Məhkəmə qərarları › İş №3(001)-3680/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3680/2022

15.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3680/2022 15.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi X1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs: Şəxs QSC (VÖEN **********) Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal, ev 33, mənzil 61. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hüquqi şəxs Şəxs QSC barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola əsasən, cəmiyyət 39449.57 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 39449.57 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta xx.xx.2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X4 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Şəxs QSC barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola əsasən, cəmiyyət 39449.57 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 39449.57 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) tam olaraq ölkəyə idxal etməmişdir. Belə ki, Şəxs QSC tərəfindən xx.xx.2020-ci il tarixdə xaricə köçürmüş olduğu 39449.57 ABŞ dolları məbləğində vəsaitdən 14376,29 ABŞ dolları məbləğində malları ölkəyə idxal edilməmişdir. Xəta xx.xx.2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Deyilənlərin nəzərə alınaraq Şəxs QSC-in inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, cəmiyyət 39449.57 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2020-ci il tarixdə xaricə köçürmüş, daha sonra 25073,28 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal edilmiş, qalan 14376,29 ABŞ dolları AY Yıldız Çelik İNŞ.SAN.TİC.LTD-in bank hesabında yaranmış problemlə əlaqədar X7 Mühendislik SAN. TİC. İTH. LTD. ŞTİ şirkəti tərəfindən geri qaytarılmışdır. Qeyd edilən hal gömrük bəyannamələri və Paşa Bank ASC tərəfindən təqdim edilmiş Swiftlə təsdiq olunur. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş sənədlərlə Şəxs QSC tərəfindən İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirildiyindən hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, işdə olan xx.xx.2020-ci il tarixli Ödəniş tapşırığının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, hüquqi şəxs Şəxs QSC 39449.57 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti həmin ödəniş tapşırığına əsasən "xxxx" ASC-də olan hesabından xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. İşdə olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs QSC tərəfindən 39449.57 ABŞ dolları məbləğində xarici valyutada olan vəsait ödəniş tapşırığına əsasən "xxxx" ASC-də olan müvafiq hesabdan xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürsə də, ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 39449.57 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim edilməmiş, eyni zamanda qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bundan başqa nümayəndənin izahatlarında qeyd etdiyi 14376,29 ABŞ dolların AY Yıldız Çelik İNŞ.SAN.TİC.LTD-in bank hesabında yaranmış problemlə əlaqədar X7 Mühendislik SAN. TİC. İTH. LTD. ŞTİ şirkəti tərəfindən geri qaytarılması halı rəsmi sənədlərlə öz təsdiqini tapmır. Azərbaycan Respublikasının Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs QSC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, digər sübutlarla tam sübuta yetirilmiş və əməl düzgün olaraq İXM-in 430.4-cü maddəsi ilə tövsif edilmişdir. Hüquqi şəxsin hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsir tam sübuta yetirildiyinə görə cəmiyyət inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. Məhkəmə sözügedən Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxs Şəxs QSC barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini və qanunda göstərilmiş digər halları (inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar) nəzərə alır. Məhkəmə hüquqi şəxs Şəxs QSC-in məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs QSC-yə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş cərimə tənbehinin aşağı həddində cərimə təyin edilməsi daha məqsədəuyğundur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş hüquqi şəxs Şəxs QSC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib inzibati xətanın obyekti olmuş 14376.29 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20% həcmində - 7889,9 ABŞ dolları məbləğində (məzənnə üzrə 4888 man) cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar