Məhkəmə qərarları › İş №3(001)-3667/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3667/2025

12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3667/2025 12.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin böyük məsləhətçisi Nümayəndə3, X1 iştirakları ilə, zərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 16 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X6 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 16 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X9 Xidməti BŞİ tərəfindən xx.xx.2024-cü il tarixdə barəsində AR İXM-nin 192.1-ci maddəsi ilə MN1613997 saylı “İnzibati Tənbeh vermə haqqında Qərar” qəbul edilmişdir. Aşağıda qeyd olunanlara əsasən bu qərarla razı deyil. 2024-cü ilin iyun ayında ünvan 1 ünvanında yerləşən sexdə tək tirli kranın quraşdırılması ilə bağlı sex sahibi Hüseyn Abdullayevlə aralarında razılaşma olmuşdur. Razılaşmaya əsasən kranın alınması və quraşdırılması üçün ümumilikdə 17.000 manat dəyərində razılaşmışlar. Həmin razılaşmaya uyğun olaraq, tirli kran Hüseyn Abdullayevin göstərişi ilə onun tanıdığı şəxsdən alınmış və bu məqsədlə Hüseyn Abdullayevin verdiyi 5000 manat avansı həmin şəxsə təqdim edərək kranı alıb sexə gətirmişlər. Bu gün də həmin kran həmin sexdədir və bu faktı Hüseyn Abdullayev özü də inkar etmir. Sexdə olan müşahidə kameraları vasitəsilə kranın ora gətirilməsi də sübut edilə bilər. Lakin sexdə baş verən bədbəxt hadisə - bir işçinin yıxılması - nəticəsində Hüseyn Abdullayevlə aralarındakı razılaşma pozulmuş, kranın montajı həyata keçirilməmiş və onun tərəfindən heç bir qazanc və ya mənfəət əldə edilməmişdir. O, yalnız Hüseyn Abdullayevin sifarişi və avans ödənişi əsasında avadanlıq almış və onu təhvil vermişdir. Buna baxmayaraq, Binəqədi rayon prokurorunun qərarı əsasında onun guya qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq gəlir əldə etdiyi iddia edilmiş və bunun nəticəsində X9 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 3000 manat məbləğində cərimə tətbiq olunmuşdur. Bu iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)-5686/2024 saylı qərardadı ilə inzibati icraata başlamaq haqqında qərar əlavə araşdırma üçün prokurorluğa geri qaytarılmışdır. Qərardadda da açıq şəkildə qeyd edilmişdir ki, barəsində qazanc və ya mənfəət əldə etməyi sübut olunmamış, verilən 5000 manat vəsaitin avans olduğu və həmin məbləğə kran alınıb sexə gətirilməsi məsələləri tam araşdırılmamışdır. Bu səbəbdən, məhkəmə icraatı mümkün olmadığından materialların əlavə araşdırma üçün geri qaytarılması qərara alınmışdır. Belə olan halda tətbiq olunmuş cərimənin avtomatik olaraq ləğv edilməsi gözlənilirdi. Lakin xx.xx.2025-ci il tarixində ona X9 tərəfindən MN ******* nömrəli qərarla, yenidən cərimələndiyi barədə məktub təqdim edilmişdir ki, bu da həm hüquqi baxımdan əsassızdır, həm də məhkəmə qərarına ziddir. Məhkəmə iclasında şikayətçi X6 şikayətin dəlillərinə uyğun çıxış edərək bildirmişdir ki, həmin işçi onun tərəfindən əməyə cəlb olunmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli qərardadı ilə, onun haqqında olan 28 iyun 2024-cü il tarixli qərar ləğv edilərək əlavə araşdırılması üçün göndərilmişdir. Odur ki, verilmiş şikayətin təmin edilməsini və barəsində qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin böyük məsləhətçisi Nümayəndə3 qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı müdafiə edərək, inzibati xəta hadisəsinin törədilməsinin vətəndaş X7 və şikayətçinin verdiyi izahatlarında da öz təsdiqini tapdığını bildirmişdir. Odur ki, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. X3 Binəqədi rayon prokurorluğunda olan zaman verdiyi xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, o bildirmişdir ki, o zəhməthaqqı kimi nəzərdə tutduğu məbləği yəni təxminən 4000 manatı, adlarını qeyd etdiyi işçilərin işinə görə xərcləməli idi. O, Rayilə gündəlik olaraq təxminən 40-45 manat pul verirdi. Lakin, işə götürməyi ilə bağlı Hüseynlə müqavilə bağlamamışdır. X4 Binəqədi rayon prokurorluğunda olan zaman verdiyi xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, o, bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdə X6 tərəfindən usta kimi işə qəbul olunmuş, texniki təhlükəsizlik və ya əmək mühafizəsi qaydalarına riayət edilməsi ilə bağlı təlimatlandırılmamış, həmçinin iş vaxtı xüsusi geyim və qoruyucu vasitələrlə təmin edilməmişdir. X2 Binəqədi rayon prokurorluğunda olan zaman verdiyi izahatdan görünür ki, o, bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdə X6 tərəfindən usta kimi işə qəbul olunmuş, həmçinin əmisi oğlu İzzət Mansurovu da Ehtibar işə götürmüşdür. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 3(001)-5686/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, X3 barəsində İXM-nin 398-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında 28 iyun 2024-cü il tarixli qərar əlavə araşdırılması üçün Binəqədi rayon prokurorluğuna geri qaytarılmışdır. Beləliklə, məhkəmə iclasında X3 şikayət ərizəsi iş materiallarına əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə araşdırılaraq müəyyən edildi ki, X7, X5 və digərləri fərdi sahibkar X6 tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Belə ki, bu hal sözügedən işçilərin Binəqədi rayon prokurorluğunda verdikləri izahatları, həmçinin X3 hadisədən dərhal sonra Binəqədi rayon prokurorluğunda verdiyi izahatı və digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X3 şikayətdə göstərdiyi xüsusatlar barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 16 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, sözügedən qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Ona görə də, məhkəmə X6 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 16 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X6 tərəfindən verilmiş şikayət təmin edilməməli, həmin protokol əsasında qəbul edilmiş inzibati cərimənin tətbiq edilməsi barədə qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 16 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar