Məhkəmə qərarları › İş №3(001)-3673/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3673/2023

19.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3673/2023 19.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı polis bölməsinin polis sahə inspektoru, polis leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, taksi sürücüsü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələri ilə toplanmış inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı Polis bölməsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı polis bölməsinin polis sahə inspektoru, polis leytenantı X4 izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Xırdalan dairəsi yaxınlığında avtomobildə əyləşib, musiqiyə yüksək səslə qulaq asdığını, bir nəfər qadının isə avtomobilin yanında rəqs etdiyini görüb Binəqədi RPİ-nin 6-cı Polis bölməsinin digər əməkdaşları ilə birlikdə Şəxs yaxınlaşıb, ictimai qaydaya riayət etməsini dedikdə sonuncu onların qanuni tələblərinə riayət etməmiş, avtomobili polis əməkdaşlarının üzərinə sürüb oradan uzaqlaşmışdır. Səhər saatlarında Şəxs Binəqədi RPİ-nin 6-cı Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmişdir. Bundan sonra Şəxs barəsində raport tərtib edilmiş və icrası ona həvalə edilmişdir. Həmçinin polis bölməsində məlum olmuşdur ki, Şəxs əvvəllər eyni qaydada ictimai asayişi pozmuş, ayrı-ayrı qadın cinsli şəxslərin rəqs edən zaman videosunu çəkərək sosial şəbəkələrdə paylaşmış, həmin şəxsləri əxlaqsız həyat tərzi keçirməyə təşviq etmişdir. Şəxs onun tərəfindən inzibati qaydada tutulmuş, izahatı alınaraq barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə gecə saatlarında idarə etdiyi **- XS-*** dövlət qeydiyyat nişanlı avtomobillə tanışı Mənsumə adlı qadınla Xırdalan dairəsinə gəlib avtomobili saxlamış, avtomobildə musiqiyə yüksək səs vermişdir. Həmin vaxt Mənsumə avtomobildən düşüb oynamağa başlamışdır. Bir qədər sonra polis əməkdaşları ona yaxınlaşıb, musiqinin səsini azaltmağı, ictimai qaydaya riayət etməsini demişlər. Lakin o, polis əməkdaşlarının sözünə məhəl qoymamış, avtomobili polis əməkdaşlarının üzərinə sürüb oradan uzaqlaşmışdır. Səhər saatlarında polis əməkdaşları onu saxlayıb Binəqədi RPİ-nin 6-cı Polis bölməsinə gətirmişlər. Polis bölməsində inzibati qaydada tutulmuş, izahatı alınmış, barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alıb ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı polis bölməsinin polis sahə inspektoru, polis leytenantı X3 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 02 radələrində xidməti ərazidə olarkən Biləcəri qəsəbəsi, Xırdalan dairəsi yaxınlığında **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, adını sonradan bildiyi Şəxs avtomobildə musiqiyə yüksək səs verdiyini, bir nəfər qadının avtomobilin yanında rəqs etdiyini, ətrafa çox sayda adam toplaşdığını görmüşlər. Onlar Şəxs yaxınlaşıb ictimai asayişi pozmamasını, ictimai qaydalara riayət etməsini demişlər. Lakin Şəxs onların sözünə məhəl qoymayıb, tabesizlik göstərmiş və avtomobili onların üzərinə sürməklə oradan uzaqlaşıb getmişdir. Həmin gün səhər saatlarında Şəxs tərəflərindən saxlanılaraq polis bölməsinə gətirilmişdir. Polis bölməsində məlum olmuşdur ki, Şəxs əvvəllər də eyni hərəkətlərə yol vermiş, müxtəlif qadın cinsli şəxsləri küçədə rəqs edən yerdə videoya çəkərək sosial şəbəkələrdə paylaşmış, həmin şəxsləri əxlaqsız həyat tərzi sürməyə təşviq etmişdir. Şəxs polis bölməsinə gətirilməsi ilə bağlı tərəflərindən raport yazılmış, Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı polis bölməsinin polis sahə inspektoru, polis leytenantı X4 tərəfindən inzibati qaydada tutulmuş, barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 02 radələrində **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Xırdalan dairəsində avtomobildə musiqiyə yüksək səs vermiş, bir nəfər qadın həmin yerdə rəqs edərək digər şəxsləri ətrafına toplamış, polis əməkdaşları sürücüyə yaxınlaşaraq sakit olmasını bildirdikdə avtomobili polis əməkdaşlarının üzərinə sürüb oradan uzaqlaşmış, polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. xx.xx.2023-cü il tarixli, AZA 019121 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 00:00-da inzibati qaydada tutulmuşdur. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Biləcəri qəsəbəsi, Xırdalan dairəsində **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobillə ictimai asayişi pozmuş, nizam-intizama dəvət edilsə də polis əməkdaşlarına tabesizlik göstərdiyi üçün barəsində İXM-in 510 və 535.1-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Beləliklə, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi alınmış izahatlar və məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs əməlində İXM-in 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, barəsində icraat aparılan şəxsə inzibati tənbeh növünü tətbiq edərkən inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, eləcə də onun təqsirinin dərəcəsini nəzərə alır. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə -fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi, İXM-in 535.1-ci maddəsi həmin Məcəllənin 510-cu maddəsinə görə daha ciddi xəta hesab olunduğundan və Şəxs barəsində tərtib edilmiş protokol əsaslı olduğundan, ona İXM-in 535.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə, Şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Şəxs barəsində təyin edilmiş inzibati həbsin əvvəli 18 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 18 sentyabr 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar