Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3661/2025 10.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X4 Novruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X1 iştirakı ilə, Şəxs, AZ1117, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 200 e, VÖEN **********, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hüquqi şəxs Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, cəmiyyət 60.0000 (altmış min) ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" ASC-də olan hesabından xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 il müddət keçməsinə baxmayaraq 60.000 (altmış) ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X3 Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hüquqi şəxs Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla razılaşmayaraq bildirmişdir ki, MTK tərəfindən xx.xx.2023-cü il tarixdə 20.000 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə isə 60.000 ABŞ dolları məbləğində vəsait Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüşdür. Həmin vəsaitlər qarşılığında isə ölkəyə 2 gömrük bəyannaməsi ilə mallar daxil olmuşdur. Həmin bəyannamələrlə daxil olmuş malların ümumi dəyəri 79.999,68 ABŞ dolları olmuşdur ki, onun 20.000 ABŞ dolları xx.xx.2023-cü il tarixdə ödənilmiş vəsaitə qarşılıq olaraq, qalan məbləğ isə xx.xx.2023-cü il tarixli ödənişə qarşılıq olaraq bağlanmışdır. Qalıq qalan 0.32 sent isə əhəmiyyət kəsb etmir. Ona görə də, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs tərəfindən inzibati xəta törədilməsi müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Şəxs tərəfindən 60.000 (altmış min) ABŞ dolları məbləğində xarici valyutada olan vəsait ödəniş tapşırığına əsasən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülsə də, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq 60.000 (altmış min) ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim edilməmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-3255/2025 saylı qərarından görünür ki, Şəxs MTK barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanılmış inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci (inzibati xəta hadisəsi olmadıqda) maddəsində nəzərdə tutulan əsasla xitam verilmişdir. Həmin qərarla müəyyən edilmişdir ki, Şəxs tərəfindən 20.000 (iyirmi min) ABŞ dolları məbləğində xarici valyutada olan vəsait ödəniş tapşırığına əsasən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüşdür. 25 və 26 may 2023-cü il tarixli, müvafiq olaraq **********7098 və **********7940 nömrəli gömrük bəyannamələrindən görünür ki, “YİWU LİTİNG İMPORT AND EXPORT CO. LTD” şirkətindən Şəxs MTK-nın ünvanına göndərilmiş, 48043,84 ABŞ dolları və 31955,84 ABŞ dolları dəyərində mallar ölkəyə daxil olmuşdur. Məhkəmə belə nəticəyə gəlmişdir ki, təqdim olunan sənədlərlə Şəxs MTK tərəfindən qabaqcadan ödəniş edilməklə 20000 ABŞ dolları məbləğində vəsait hesabına alınmalı malların ödəniş aparıldığı gündən 02 ildən artıq müddət keçmədən ölkəyə idxal olunması təsdiq olunur. Azərbaycan Respublikası Mərkəzi X2 28 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə yeni redaksiyada verilmiş və 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri- rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 02 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 05 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-3255/2025 saylı qərarında istinad olunan **********7098 və **********7940 nömrəli gömrük bəyannamələri hazırki iş üzrə də təqdim olunmuşdur. 25 və 26 may 2023-cü il tarixli, müvafiq olaraq **********7098 və **********7940 nömrəli gömrük bəyannamələrindən görünür ki, “YİWU LİTİNG İMPORT AND EXPORT CO. LTD” şirkətindən Şəxs MTK-nın ünvanına göndərilmiş, 48043,84 ABŞ dolları və 31955,84 ABŞ dolları dəyərində mallar ölkəyə daxil olmuşdur. Göründüyü kimi, Şəxs MTK-nın ünvanına cəmi 79.999,68 ABŞ dolları dəyərində mallar ölkəyə daxil olmuşdur ki, bunun 20.000 ABŞ dolları Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-3255/2025 saylı işində nəzərə alınmışdır. Belə olan halda da, aydın olur ki, hazırki iş üzrə əvvəlcədən ödənilmiş 60.0000 ABŞ dolları vəsait qarşılığında 59.999,68 ABŞ dolları dəyərində mallar ölkəyə daxil olmuşdur. Qalıq məbləğ də (0.32 sent) Azərbaycan Respublikasının Mərkəzi Bankının qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda nəzərdə tutulmuş geri qaytarılmayan məbləğin qalıq dəyəri kimi müəyyən edilmiş miqdardan (10000 ABŞ dolları) çox deyil. Beləliklə təqdim edilmiş sübutlar əsasında aydın olur ki, şirkət tərəfindən ödənilən valyuta vəsaiti real iqtisadi əməliyyat çərçivəsində istifadə olunmuş, müvafiq mallar ölkə ərazisinə idxal edilmiş, bu da gömrük bəyannamələri ilə təsdiqlənmişdir. Göründüyü kimi, şirkət tərəfindən təqdim edilən sənədlər inzibati xəta hadisəsinin subyektiv və obyektiv tərkib hissələrinin olmadığını təsdiq edir. Bu kontekstdə iş üzrə inzibati xəta hadisəsinin tərkib əlamətləri sübut olunmadığından, inzibati icraata xitam verilməsi qanuna uyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-3661/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3661/2025
10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver