Məhkəmə qərarları › İş №3(001)-3695/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3695/2021

19.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3695/2021 19.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X3 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Protokolu tərtib edən şəxs, YPX-nin inspektoru, polis baş serjantı X1 iştirakı ilə xx.xx.1975-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Qarabağ müharibəsi iştirakçısı, 2-ci qrup əlil, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 334.1 və 342.7-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə YPX bölüyünün inspektoru, polis baş serjantı X2 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 18 oktyabr 2021-ci il tarixdə saat 16:44 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yolu, Şəfiqə Əfəndizadə 95 ünvanda “Lifan LF 7132/2 320 minik” markalı, **-TO-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman o, nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan və psixotrop maddədən istifadə nəticəsində sərxoş vəziyyətdə idarə etmiş, həmçin avtomobili nömrə nişanı olmadan idarə etmişdir.X4 Məcəlləsinin 334.1 və 342.7-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə YPX bölüyünün inspektoru, polis baş serjantı X2 tərəfindən 18 oktyabr 2021-ci il tarixdə, İXP № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Binəqədi Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs çıxış edərək, təqsirini etiraf etməsini, İİ qrup əlil olmasını, əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində mümkün qədər yüngül inzibati tənbeh təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi şəxs Şəxs təqsirini etiraf etməsini və səmimi peşmançılığını və ikinci qrup əlil olmasın nəzərə alaraq, barəsində mümkün qədər yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə YPX bölüyünün inspektoru, polis baş serjantı X2 tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, 18 oktyabr 2021-ci il tarixdə saat 16:44 radələrində Xırdalan, Şəfiqə Əfəndizadə 95 ünvanda “Lifan LF 7132/2 320 minik” markalı, **-TO-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman o, nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan və psixotrop maddədən istifadə nəticəsində sərxoş vəziyyətdə idarə etmiş, həmçin avtomobili nömrə nişanı olmadan idarə etmişdir.X4 Məcəlləsinin 334.1 və 342.7-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.Buna görə də, onun tərəfindən 18 oktyabr 2021-ci il tarixdə, İXP № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Binəqədi Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmədən inzibati tənbeh tətbiq olunmasını xahiş edir. Azərbaycan Respublikası İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 342.7-ci maddəsinə əsasən dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə altmış manat məbləğində cərimə edilir. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu əsasında Şəxs əməlində İXM-nin 334.1 və 342.7-ci maddələrində nəzərə tutulmuş inzibati xətanı törətdiyi sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsini, İİ qrup əlil olması və səmimi peşmançılığı, il ərzində ilk dəfə inzibati xəta törətməsi cəzanı yüngülləşdirən hallardır. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 334.1 və 342.7-ci maddələrinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1, 342.7 və 110-115-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İXM-nin 334.1-ci və 342.7-ci maddələri ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 500 (beş yüz) manat cərimə cəzası təyin olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar