömrəli və xx.xx.2023-cü il tarixli, EQ 18173092 nömrəli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsini məhkəmədən xahiş etdi. İnzibati orqan AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.Buna görə də, məhkəmə işə inzibati orqan AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin səlahiyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin çıxışını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli EQ 18050627 saylı inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 300 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli EQ 18173092 saylı inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 300 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan Binəqədi rayon Məhkəməsinin 3(001)-4026/2023 saylı, 02 noyabr 2023-cü il tarixli qərarı əsasən məlum olur ki, X4 nəqliyyat vasitələrini idarəetmə hüququnun 06 ay müddətinə məhdudlaşdırılması barədə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(001)-4026/2023 saylı inzibati tənbeh tətbiq etmək haqqında qərarı üzrə icraatı xitam verilməsi və məhdudlaşdırmanın ləğvi qərara alınmışdır. İşin araşdırılmış hallarından görünür ki, X6, xx.xx.2023-cü il tarixində, saat 19:44 radələrində Sabuncu-Zabrat-Kürdaxanı yolunda “Toyota Corolla ” minik markalı, ** OX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 14 km/saat həddində aşmağa görə, İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi səbəbindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinərək barəsində 300 manat məbləğində, daha sonra xx.xx.2023-cü il tarixdə saat 09.59 radələrində Koroğlu MTS alov park qarşısında “Toyota Corolla ” minik markalı, ** OX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən dayanma-durma qaydalarını pozduğuna görə İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi səbəbindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinərək barəsində 300 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Lakin iş materiallarından aydın olur ki, X4 nəqliyyat vasitələrini idarəetmə hüququnun 06 ay müddətinə məhdudlaşdırılması barədə qərar 02 noyabr 2023-cü il tarixdə ləğv edilmişdir. Buna görə də , X6 haqlı olaraq şikayəti ondan ibarətdir ki, inzibati xətanın müəyyən edildiyi tarixdə onun sürücülük vəsiqəsi olmuşdur. Belə ki, X6 barəsində qəbul edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 18050627 nömrəli və xx.xx.2023-cü il tarixli, EQ 18173092 nömrəli inzibati xəta haqqında iş üzrə qərarları əsassız olaraq AR İXM-nin 332.3-cü maddəsi tətbiq edilməklə qəbul edilmişdir. X3 nəqliyyat vasitələrini idarəetmə hüququ 02 noyabr 2023-cü il tarixdən bərpa edilmişdir. Belə olan halda, həmin qərar əsaslı və qanuni hesab edilə bilməz və protokol tərtib edən inzibati orqan tərəfindən qeyd edilən hallar nəzərə alınmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə üç yüz manat məbləğində cərimə edilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir.Həmin Məcəllənin 124.4-cü maddəsinə görə Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Həmçinin, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 18050627 nömrəli və xx.xx.2023-cü il tarixli, EQ 18173092 saylı inzibati tənbeh vermə haqqında qərarlarından verdiyi şikayət təmin edilməli, həmin qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : Şikayət qismən təmin olunsun. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 18050627 nömrəli və xx.xx.2023-cü il tarixli, EQ 18173092 nömrəli inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında materiallar yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi və ya təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-3609/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3609/2024
03.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver