Məhkəmə qərarları › İş №3(001)-3651/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3651/2024

07.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3651/2024 07.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X4, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Fatmai kəndində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X6 izahat verərək bildirmişdir ki, X3 20 may 2024-cü il tarixdə DİN 102 xidmətinə zəng edərək Binəqədi rayonu, Ş.Məmmədova küçəsində yerləşən “Bravo” marketdə ödəmə terminalının üzərində pul kisəsini unutması və daha sonra həmin yerdən pul kisəsini tapmaması ilə bağlı məlumat vermişdir. Həmin müraciət əsasında Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsidə araşdırma aparılmış və araşdırma nəticəsində 20 may 2024-cü il tarixdə baş vermiş hadisə ilə bağlı cinayət işinin başlanılması rədd edilmişdir. Həmçinin araşdırma zamanı Şəxs 20 may 2024-cü il tarixdə Binəqədi rayonu, Ş.Məmmədova küçəsində yerləşən “Bravo” marketdə olan ödəmə terminalının üzərindəki pul kisəsini görüb oğurladığı müəyyən edilmişdir. Şəxs saxlanılaraq Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə gətirilmişdir. Bölmədə Şəxs oğurluq etdiyini etiraf etmişdir. Ona görə də, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək “Bravo” marketdən içərisində 100 manat olan bir ədəd pul kisəsini oğurladığını, lakin hazırda zərərçəkmiş şəxs X2 vurduğu ziyanı ödədiyini və sonuncu ilə barışdığını, ona qarşı heç bir şikayətin olmadığını qeyd edib, məhkəmədən barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 hazırda Şəxs ilə barışıq əldə etdiyini, sonuncu tərəfindən ona vurulmuş ziyanın tamamilə ödənildiyini, həmçinin pul kisəsində olan sənədlərin ona qaytarıldığını və ondan heç bir şikayətinin, tələbinin olmadığını qeyd edib, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X1 müraciəti əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və İXM-in 227-ci maddəsinin tələblərinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin aidiyyəti əməkdaşınai qərara alınmışdır. Həmçinin qeyd edilən qərardan müəyyən olunur ki, araşdırma zamanı X2 məxsus pul kisəsinin oğurlanması nəticəsində ona pul kisəsinin qiyməti olan 40 manat və içərisində olan 100 manat pulun, yəni ümumilikdə 140 manat məbləğində maddi ziyanın dəyməsi müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 06 iyun 2024-cü il tarixdə, saat 23:55-də inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 20 may 2024-cü il tarixdə X1 içərisində 100 manat pul olan pul kisəsini Binəqədi rayonu, Ş.Məmmədova küçəsində yerləşən “Bravo” marketdəki ödəmə terminalının üzərindən oğurladığından barəsində İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Zərərçəkmiş şəxs X1 ərizəsindən görünür ki, Şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmiş, sənədləri geri qaytarılmış, sonuncu ilə barışmış və məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ərizəsindən görünür ki, X2 vurulmuş ziyanı ödəmiş, sənədləri geri qaytarmış, zərərçəkən şəxs ilə barışmışdır. Ona görə də, məhkəmədən barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində İXM-in 227-ci maddəsinin tərkib əlamətləri olsa da, həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən Şəxs barəsində olan inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs xırda talama yolu ilə X2 140 (yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla sonuncuya pul kisəsini və içərisindəki pulu oğurlaması ilə bağlı xüusat barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi etiraf edici izahatı ilə yanaşı, məhkəmə iclasında toplanmış sübutlarla öz təsdiqini tapmışdır. Lakin inzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin məhkəməyə təqdim etdiyi ərizədən müəyyən edilmişdir ki, Şəxs tərəfindən xırda talama yolu ilə X2 vurulmuş maddi ziyan tamamilə ödənilmiş və onlar arasında barışıq əldə olunmuşdur. İXM-in 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, İXM-in 227-ci maddində tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Ona görə də, məhkəmə Şəxs dələduzluq yolu ilə X2 vurduğu maddi ziyanı tamamilə ödəməsini və aralarında barışıq olmasını nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutmaqla inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə, qeyd olunanlara və qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs Şəxs barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 39, 40, 43, 48-50, 114-115, 117, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs Şəxs barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar