Məhkəmə qərarları › İş №3(001)-3639/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3639/2021

01.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3639/2021 01.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X6 iclas katibliyi, X1, İnzibati orqan Bakı Nəqliyyat Agentliyinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, X1 Bakı Nəqliyyat Agentliyinin 16.09.2021-ci il tarixli, BNA ******* saylı qərarın ləğv olunması barədə şikayətə Binəqədi Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X2 Bakı Nəqliyyat Agentliyinin 16.09.2021-ci il tarixli, BNA ******* saylı qərarından şikayət ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş qərar təhlükəsiz şəhər kameraları vasitəsilə aşkar olunmuş və Azərbaycan Respublikası İXM-nin 122-ci maddəsi tətbiq edilməklə qərar qəbul edilmişdir.O, hesab edir ki, protokol əsassız və qanunsuzdur. X2 yuxarıda göstərilənlərini rəhbər tutaraq Bakı Nəqliyyat Agentliyinin 16.09.2021-ci il tarixli, BNA ******* saylı qərarın ləğv olunması ilə bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsində qeyd edilənləri təkrarlayaraq şikayətinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən Bakı Nəqliyyat Agentliyinin etibarnamə üzrə nümayəndəsi X5 izahatında və məhkəməyə təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, X8 idarə etdiyi “Renault Megane” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 16.09.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində saat 11:24-dən 11:27-dək yolun hərəkət hissəsinin sağ tərəfində cərgə sırasını pozaraq saxlamışdır. Halbuki “Yol hərəkəti haqqında” Qanunun 52-ci maddəsinin İ hissəsinə əsasən, nəqliyyat vasitələrinə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir.Lakin inzibati xəta hadisəsini fiksə edən fotoşəkillərdən göründüyü kimi həmin avtomobil cərgə sırasını pozmuş və nəticədə həmin yolun hərəkət hissəsində olan, həm də arxada olan nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırmışdır. X4 şikayətində qeyd etdiyi xüsusatlar isə inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas ola bilməz.Göstərilənlərə əsasən şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. İş materiallarına əlavə edilmiş Bakı Nəqliyyat Agentliyinin 16.09.2021-ci il tarixli, BNA ******* saylı qərarına əsasən məlum olur ki, X8 idarə etdiyi “Renault Megane” markalı, **- SV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 16.09.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində saat 11:24-dən 11:27-dək yolun hərəkət hissəsinin sağ tərəfində cərgə sırasını pozaraq saxladığından Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməklə cərimə cəzası tətbiq olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 57.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: 57.6.1. nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; 57.6.2. nəqliyyat vasitəsinin istifadəçisi bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); 57.6.3. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, yaxud nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi zamanı barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərarın verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); 57.6.4. bu Məcəllənin 97.4-cü maddəsində nəzərdə tutulmuş halda barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərar verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda). Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Azərbaycan Respublikası İXM-nin 124.6-cı maddəsinə əsasən bu Məcəllənin 346.1 346.2, 346-1.2, 346-1.3-cü və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və nəqliyyat vasitəsinin mühafizə edilən duracağa aparılması mümkün olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət rədd olunmalıdır. Belə ki, məhkəmə tərəfindən tərəflərin izahatına, iş materiallarına və fotoşəklə əsasən məlum olur ki, X8 idarə etdiyi “Renault Megane” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 16.09.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində saat 11:24-dən 11:27-dək yolun hərəkət hissəsinin sağ tərəfində cərgə sırasını pozaraq saxlamışdır. Halbuki “Yol hərəkəti haqqında” Qanunun 52-ci maddəsinin İ hissəsinə əsasən, nəqliyyat vasitələrinə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Lakin inzibati xəta hadisəsini fiksə edən fotoşəkillərdən göründüyü kimi, həmin avtomobil cərgə sırasını pozmuş və nəticədə həmin yolun hərəkət hissəsində olan, həm də arxada olan nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırmışdır. X4 şikayətində qeyd etdiyi xüsusatlar isə inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Beləliklə, şikayətçi inzibati xəta törətməsini inkar edən hər hansı sübutu iş materiallarına əlavə etməmiş və ya məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, X1 Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 16.09.2021-ci il tarixli BNA ******* saylı qərarın ləğv olunması barədə verdiyi şikayət rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı Nəqliyyat Agentliyinin 16.09.2021-ci il tarixli, BNA ******* saylı qərarın ləğv olunması barədə verdiyi şikayət rədd edilsin. Qərardan 10 (on) gün müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar