Məhkəmə qərarları › İş №3(001)-366/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-366/2022

28.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-366/2022 28.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, Novruzova Cəmilə Davud qızının katibliyi, X2 iştirakı ilə, X2 Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin MN ******* saylı, 21.02.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayət ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin MN ******* saylı, 21.02.2021-ci il tarixli tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Şikayət onunla əsalandırılmışdır ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən əsassız olaraq barəsində 12 fevral 2021-ci il tarixdə protokol tərtib edilmiş və bu protokol əsasında 23 fevral 2021-ci il tarixdə inzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. Qərarda onun vəzifəli şəxs kimi epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulması ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2. maddəsi ilə 300 (üç yüz) manat məbləğində cərimə edilməyi göstərilmişdir. Bu qərar tamamilə qeyri-qanuni və əsassızdır, həm protokol, həm də qərar qanunvericiliyin tələblərinin pozulması şəraitində qəbul edilmişdir. Onun tərəfindən karantin rejimi qaydalarının pozulmasına yol verilməmiş, protokol onun iştirakı ilə tərtib edilməmişdir. Ümumiyyətlə sənədlər onun adına olduğundan barəsində protokol və qərar qəbul edilmişdir. Fəaliyyət göstərdiyi restoranda 2019-cu ildən fəaliyyət göstərmir. Halbuki inzibati xətaya yol verdiyi təqdirdə yerində hal şahidlərinin iştirakı ilə protokol tərtib edilməli və protokola imza etməkdən imtina etdiyi halda bu barədə qeyd yazılmalı idi və protokolun surəti ona təqdim edilməli idi. Göründüyü kimi protokol qanunvericliyin tələbləri pozulmaqla onun iştirakı olmadan tərtib edilmişdir Həmçinin protokol tərtib edilərkən sübutlar əlavə edilməli idi. İş materiallarından da aydın olur ki, onun tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin qaydalarının pozulmasına dair heç bir sübut yoxdur .İnzibati xəta haqqında işdə onun mobil telefon nömrəsi, ünvanı belə qeyd edilməmişdir. Bu da protokolun qeyriqanuni olaraq tərtib edilməsi və tərəfindən heç bir inzibati xətaya yol verilmədiyinə dəlalət edir. Bu amillər nəzərə alınmadan protokol tərtib edilmiş və heç bir araşdırma aparılmadan bir neçə gün sonra qərar qəbul edilmişdir. O, əsassız olaraq inzibati məsuliyyətə cəlb edilmişdir. Həmçinin qərarda o, vəzifəli şəxs kimi qeyd edilmiş, halbuki o, əvvəllər fiziki şəxs kimi fəaliyyət göstərsə də, 22.10.2019-cu il tarixdə fəaliyyətini dayandırılmış, fəaliyyətin bərpa ediləcəyi tarix 22.10.2024-cü ildir. Göründüyü kimi fərdi sahibkar kimi fəaliyyət göstərmir və vəzifəli şəxs hesab edilmir. Məhkəmə iclasında X5 şikayəti müdafiə edib izahatında bildirmişdir ki, 2004-cü ildə fiziki şəxs kimi VÖEN açdıraraq fərdi sahibkarlıq fəailiyyəti ilə məşğul olmuşdur. 2018-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində restoran icarəyə götürərək işlətməyə başlamış və restoranın kassasını fərdi sahibkar kimi öz adına keçirmişdir. Lakin həmin restoranı cəmi bir həftə işlətmiş və restoranın sahibi ilə arasında baş vermiş narazılığa əsasən o, həmin obyekti təhvil vermişdir. Bundan sonra o, bir müddət fərdi sahibkarlıqla məşğul olsa da, 22.10.2019-cu il tarixdə fərdi sahibkar kimi fəaliyyətini dayandırmışdır. O, 2018-ci il tarixdən sonra həmin restorana getməmiş və ümumiyyətlə orada işləməşidir. O, protokol tərtib edilən 12 fevral 2021-ci il tarixdə həmin restoranda olmamış və oranı işlətməmiş, protokol tərtib edilən zaman onun fərdi sahibkar kimi fəaliyyəti dayandırılmışdır. Ona görə də, məhkəmədən qeyd olunanların nəzərə alınmasını və barəsində qəbul edilmiş 23.02.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: 23.02.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, vəzifəli şəxs qismində 300 manat məbləğində inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər X6 üzrə Baş İdarəsi tərəfindən verilmiş 18.06.2021-ci il tarixli uçota dair arayışdan görünür ki, X1 və ya digər vergi tutulan əməliyyatları 22.10.2019-cu il tarixdən 22.10.2024-cü il tarixədək dayandırılmışdır. Məhkəmə, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X5 barəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 23.02.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli iş üzrə icraata xitam veriməlidir. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış və iş üzrə aparılmış natamam araşdırma hazırda X3 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Çünki səlahiyyətli orqan tərəfindən araşdırma aparılan zaman karantin rejimi qaydalarını pozmuş obyektin vəzifəli şəxsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılsa da, yekun qərar qəbul edilən zaman yanlışlığa yol verilərək X5 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə tədqiqi nəticəsində müəyyən edilmişdir ki, X1 və ya digər vergi tutulan əməliyyatları 22.10.2019-cu il tarixdən 22.10.2024-cü il tarixədək dayandırılmışdır. Bundan başqa müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən aparılmış araşdırma zamanı X3 həmin obyektdə işləməsini təsdiq edən sübutlar toplamamış və inzibati xəta haqqında aparılan araşdırmada iştirak edərək müvafiq sübutların təqdim edilməsi və araşdırmanın obyektiv aparılması məqsədi ilə şəxsin icraatda iştirak etməsi, eləcə də müvafiq sübutu varsa təqdim etməsi üçün şərait yaradılmadan X5 barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Belə olan vəziyyətdə sözügedən obyektdə inzibati xəta hadisəsi olsa da, həmin xəta ilə bağlı X3 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin tərkib əlamətlərinin olması inandırıcı deyildir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXM-nin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Həmin protokoldakı əməlin şəxs tərəfindən törədilməsini təsdiq edən İXM-nin 76-cı maddəsində sadalanmış digər sübut növləri mövcud olmalıdır. Lakin iş üzrə məhkəməyə belə bir sübut səlahiyyətli orqan tərəfindən təqdim edilməmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində qərar qəbul edilmiş şəxsin üzərinə düşmür. Bu yük qərar qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Ona görə də əməlin mövcudluğu ilə razılaşmadığı şəraitdə tərtib edilmiş mübahisəli protokol əsasında, digər hər hansı bir sübut olmadığı şəraitdə şəxsin inzibati xəta törətməsində aradan qaldırılmamış şübhələr mövcud olmaqdadır. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə qəbul Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin MN ******* saylı, 21.02.2021-ci il tarixli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar