Məhkəmə qərarları › İş №3(001)-3634/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3634/2022

20.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3634/2022 20.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X4 iclas katibliyi, Barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə X1 MN ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayətə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər idarəsinin MN ******* saylı, xx.xx.2021-ci il tarixli qərarından şikayət verərək şikayətində Bakı şəhəri, Nərimanov rayonu, Tikinti Materialları Bazrının arxa tərəfində yerləşən daş kəsimi sexinin fəaliyyət göstərmədiyini, heç bir ekoloji çirklənməyə səbəb olmadığını, nə protokol tərtib edilərkən, nə də inzibati qərar qəbul edilərkən onun iştirakının təmin edilmədiyini göstərmişdir. Əsassız tərtib edilmiş qərarın qanunsuz olduğu üçün ləğv edilməsini xahiş etmişdir. X2 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər idarəsi tərəfindən tərtib olunmuş MN ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında qərar qanunsuz və əsassızdır. Bu səbəbdən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. O məhkəməyə vergi bəyənnamələri təqdim edərək həmin qərar qəbul edilən dövrdə ümumiyyətlə fəaliyyət göstərmədiyini qeyd betmişdir. İnzibati orqanın nümayəndəsi əvvəlki məhkəmə iclasında iştirak edən zaman qərarın əsaslı tərtib edilməsi ilə bağlı zəruri sübutları məhkəməyə təqdim edə bilməmiş, dəfələrlə məhkəmə iclası təxirə salınsa inzibati orqanın nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə iclasının inzibati orqanın nümayəndəsinin iştirakı olmadan keçirilməsi məqsədəuyğun hesab edilmişdir Məhkəmə şikayətçinin izahatını, dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki: 1) Hazırki inzibati xəta ilə bağlı toplanmış materiallardan görünür ki, inzibati xəta haqqında qərarl İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə tərtib edilmiş qərarda İXM-nin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi üzrə protokolun xx.xx.2021-ci il tarixdə tərtib edildiyi qeyd edilmişdir. İXM-n in 103.1-ci maddəsinə görə inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Göründüyü kimi protokol xx.xx.2021-ci il tarixdə tərtib edilməsinə baxmayaraq inzibati tənbeh haqqında qərar xx.xx.2021-ci il tarixdə, yəni 01 ay 07 gün sonra qəbul edilmişdir. 2) Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati xəta haqqında qərar tərtib edilərkən şikayətçinin iştirakı təmin edilməmiş, ona hüquq və vəzifələri izah edilməmiş və bu barədə qərarda qeyd aparılmamışdır. Halbuki qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən bir qayda olaraq hər bir şəxsə onun barəsində aparılan icraatla bağlı hüquq və vəzifələri dərhal izah edilməli, eləcə də onun hüquq və vəzifələrinin aydın olması barədə protokolda müvafiq qeyd aparılmalıdır. 3) Barəsində İXM-nin 271-ci maddəsi ilə protokol tərtib etmiş şəxs tərəfindən həmin maddənin dispozisiyasında qeyd edilən xətanın törədilməsi ümumiyyətlə iş materialları ilə müəyyən edilmir. Həmin normanın tələbinə görə sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi inzibati xəya hesab edilir. Lakin məhkəmə iclası dəfələrlə müvafiq sübutların məhkəməyə təqdim edilməsi üçün təxirə salınsa da inzibati orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iş materialları ilə qalaqlanan tullantıların yandırılmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. 4) Həmçinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Müvafiq Qanunun 2.1-ci maddəsinə görə bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Qanunun 2.2-ci maddəsinə görə Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara münasibətdə isə həmçinin 26-cı maddəsi istisna olmaqla) vergi yoxlamalarına, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara və maliyyə bazarları sahəsində aparılan yoxlamalara şamil edilmir. Göründüyü kimi planlı (növbəli) və ya plansız (növbədən kənar) yoxlama vahid məlumat reyestrində qeydə alınmadan həyata keçirildiyindən inzibati orqanının qərar qəbul edərkən istinad etdiyi aktların heç bir hüquqi nəticəsi yoxdur. Odur ki, məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamışdır. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Hətta təqsir sübut edilsə belə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun qaydada yoxlama həyata keçirilmədiyindən hüquqi şəxs inzibati xəta üzrə məsuliyyətə cəlb edilə bilməz. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. AR İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər idarəsinin MN ******* saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar