Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3663/2025 13.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hacıyeva Nigar Zahid qızının katibliyi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 430.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. Məhkəmənin icraatına Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokola əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 300000.00 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 300000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Proses iştirakçılarının izahatları:
2. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının və MMC-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, proses iştirakçısının iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Lakin Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə1 xx.xx.2025-ci il tarixində məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq bildirmişdir ki, Mərkəzi Bank olaraq inzibati tənbehlə bağlı qərarın qəbul edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxırlar.
3. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, 26 fevral tarixində MMC tərəfindən bütün təsdiqedici sənədlər Bank Respublika ASC-yə təqdim edilmiş və bank özü də həmin sənədləri Mərkəzi Banka göndərmişdir. Lakin Bank Respublika ASC sənədləri Mərkəzi Banka gec göndərdiyinə görə, hüquqlarını təmsil etdiyi MMC barəsində protokol tərtib olunmuşdur. Hüquqlarını təmsil etdiyi şirkət vasitəçi şirkətdir. NYA şirkəti təkər almaq üçün "xxxx" in hesabına 410.000 ABŞ dolları pul köçürmüşdür. Həmin pul vəsaitinin 380.000 ABŞ dollar hissəsi Bridgestone şirkətinə göndərilmiş, 30.000 dolları isə MMC-nin xidmət haqqısı olmuşdur. Bridgestone şirkəti də malları NYA şirkətinə göndərmişdir. Hüquqlarını təmsil etdiyi şirkətin NYA şirkəti və Bridgestone şirkəti ilə alqısatqı müqaviləsi vardır. Bundan başqa xx.xx.2025-ci il tarixində MMC tərəfindən məhkəməyə ərizə göndərilərək bildirilmişdir ki, tərəflərindən 300000.00 manat məbləğində vəsait X2 East FZE şirkətinə köçürülmüşdür. Bundan sonra xx.xx.2025-ci il tarixində zəruri sənədlər Bank Respublika ASC-yə təqdim olunmuş, buna baxmayaraq işçi səhlənkarlıq edərək protokol tərtib edilməsi üçün Mərkəzi Banka müraciət etmişdir. Bank sonradan səhvini düzəldərək Mərkəzi Banka məlumat vermişdir. Məhkəmə iclas zalında iştirak edərkən nümayəndə onu da bildirmişdir ki, hüquqlarını təmsil etdiyi şirkət barəsində məhkəmənin hakimi Vüsal Tağıyevin də icraatında eyni xarakterli inzibati iş olmuş hakim vasitəçilik münasibətlərini qəbul etməyərək, protokolu əsaslı hesab etmiş və MMC barəsində cərimə tətbiq olunmuşdur. Həmin qərar Apellyasiya məhkəməsində mübahisələndirilmişdir. xx.xx.2025-ci il tarixində Apellyasiya məhkəməsində hakim Ramin Qaraqurbanlı tərəfindən iş obyektiv araşdırılaraq təmsiliçilik münasibətinə hüquq qiymət verilmiş və Binəqədi rayon məhkəməsinin qərarı ləğv edilmişdir. Beləliklə, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş:
4. xx.xx.2022-ci il tarixli, müqavilədən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “X2 East FZE” şirkəti arasında müqavilə bağlanmışdır.
5. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış xx.xx.2025-ci il tarixli, KB-83/2-107/2025 tarixli məktubdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qabaqcadan ödəniş etsə də, 300000.00 ABŞ dolları məbləğin müqabilində mallar ölkəyə daxil olunmamış, bununla bağlı bəyannamə təqdim edilməmişdir.
6. "xxxx" ASC tərəfindən tərtib olunmuş bildirişdən görünür ki, "xxxx" MMC tərəfindən 300000.00 ABŞ dolları məbləğində vəsait ödənilmişdir.
7. "xxxx" şirkəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında olan münasibətlərə dair müxtəlif tarixli gömrük bəyannamələrindən müəyyən edilir ki, tərəflər arasında malların sifarişi həyata keçirilmişdir.
8. xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli ödəniş cədvəllərindən müəyyən edilir ki, TS-AVTO SERVİS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “X2 East FZE” şirkəti arasında malların alınmasına dair ödənişlər həyata keçirilmişdir.
9. xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-nın 430.4-cü maddəsinə uyğun olaraq inzibati xəta barəsində protokol tərtib edilmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi:
10. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir.
11. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatların aparılması Qaydaları” ilə nəzərdə tutulmuş müddətdə qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını təstiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təstiq edən sənəd) banka təqdim olunmamış və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfində qabaqcadan ödənilmiş məbləğ müştərinin "xxxx" ASC-də olan hesablarına geri qaytarılmamışdır. Lakin məhkəməyə ünvanlanan gömrük bəyannamələrindən və şirkətlər arasında bağlanan müqavilələrdən müəyyən edilir ki, "xxxx" "xxxx" şirkəti ilə “X2 East FZE” şirkəti arasında vasitəçilik həyata keçirir. Belə ki, "xxxx" şirkəti təkər almaq üçün "xxxx" in hesabına pul köçürmüş, həmin pul vəsaitinin bir hissəsi “X2 East FZE” şirkətinə göndərilmiş, bir hissəsi isə MMC-nin xidmət haqqısı olmuşdur. “X2 East FZE” şirkəti də malları "xxxx" şirkətinə göndərmişdir. Bununla bağlı MMC zəruri təsdiqedici sənədlərini də məhkəməyə təqdim etmişdir. Belə olduğu halda əməlin inzibati xəta olması şübhələrə əsaslana bilər ki, İXM-nin 8-ci maddəsinə- təqsirsizlik prezumpsiyasına əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməlidir. Beləliklə, məhkəmə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir.
12. Məhkəmə onu da bildirmək istəyir ki, qeyd edilən analoji halla bağlı Binəqədi Rayon Məhkəməsinin 3 (001)-2964/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından verilən şikayət əsasında Bakı Apellyasiya Məhkəməsi 3(103)-1424/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə şikayəti əsaslı hesab edərək birinci instansiya məhkəməsinin qərarını ləğv etmiş və iş üzrə icraata da xitam verərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini vasitəçi kimi tanımışdır.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin İXM-nin 430.4-cü maddəsinin “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”-nın 4.3.2-1-ci yarımbəndi ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2024-cü il tarixli qərardadında qeyd olunmuşdur ki, vasitəçiliklə bağlı işlərə baxılarkən inzibati xətaya görə məsuliyyətə cəlb olunan şəxsin valyuta vəsaitləri ilə həyata keçirdiyi hərəkətlərin və göndərişlərin kimin adından və kimin vəsaiti hesabına həyata keçirilməsi məhkəmələr tərəfindən müəyyənləşdirilməli, müqavilə tərəfləri arasında real vasitəçilik münasibətlərinin olubolmaması, müqavilənin görüntü üçün bağlanıb-bağlanmaması, vasitəçilik haqqında müqavilənin qabaqcadan banka təhvil verilib-verilməməsi, geri çağırılmayan akkreditiv və bank qarantiyasının olub-olmaması araşdırılmalıdır.
15. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir.
16. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.
17. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.
18. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.
19. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir.
20. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır.
21. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində İXM-in 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.
22. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Aytəkin İbrahimova