Məhkəmə qərarları › İş №3(001)-3670/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3670/2024

05.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3670/2024 05.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Ayurə Şirzad qızının katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN 06168210 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 müraciət edərək, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN 06168210 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun adına Daxili işlər Nazirliyi tərəfindən xx.xx.2020-ci il tarixində protokol tərtib olumuşdur. Həmin protokola əsasən o, 100 manat cərimə olunmuşdur. Lakin həmin protokolun hansı orqan və ya bölmə tərəfindən, nə vaxt, harada tərtib olunması barədə məlumatı olmamışdır. 2024-cü ildə banka ödəniş etdiyi zaman onun adına cərimə olması barədə məlumat verilmişdir. O, DİN-in 102 xidmətinə zəng edib araşdırmaq istəyərkən onun adına DİN tərəfindən elə bir protokol yazılmadığı bildirilmişdir. Adına tərtib olunan protokolun hansı orqan tərəfindən hansı səbəbdən tərtib olunmasının araşdırılması ilə bağlı DİN-in elektron müraciətlər bölməsinə ərizə ünvanladıqdan sonra onunla əlaqə saxlanılmış, onun barəsində pandemiya qaydalarını pozduğuna görə protokol tərtib olunduğu barədə məlumat verilmişdir. O, pandemiya ərəfəsində heç bir qayda pozuntusu etməmişdir. Həmin vaxt onun iş icazəsi olmuş, həmin icazəyə əsasən işə gedib gəlmişdir. Xəstəlikdən ehtiyat etdiyi üçün mütəmadi olaraq maska və spirtdən istifadə etmişdir. Heç bir qayda pozuntusu etmədiyi halda ona məlumat verilmədən, xəbəri olmadan barəsində əsassız protokol tərtib olunmuşdur. Odur ki, barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN 06168210 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə iclasında X2 şikayəti müdafiə edib onun məzmununa uyğun izahat verərək bildirmişdir ki, o, İXM-in 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Onun barəsində Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi tərəfindən İXM-in 211-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokoldan və qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan onun məlumatı olmamışdır. O, barəsində xx.xx.2020-cil tarixdə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan 2024-cü ildə xəbər tutumuşdur. Ona görə də, məhkəmədən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN 06168210 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan: xx.xx.2020-ci il tarixli, MN 06168210 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X2 barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN 06168210 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. X2 müraciətində heç bir inzibati xəta törətmədiyini, polis əməkdaşı tərəfindən cərimələnməsi barədə ona heç bir məlumat verilmədiyini, barəsində aparılan icraatdan xəbərinin olmamasını göstərmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X1 müraciətində qeyd olunan xüsusatlarla barəsində aparılmış inzibati xəta haqqında iş üzrə icraat arasında ziddiyyət yaradır. Bundan başqa, səlahiyyətli orqan tərəfindən X1 inzibati qaydada məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilsə də, sonuncu barəsində aparılmış icraat üzrə qanunvericiliyin tələbləri pozulmuş və şəxsə nədə təqsirli olması, habelə ona təqsirsizliyini sübuta yetirməsi üçün heç bir imkan yaradılmayaraq, aparılacaq icraatla bağlı məlumat verilməyərək inzibati xəta haqqında iş üzrə “gizli” araşdırma aparılmaqla X2 inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Bununla yanaşı, səlahiyyətli orqanın məhkəmədə iştirak edərək şəxsin təqsirliliyinə dəlalət edə biləcək sübutları olduğu təqdirdə məhkəməyə təqdim etməməsi toplanmış material üzrə məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasına mane olur və qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X2 tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN 06168210 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 tərəfindən verilmiş şikayət təmin edilsin. X2 barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN 06168210 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar