Məhkəmə qərarları › İş №3(001)-365/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-365/2022

28.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-365/2022 28.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X4, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 iştirakları ilə, 03.06.1958-ci il tarixdə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, İİ dərəcəli əlilliyi olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X8 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən X8 barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş 28.01.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X9 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17.05.2021-ci il tarixli, 2(001)-2860/2021 nömrəli icra sənədində əsasən X3 17130 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 17160 manat X1 xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17.05.2021-ci il tarixli, 2(001)-2860/2021 nömrəli icra sənədi üzrə X8 borcunu tam icra etmədiyindən hazırkı günə kimi 16660 (on altı min alı yüz altmış) manat borcu yaranmışdır. İcra sənədinin icrası ilə əlaqədar zəruri icra tədbirləri görülməsinə baxmayaraq X8 borcunu üzrsüz səbəbdən icra etmədiyi üçün, sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, icra işi üzrə borclu X5 yaşadığı ünvana baxış keçirilmiş və sonuncunun yaşadığı mənzildə tələbin yönələ biləcəyi əmlak müəyyən edilməmişdir. Həmçinin elektron sistemlə X5 adına daşınar və daşınmaz əmlakın olub-olmaması yoxlanılmış, lakin onun adına hər hansı bir əmlakın olması müəyyən edilməmişdir. Bundan başqa X5 icra işinin icra edilməsi üçün digər məcburi icra tədbirləri həyata keçirilməmiş, sonuncunun adına banklarda və kredit təşkilatlarında pulunun olması yoxlanılmamışdır. Odur ki, X5 inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17.05.2021-ci il tarixli, 2(001)-2860/2021 nömrəli icra sənədində əsasən ondan 17130 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 17160 manat X1 xeyrinə tutulması qət edilmişdir. O, sözügedən qətnamənin icrasından yayınmır, maddi imkanı olmadığı üçün borcunu tam şəkildə ödəyə bilmir. Həmçinin bildirmək istəyir ki, X1 bank hesabı olmadığından borcundan 500 (beş yüz) manat Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin depozit hesabına ödəniş etmişdir. Bundan başqa heç yerdə işləmir, xəstədir və ürək əməliyyatı keçirmiş, eyni zamanda 2-ci dərəcəli əlildir. Hər ay borcundan 500 (beş yüz) manat ödəniş etmək istəyir. Odur ki, məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17.05.2021-ci il tarixli, 2(001)-2860/2021 nömrəli icra sənədində əsasən X3 17130 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 17160 manat onun xeyrinə tutulması qət edilmişdir. X8 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17.05.2021-ci il tarixli, 2(001)-2860/2021 icra sənədi üzrə borcunu tam icra etmədiyindən hazırkı günə ona 16660 (on altı min alı yüz altmış) manat borcu yaranmışdır. O, X6 21201 (iyirmi bir min iki yüz bir) manat pul vermiş, lakin məhkəmə iclasında sənəd təqdim edə bilmədiyi üçün məhkəmə 17130 (on yeddi min yüz otuz) manatın odənilməsini qət etmişdir. O, X3 pulunu tam tələb edir. Ona görə də, məhkəmədən X5 inzibati qaydada tənbeh olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17.05.2021-ci il tarixli, 2(001)- 2860/2021 nömrəli icra sənədində əsasən X3 17130 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 17160 manat X1 xeyrinə tutulması qət edilmişdir. 26.11.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, X8 barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. "xxxx" ASC-nin qəbzindən görünür ki, X8 tərəfindən 25.01.2022-ci il tarixdə Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin hesabına 500 manat ödənilmişdir. 25.01.2022-ci il tarixli məktubdan görünür ki, X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsdən İİ dərəcəli əlilliyə görə 259.78 manat məbləğində əmək pensiyası alır. 28.01.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X8 icra sənədi üzrə olan borcunu icra etmədiyi üçün barəsində İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib hesab edir ki, X8 barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İXM-in 528.1-ci maddəsinin dispozisiyasında məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17.05.2021-ci il tarixli, 2(001)-2860/2021 nömrəli icra vərəqəsi üzrə X5 icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilə bilməmişdir. Belə ki, X8 məhkəmədə verdiyi izahatında yaranmış borcunu ödəməkdən boyun qaçırmadığını, hissə-hissə ödənişlər etdiyini bildirmişdir. Bu hal icra məmuru və zərərçəkmiş şəxsin izahatı ilə yanaşı məhkəməyə təqdim edilmiş qəbzdə öz təsdiqini tapır. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, icra məmuru tərəfindən müəyyən icra hərəkətləri aparılmış, lakin aparılmış həmin icra hərəkətləri natamam aparılaraq toplanmış sübutlara düzgün qiymət verilmədən X5 inzibati məsuliyyətə cəlb olunması üçün müvafiq protokol tərtib edilmişdir. Belə ki, X8 barəsində toplanmış iş materiallarında icra məmuru tərəfindən borclunun əvvəlcə pul vəsaitlərinin olub-olmaması məsələsinin müəyyən edilməsi vacibliyini araşdırmalı olsa da, icra məmuru bununla bağlı zəruri məcburi icra tədbirlərini həyata keçirməmişdir. Halbuki qanunvericiliyin tələblərinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən, banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. İcra məmuru isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada icra sənədinin icrasını təmin edən məcburi icra tədbirləri görmək əvəzinə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Ona görə də, məhkəmə X5 əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş 28.01.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair X5 əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş 28.01.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair X5 əməlində İXM-in 528.1ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar