Məhkəmə qərarları › İş №3(001)-3646/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3646/2025

22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3646/2025 22.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, «X5» ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 326-cı maddəsi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «X5» ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional İdarəsinin inspektoru X1 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 14:55 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Qars küçəsində «X5» ASC-yə məxsus yük daşımalarını yerinə yetirən Ford Transit markal, 99JH620 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılmaması, həmçinin həmin nəqliyyat vasitəsinin sürücüsünün reysqabağı tibbi müayinəsinin təşkil edilməməsi aşkar edilmişdir. Nəticədə “X5” ASC barəsində İXM-nin 326-cı maddəsi ilə protokol tərtib edilmişdir. «X5» ASC tərəfindən elektron məhkəmə informasiya sisteminə əlavə edilmiş etirazda göstərilmişdir ki, 06 may 2025-ci il tarixdə Şəxs açıq səhmdar cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilib. Protokola əsasən Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinin pozaraq sürücünün reysqabağı tibbi müayinəsini təşkil etməmişdir. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi” Qaydalarının 1.2-ci bəndinə qeyd edilir ki, “Bu Qaydanın müddəaları avtomobil nəqliyyatı ilə kommersiya məqsədli müntəzəm və qeyri-müntəzəm sərnişin daşımalarını, taksi minik avtomobilləri ilə sərnişin daşımalarım, habelə beynəlxalq və ölkədaxili yük daşımalarını yerinə yetirən hüquqi şəxslərə və fərdi sahibkarlara şamil edilir. ” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaların 2.1.1 -ci bəndində avtomobil nəqliyyatı ilə kommersiya məqsədli yük daşınmasının açıqlanması verilmişdir: avtomobil nəqliyyatı ilə kommersiya məqsədli yük daşınması — yük daşınması müqaviləsi, yaxud digər qanuni əsaslarla və daşınma haqqı ödənilməklə yerinə yetirilən yük daşımaları. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.4-cü maddəsində də “avtomobil nəqliyyatı ilə kommersiya məqsədli daşımalar”ın anlayışı verilmişdir: 1.0.4. avtomobil nəqliyyatı ilə kommersiya məqsədli daşımalar - sərnişin və ya yük daşınması müqaviləsi yaxud digər qanuni əsaslarla, daşınma haqqı ödənilməklə yerinə yetirilən daşımalar; Həmin Qanunun 1.0.5-ci maddəsinə görə isə - 1.0.5 avtomobil nəqliyyatı ilə təsərrüfat ehtiyacları üçün daşımalar – hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən sərəncamlarında olan avtonəqliyyat vasitələri ilə işçilərinin və ya yüklərinin daşınması məqsədilə və öz hesabına verinə yetirilən daşımalar. Bu cür daşımalar üçün istifadə olunan avtonəqliyyat vasitələri həmin hüquqi şəxslərin və ya fərdi sahibkarların işçiləri tərəfindən idarə olunmalıdır; Şərh olunan normativ aktlarla “avtomobil nəqliyyatı ilə kommersiya məqsədli daşımalar” və “təsərrüfat ehtiyacları üçün daşımalar” anlayışları fərqləndirməklə, imperativ xarakter daşıyan sürücülərin reysqabağı tibbi müayinəsinin təşkil edilməsi yalnız kommersiya məqsədli daşımalarını yerinə yetirən hüquqi şəxslərə və fərdi sahibkarlarlara şamil edilir. Məhkəmənin diqqətinə çatdırırlar ki, Şəxs ASC balansında olan avtomobil nəqliyyatı vasitələri ilə satış nöqtələrinə malları yük daşıması müqaviləsi olmadan və öz hesabına olmaqla təsərrüfat ehtiyacları üçün daşımalar həyata keçirir. Belə olan halda «X6” ASC üçün reysqabağı sürücülərin tibbi müayinəsinin təşkil edilməsi mütləq xarakter daşımadığından Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsinin baş verməməsi qənaətinə gəlmişlər. Hesab edirlər ki, etirazın əsaslandırıcı hissəsində göstərilənlər inzibati xəta haqqında iş üzrə icraatı rədd edən haldır və bu səbəbdən də Şəxs ASC barəsində tərtib edilmiş 06 may 2025-ci il tarixli il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional İdarəsinin 06 may 2025-ci il tarixli il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi Nümayəndə «X5» ASC tərəfindən verilmiş etiraza Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin yazılı münasibətini məhkəməyə təqdim etmişdir. Həmin yazılı münasibətdə göstərilmişdir ki, Şəxs ASC-nin nümayəndəsinin sözügedən işlə əlaqədar tərtib etdiyi etirazda qeyd etdiyi xüsusatları aşağıda göstərilən səbəblərə görə tam qanunsuz və əsassız hesab edirlər. Daşıyıcılar sərəncamlarında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını, sürücülərinin reysqabağı tibbi müayinəsini keçmək barədə vəzifələri məhz ,“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanunun və onun əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 aprel 2009-cu ildə təsdiq etdiyi “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında 71 nömrəli Qərarı ilə tənzimlənir. Məlum olduğu kimi, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanunun 4.0.5-ci maddəsinə əsasən ölkədaxili yük daşımaları – Azərbaycan Respublikasının hüdudları daxilində yerinə yetirilən yük daşımalarıdır. Sözügədən Qanunun 26.3-cü maddəsinə əsasən Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşmalarını yerinə yetirən daşıyıcılar sərəncamlarında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını, sürücülərinin reysqabağı tibbi müayinəsini müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada təşkil etməlidirlər. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanun avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması xidmətlərinin göstərilməsi, həmçinin avtomobil nəqliyyatının infrastruktur obyektləri ilə əlaqədar dövlət orqanları (qurumları), daşıyıcılar, infrastruktur obyektlərinin sahibləri və avtomobil nəqliyyatı xidmətlərinin istehlakçıları arasında yaranan hüquqi və iqtisadi münasibətlərə tətbiq olunur. Qanunverici sözügedən Qanunun məhz kimlərə şamil edilməməsini bir başa Qanunun 3.2-ci maddəsində təsbit etmişdir. Həmin 3.2-ci maddəsinə əsasən Bu Qanunun müddəaları aşağıdakılara şamil edilmir: Həmin Qanunun 3.2.4-cü maddəsinə əsasən hüquqi şəxslərin və fərdi sahibkarların xidməti istifadəsi üçün nəzərdə tutulmuş minik avtomobilləri ilə yerinə yetirilən daşımalara; Həmin Qanunun 3.2.5-ci maddəsinə əsasən hüquqi şəxslərin və fərdi sahibkarların ümumi istifadədə olan avtomobil yollarına çıxmadan yerinə yetirdiyi texnoloji və təsərrüfatdaxili (müəssisələrin, obyektlərin daxilində) avtomobil nəqliyyatı ilə daşımalarına. Göründüyü kimi, Şəxs ASC sözügedən Qanunun 3.2-ci maddəsində sadalananlara hər-hansı bir aidiyyəti yoxdur. Yuxarıda sadalanan hüquqi aktlardan da göründüyü kimi, Şəxs ASC yükdaşıma həyata keçirdərkən sözügedən sahənin tənzimləyən hüquqi aktlara riayyət etməliydi. Məlum olduğu kimi,“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanunu Azərbaycan Respublikasının ərazisində avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir, bu sahədə dövlət orqanları (qurumları), daşıyıcılar və avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları üzrə xidmətlərin istehlakçıları arasında yaranan münasibətləri tənzimləyir. Göründüyü kimi, Azərbaycan Respublikasının ərazisində avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir, bu sahədə dövlət orqanları (qurumları), daşıyıcılar və avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları üzrə xidmətlərin istehlakçıları arasında yaranan münasibətlərini məhz “Avtomobil Nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanunu tənzimləyir və həmin qanunla hər- hansı bir digər qanunun arasında ziddiyət yoxdur. Eyni zamanda Şəxs ASC-nin nümayəndəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydaları”nın 1.2-ci bəndini ( Bu Qaydanın müddəaları avtomobil nəqliyyatı ilə kommersiya məqsədli müntəzəm və qeyri-müntəzəm sərnişin daşımalarını, taksi minik avtomobilləri ilə sərnişin daşımalarını, habelə beynəlxalq və ölkədaxili yük daşımalarını yerinə yetirən hüquqi şəxslərə və fərdi sahibkarlara şamil edilir.) düzgün təsvir etməyərək orada kommersiya sözünü bütün daşıyıcılara şamil edib. Əslində isə maddənin məzmunundan göründüyü kimi orada 3 kateqoriya da olan müxtəlif daşınma faliyyəti ilə məşqul olan daşıyıcılar sadalanıb.

1. kommersiya məqsədli müntəzəm və qeyri-müntəzəm sərnişin daşımalarını;

2. taksi minik avtomobilləri ilə sərnişin daşımalarını;

3. habelə beynəlxalq və ölkədaxili yük daşımalarını yerinə yetirən hüquqi şəxslərə və fərdi sahibkarlar; Göründüyü kimi kommersiya faliyyəti göstərilməsi məhz, kommersiya məqsədli müntəzəm və qeyri-müntəzəm sərnişin daşımalarına aiddir. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci madəssinin 1.0.9 bəndində daşıyıcının açıqlaması ətraflı şəkildə qeyd olunub: 1.0.9. daşıyıcı daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində sərnişin və yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkar başa düşülür. Sahibkar daşıdığı mala görə ayrıca haqq almasada, o bu daşımanı malın satışı üçün həyata keçirir və bu satışdan təbii ki gəlir əldə edir. Belə olduqda bu formada fəaliyyət həyata keçirən hüquqi şəxslər əldə edəcəyi gəliri həsablayaraq yükdaşımadan əlavə haqq tələb etmirlər. Sözügedən ASC bildiyimiz qədər qanuni əsəslarla faliyyət göstərir, və alkoqollu və digər məhsullarına, qanuni əsaslarla, qiymət formalaşdıraraq, satışını həyata keçirir. Göründüyü kimi, ASC gəlir etmək üçün satışını təşkil etdiyi məhsulların istehsalçıdan alıcıya çatdırılmasını (daşınmasını) qanuni əsaslarla, qiymət formalaşdıraraq həyata keçirir.Bu zaman o həmin daşımanı ümumi istifadədə olan yollardan istifadə etməklə daşıyır.Onu da xüsusilə qeyd etmək istərdik ki, məlum olduğu kimi, məhsulların satış qiymətlərinin formalaşdırılması zamanı həmin məhsulların həm istehsal, həm də daşıma zamanı çəkilər xərclər nəzərə alınmaqla formalaşdırılır(benzin pulu, sürücüyə ödənilən əmək HAQQİ və sair) “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci madəssinin 1.0.4 bəndində - avtomobil nəqliyyatı ilə kommersiya məqsədli daşımalar - sərnişin və ya yük daşınması müqaviləsi yaxud digər qanuni əsaslarla, daşınma haqqı ödənilməklə yerinə yetirilən daşımalar; - bu halda daşınma haqqı artıq qiymətin formalaşmasında nəzərə alınmış olunur. Mübahisə edilməyən bir faktdır ki,əgər hüquqi şəxs daşıdığı yükdən gəlir əldə etməsəydi o bu daşımanı həyata keçirməzdi. Yuxarıda qeyd edildiyi kimi, həmçinin o da mübahisə edilməyən bir faktdır ki, yükdaşıyan daşıdığı məhsulların daşınması zamanı yuxarıda qeyd edilən bütün xərcləri (benzin pulu, sürücünün əmək haqqını, və sair) nəzərə alır. Əgər hüquqi şəxs yükdaşımadan haqq almadığına görə ziyana düşsəydi, xidmətini bu formada qətiyyən həyata keçirməzdi. Digər tərəfdən qeyd etmək istəyirlər ki, İXM-nin 326-cı maddəsi yolda təhlükəsizliyin və yol hərəkət iştirakçılarının insanların həyat və sağlamlığının qorunmasının təmini edilməsi məqsədilə ümumi qaydada haqq müqabilində olub- olmamasını fərqini qoymadan sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə tənbeh nəzərdə tutulur. Bundan başqa İXM-də nəzərdə haqq müqabilində və ödənişsiz əsası ilə ayrı-ayrı normalar İXM-də nəzərdə tutulmadığınnan 326-cı maddəsi ilə bütün sərnişin və yük daşımalara aid münasibətləri tənzimləməklə bu xidmətləri həyata keçirənlər üzərində öhdəlik müəyyənləşdirir. Hər tərəfli yanaşmada, Şəxs ASC bir başa İXM 326-cı maddəsinin təsiri dairəsinə düşür. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi Nümayəndə etirazın məzmununa uyğun izahat verdikdən sonra Şəxs ASC-nin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq Şəxs ASC nümayəndəsi məhkəmə iclasına gəlməmiş, elektron məhkəmə informasiya sisteminə əlavə edilmiş ərizədə işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə qeyd edilən ərizəni nəzərə alıb, qanunvericiliyin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “X5” ASC barəsində İXM-in 326-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli “Avtomobil nəqliyyatı ilə daşımalar sahəsində pozuntunun aşkar olunması haqqında” aktdan görünür ki, həmin tarixdə saat 14:55 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Qars küçəsində X5” ASC-nin mülkiyyətində olan “Ford TR” markalı, 99JH620 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli, 71 nömrəli qərarı ilə təsdiq edilmiş, avtomobil nəqliyyatı ilə yük daşımaları yerinə yetirən daşşıyıcılar tərəfindən mülkiyyət və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi qaydasının 2.2, 3.2 bəndlərinin tələblərini pozduğu aşkar olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokola əlavə edilmiş diskə baxış zamanı müəyyən edilmişdir ki, X5” ASC-yə məxsus olan “Ford Transit yük” markalı, 99JH620 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə qanunvericiliyin tələbləri izah edilmiş, sürücüyə avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi qaydasının pozulduğu bildirilmişdir. Məhkəmə, səlahiyyətli orqanın nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, «X5» ASC tərəfindən İXM-in 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası”nın: 1.2-ci maddəsinə əsasən bu Qaydanın müddəaları avtomobil nəqliyyatı ilə kommersiya məqsədli müntəzəm və qeyri-müntəzəm sərnişin daşımalarını, taksi minik avtomobilləri ilə sərnişin daşımalarını, habelə beynəlxalq və ölkədaxili yük daşımalarını yerinə yetirən hüquqi şəxslərə və fərdi sahibkarlara şamil edilir. 2.2-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 142 nömrəli qərarı ilə təsdiq edilmiş Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydalarının 1.7-ci bəndinə əsasən: 1.7. Bu Qaydalar aşağıda göstərilən avtomobil daşımalarına şamil edilmir: 1.7.1. kommunal və təcili tibbi yardım xidmətlərə məxsus, həmçinin Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təxirəsalınmaz təcili xidmətlərə aid edilmiş avtonəqliyyat vasitələri ilə yerinə yetirilən daşımalara; 1.7.2. müdafiə, ictimai asayişin qorunması və fövqəladə halların aradan qaldırılması ilə əlaqədar olan avtomobil daşımalarına; 1.7.3. dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının, büdcədənkənar dövlət fondlarının, xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi və xidməti istifadəsi üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitələri ilə yerinə yetirilən daşımalara; 1.7.4. hüquqi şəxslərin və fərdi sahibkarların ümumi istifadədə olan avtomobil yollarına çıxmadan yerinə yetirdiyi texnoloji və təsərrüfatdaxili (müəssisələrin, obyektlərin daxilində) avtomobil nəqliyyatı ilə daşımalarına; 1.7.5. fiziki şəxslərin mülkiyyətində, yaxud istifadəsində olan avtonəqliyyat vasitələri ilə şəxsi ehtiyaclar üçün yerinə yetirdikləri daşımalara. İXM-in 326-cı maddəsinə əsasən sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “X5” ASC mülkiyyətində olan “Ford Transit yük” markalı, 99JH620 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə malları satış nöqtələrinə malları yük daşıması müqaviləsi olmadan və öz hesabına olmaqla daşımışdır. Keçirilmiş yoxlama zamanı həmin nəqliyyat vasitəsinin reysqabağı texniki müayinədən keçməməsi aşkar edilmişdir. Bu hal iş materiallarına əlavə edilmiş, diskdə olan video-görüntü, həmçinin foto-görüntülər, “Avtomobil nəqliyyatı ilə daşımalar sahəsində pozuntunun aşkar olunması haqqında” akt və digər iş materialları ilə öz təsdiqini tapır. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə hüquqi şəxs «X5» ASC tərəfindən məhkəməyə təqdim edilmiş etirazda da avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsi hüquqi şəxs tərəfindən təkzib edilməmişdir. Belə ki, etirazda göstərilmişdir ki, imperativ xarakter daşıyan sürücülərin reysqabağı tibbi müayinəsinin təşkil edilməsi yalnız kommersiya məqsədli daşımalarını yerinə yetirən hüquqi şəxslərə və fərdi sahibkarlarlara şamil edilir. Şəxs ASC balansında olan avtomobil nəqliyyatı vasitələri ilə satış nöqtələrinə malları yük daşıması müqaviləsi olmadan və öz hesabına olmaqla təsərrüfat ehtiyacları üçün daşımalar həyata keçirir. Belə olan halda «X6” ASC üçün reysqabağı sürücülərin tibbi müayinəsinin təşkil edilməsi mütləq xarakter daşımır. Məhkəmə qeyd edir ki, yuxarıda avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydalarının hansı avtomobil daşımalarına şamil edilmədiyi konkret olaraq qeyd olunmuşdur. Hüquqi şəxslərin və fərdi sahibkarların ümumi istifadədə olan avtomobil yollarına çıxmadan yerinə yetirdiyi texnoloji və təsərrüfatdaxili (müəssisələrin, obyektlərin daxilində) avtomobil nəqliyyatı ilə daşımalarına həmin qaydaların şamil olunmadığı müəyyən edilir. Lakin qanunverici tərəfindən təsərrüfatdaxili dedikdə, müəssisələrin, obyektlərin daxilində olan daşımaların nəzərdə tutulması göstərilmişdir. Həmin qayda yalnız daşımaların ümumi istifadədə olan avtomobil yollarına çıxmadan həyata keçirildiyi hallar aiddir. Eyni zamanda «X5» ASC-nin etirazından belə qənaətə gəlmək olar ki, hüquqi şəxsin səlahiyyətli nümayəndələri avtomobil nəqliyyatı vasitələri ilə satış nöqtələrinə malları yük daşıması müqaviləsi olmadan və öz hesabına olmaqla daşınmağı kommersiya məqsədli olmayan daşıma hesab etmişlər. Qeyd edilməlidir ki, hazırki iş üzrə «X5» ASC-yə məxsus olan “Ford Transit yük” markalı, 99JH620 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə malalr satış nöqtələrinə ümumi istifadədə olan avtomobil yollarından istifadə edərək kommersiya məqsədi ilə çatdırır. Bu hal xx.xx.2025-ci il tarixdə, saat 14:55 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Qars küçəsində AYNA əməkdaşları tərəfindən aşkar edilərək bu barədə protokol tərtib edilmişdir. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin əsasən ümumi istifadədə olan avtomobil yolları tabeliyindən asılı olmayaraq ölkə ərazisində avtomobil yollarının bütün istifadəçilərinin tələbatını təmin edən avtomobil yolları şəbəkəsindən ibarətdir. Göründüyü kimi, hazırki iş üzrə “«X5» ASC-yə məxsus olan “Ford Transit yük” markalı, 99JH620 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satış nöqtələrinə malları daşıması təsərrüfatdaxili avtomobil nəqliyyatı ilə daşımalara aid edilə bilməz və kommersiya məqsədli daşıma hesab edilməlidir. Məhkəmə hüquqi şəxsin etirazında göstərilən mövqe ilə razılaşmır və hesab edir ki, həmin daşıma məhz kommersiya məqsədli yük daşımadır. Belə ki, cəmiyyət tərəfindən mallar satış nöqtələrinə qeyri kommersiya məqsədləri üçün deyil, kommersiya məqsədi ilə, yəni sataraq gəlir əldə etmək məqsədi ilə daşınılır. Odur ki, «X5» ASC-yə məxsus olan “Ford Transit yük” markalı, 99JH620 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, həmçinin həmin nəqliyyat vasitəsinin sürücüsünün reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməsi təmin edilməmişdir. Bununla da, cəmiyyət tərəfindən İXM-in 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. «X5» ASC tərəfindən İXM-in 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, xx.xx.2025-ci il tarixli “Avtomobil nəqliyyatı ilə daşımalar sahəsində pozuntunun aşkar olunması haqqında” akt və iş materiallarında olan diskdəki foto və video görüntülərlə tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; İXM-in 9.1 -ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; İXM-nin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir; İXM-nin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; İXM-nin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Məhkəmə iclasında «X5» ASC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə, «X5» ASC-nin törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və digər halları nəzərə alaraq hesab edir ki, «X5» ASC İXM-in 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Hüquqi şəxs «X5» ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 2000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar