Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3668/2025 14.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X6, X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, 18 avqust 1987-ci il tarixdə Bolnisi rayonunda doğulmuş,Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Borclu Şəxs barəsində Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru X11 tərəfindən 14 may 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Binəqədi Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru X11 protokolu müdafiə edərək bildirmişdir ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 2(010)-4233/2020 saylı icra vərəqəsinə əsasən Şəxs 16 oktyabr 2014-cü il təvəllüdlü X9 və 10 oktyabr 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün 15 sentyabr 2020-ci il tarixindən başlayaraq hər ay hər uşağa görə 170 manat olmaqla cəmi 340 manat alimentin və 10 oktyabr 2018-ci il təvəllüdlü X5 3 yaşı tamam olunanadək hər ay uşağa qulluğa görə 100 manat pulun tutularaq İsayeva (Abdullayeva) Fərqanə Məhəbbət qızına verilməlidir. İcra sənədi üzrə icraata başlanılmış, icraata başlama haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş borcluya rəsmi qaydada təqdim edilmişdir. Lakin, icra sənədi üzrə aliment müntəzəm olaraq icra edilmir. Belə olduğu təqdirdə də artıq borclunun 5.720 manat məbləğində aliment borcu yaranmışdır. İcra şöbəsində borclunun izahatı alınmış, borcu ödəməsi təklif edilmiş, lakin hazırda işsiz olduğunu, maddi imkanı olmadığından borcu ödəyə bilməyəcəyini bildirmişdir. Elektron icra Sistemində borclunun adına daşınar və daşınmaz əmlak, əmək müqaviləsi, pensiya və digər ödənişlər aşkar edilməmişdir. Odur ki, borclu icra sənədini lazımı qaydada icra etmədiyindən, icradan yayındığından, məcburi icra tədbirlərinə əngəl yaratdığından barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunmuş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında tələbkar X3 izahatında bildirmişdir ki, borclunun icra sənədi üzrə cəmi 5720 manat məbləğində aliment borcu yaranmışdır. Əvvəl borclu rəsmi qaydada işləyirdi, aliment də əmək haqqından tutulurdu. Artıq xeyli müddətdir ki, alimenti ödəməkdən qəsdən yayınır. O, uşağın tələbatlarını tək ödəyə bilmir. O, borcun ödənilməsini tələb edir. Əks halda borclunun inzibati həbs növündə tənbeh edilməsini xahiş etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində özünü təqsirli bilərək izahatında bildirmişdir ki, onun icra sənədi üzrə cəmi 5720 manat məbləğində borcu yaranmışdır. O, işsiz olduğundan həmin borcu ödəyə bilməmişdir. Təzəlikcə iş tapıb, işləyib hər ay 1000 manat olaraq borcundan ödənişlər edəcəkdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, icra məmurunun, tələbkarın və barəsində inzibati icraat aparılan şəxsin izahatlarını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olduğundan o, inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 2(010)- 4233/2020 saylı icra vərəqəsinə əsasən Şəxs 16 oktyabr 2014-cü il təvəllüdlü X9 və 10 oktyabr 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün 15 sentyabr 2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 170 manat olmaqla cəmi 340 manat alimentin və 10 oktyabr 2018-ci il təvəllüdlü X5 3 yaşı tamam olunanadək hər ay uşağa qulluğa görə 100 manat pul tutularaq X4 verilməlidir. İcraata başlamaq haqqında 28 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 2(010)-4233/2020 saylı icra vərəqəsi əsasında icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında 28 oktyabr 2020-ci il tarixli bildirişdən görünür ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 2(010)-4233/2020 saylı icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. X2 Binəqədi rayon icra şöbəsinə ünvanladığı 14 may 2025-ci il tarixli ərizədən görünür ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 2(010)- 4233/2020 saylı icra vərəqəsinə əsasən Şəxs ona 5720 manat aliment borcu var, ona görə də onun barəsində ciddi icra tədbirlərinin görülməsi xahiş edilmişdir. İsayev X10 rayon icra şöbəsində verdiyi 14 may 2025-ci il tarixli izahatında işsiz olduğunu, maddi imkanı olmadığını, hazırda heç bir ödəniş edə bilməyəcəyini bildirmişdir. Elektron İcra Sistemindən çıxarışdan görünür ki, Şəxs adına hər hansı daşınar və daşınmaz əmlak, əmək haqqı, pensiya və digər sosial ödəniş aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Qanunun 12-ci maddəsinə görə bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. Qanunverici “İcra haqqında” Qanunun 82-ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydasını da müəyyən etmişdir. Belə ki, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Beləliklə məhkəmə qeyd edir ki, borclu Şəxs hazırda Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədi üzrə 5720 manat borcunun yaranmasına səbəb ödənişləri sistematik və könüllü şəkildə ödəməməsi, qəsdən icradan yayınması hallarıdır ki, məhz bu hallar da onun inzibati məsuliyyətə cəlb edilməsini zəruri və hüquqi cəhətdən əsaslı edir. Belə olan halda məhkəmə hesab edir ki, borclunun barəsində daha ciddi təsir tədbirləri görülməlidir. Belə ki, icra sənədinin uzun müddətdə və müntəzəm olaraq icra olunmaması tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzadır. Odur ki, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, borclu Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi iş materiallarında olan sübutlarla tam sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən səxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, tələbkarın əmlak mənafelərini və icra sənədinin icra olunmamasının tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığı nəzərə alaraq hesab edir ki, Şəxs yalnız inzibati həbs növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli 14 may 2025-ci il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-3668/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3668/2025
14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver