Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-367/2022 07.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X2 iştirakı ilə, X2 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 23.10.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 23.10.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta üzrə işin icraatına xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Şikayət onunla əsalandırılmışdır ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən əsassız olaraq barəsində 11 oktyabr 2020-ci il tarixdə protokol tərtib edilmiş və bu protokol əsasında 23 oktyabr 2020-ci il tarixdə inzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. Qərarda onun vəzifəli şəxs kimi epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulması ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2. maddəsi ilə 200 (iki yüz) manat məbləğində cərimə edilməyi göstərilmişdir. Bu qərar tamamilə qeyri-qanuni və əsassızdır, həm protokol, həm də qərar qanunvericiliyin tələblərinin pozulması şəraitində qəbul edilmişdir. Onun tərəfindən karantin rejimi qaydalarının pozulmasına yol verilməmiş, protokol onun iştirakı ilə tərtib edilməmişdir. Ümumiyyətlə sənədlər onun adına olduğundan barəsində protokol və qərar qəbul edilmişdir. Fəaliyyət göstərdiyi restoranda 2019-cu ildən fəaliyyət göstərmir. Halbuki inzibati xətaya yol verdiyi təqdirdə yerində hal şahidlərinin iştirakı ilə protokol tərtib edilməli və protokola imza etməkdən imtina etdiyi halda bu barədə qeyd yazılmalı idi və protokolun surəti ona təqdim edilməli idi. Göründüyü kimi protokol qanunvericliyin tələbləri pozulmaqla onun iştirakı olmadan tərtib edilmişdir . Həmçinin protokol tərtib edilərkən sübutlar əlavə edilməli idi. İş materiallarından da aydın olur ki, onun tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin qaydalarının pozulmasına dair heç bir sübut yoxdur .İnzibati xəta haqqında işdə onun mobil telefon nömrəsi, ünvanı belə qeyd edilməmişdir. Bu da protokolun qeyri-qanuni olaraq tərtib edilməsi və tərəfindən heç bir inzibati xətaya yol verilmədiyinə dəlalət edir. Bu amillər nəzərə alınmadan protokol tərtib edilmiş və heç bir araşdırma aparılmadan bir neçə gün sonra qərar qəbul edilmişdir. O, əsassız olaraq inzibati məsuliyyətə cəlb edilmişdir. Həmçinin qərarda o, vəzifəli şəxs kimi qeyd edilmiş, halbuki o, əvvəllər fiziki şəxs kimi fəaliyyət göstərsə də, 22.10.2019-cu il tarixdə fəaliyyətini dayandırılmış, fəaliyyətin bərpa ediləcəyi tarix 22.10.2024-cü ildir. Göründüyü kimi fərdi sahibkar kimi fəaliyyət göstərmir və vəzifəli şəxs hesab edilmir. Məhkəmə iclasında X3 şikayəti müdafiə edib izahatında bildirmişdir ki, 2004-cü ildə fiziki şəxs kimi VÖEN açdıraraq fərdi sahibkarlıq fəailiyyəti ilə məşğul olmuşdur. 2018-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində restoran icarəyə götürərək işlətməyə başlamış və restoranın kassasını fərdi sahibkar kimi öz adına keçirmişdir. Lakin həmin restoranı cəmi bir həftə işlətmiş və restoranın sahibi ilə arasında baş vermiş narazılığa əsasən o, həmin obyekti təhvil vermişdir. Bundan sonra o, bir müddət fərdi sahibkarlıqla məşğul olsa da, 22.10.2019-cu il tarixdə fərdi sahibkar kimi fəaliyyətini dayandırmışdır. O, 2018-ci il tarixdən sonra həmin restorana getməmiş və ümumiyyətlə orada işləməşidir. Ola bilsin ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qeyd edilən restoranda epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulması müəyyən edilmiş və kassa aparatı onun adına olduğu üçün cərimə ona yazılmışdır. O, protokol tərtib edilən 11 oktyabr 2020-ci il tarixdə həmin restoranda olmamış və oranı işlətməmiş, protokol tərtib edilən zaman onun fərdi sahibkar kimi fəaliyyəti dayandırılmışdır. Ona görə də, məhkəmədən qeyd olunanların nəzərə alınmasını və barəsində qəbul edilmiş 23.10.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: 23.10.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, vəzifəli şəxs qismində 200 manat məbləğində inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər X4 üzrə Baş İdarəsi tərəfindən verilmiş 18.06.2021-ci il tarixli uçota dair arayışdan görünür ki, X1 və ya digər vergi tutulan əməliyyatları 22.10.2019-cu il tarixdən 22.10.2024-cü il tarixədək dayandırılmışdır. Məhkəmə, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X3 barəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 23.10.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış və iş üzrə aparılmış natamam araşdırma hazırda X2 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Çünki səlahiyyətli orqan tərəfindən araşdırma aparılan zaman karantin rejimi qaydalarını pozmuş obyektin vəzifəli şəxsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılsa da, yekun qərar qəbul edilən zaman yanlışlığa yol verilərək X3 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə tədqiqi nəticəsində müəyyən edilmişdir ki, X1 və ya digər vergi tutulan əməliyyatları 22.10.2019-cu il tarixdən 22.10.2024-cü il tarixədək dayandırılmışdır. Bundan başqa müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən aparılmış araşdırma zamanı X2 həmin obyektdə işləməsini təsdiq edən sübutlar toplamamış və inzibati xəta haqqında aparılan araşdırmada iştirak edərək müvafiq sübutların təqdim edilməsi və araşdırmanın obyektiv aparılması məqsədi ilə şəxsin icraatda iştirak etməsi, eləcə də müvafiq sübutu varsa təqdim etməsi üçün şərait yaradılmadan X3 barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Belə olan vəziyyətdə sözügedən obyektdə inzibati xəta hadisəsi olsa da, həmin xəta ilə bağlı X2 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin tərkib əlamətlərinin olması az inandırıcıdır. Bununla yanaşı qeyd edilməlidir ki, iş üzrə toplanmış zəruri sübutların təqdim edilməsinə dair məhkəmə tərəfindən verilmiş sorğuya Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi heç bir cavab verməmiş, üstəlik qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə nəticələnən qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X3 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Beləliklə məhkəmə, şikayətçi X2 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X3 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 23.10.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 23.10.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün qərar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-367/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-367/2022
07.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver