Məhkəmə qərarları › İş №3(001)-3696/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3696/2021

19.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3696/2021 19.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin sahə inspektoru, polis leytenantı X1, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci il Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şamaxı rayonu, Mirikənd Ərazi Dairəsi, Mirikənd kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində X4 yerləşən fərdi yaşayış evində yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB tərəfindən tərtib edilmiş 19.10.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin sahə inspektoru, polis leytenantı X3 izahat verərək bildirmişdir ki, 18.10.2021-ci il tarixdə, saat 22 radələrində Biləcəri qəsəbəsində xidmətdə olan YPX əməkdaşları “Zirvə”-nin efirə verdiyi məlumatla ilə əlaqədar olaraq abidə dairəsi adlanan yerə yaxınlaşmışlar. YPX əməkdaşları həmin yerdə “VAZ 21011” markalı avtomobilin dairənin üzərinə çıxdığını görmüşlər. YPX əməkdaşları avtomobilin yanında dayan sürücüsünə özlərini təqdim etdikdən sonra sonuncuya sənədlərini təqdim etməsini bildirdikdə, sonuncudan kəskin spirtli içki qoxusu gəldiyi üçün onu həkim müayinəsindən keçirtmək üçün avtopatrula dəvət etmişlər. Sürücü avtomobilə əyləşmiş və bir qədər getdikdən sonra sonuncu üstündə olan kəsici alətlə özünə xəsarət yetirməyə başlamışdır. YPX əməkdaşları avtopatrulu saxlayaraq PPX-nin əməkdaşlarını çağırmışlar və ərazidə xidmətdə olan PPXB-nin 2221 çağırışla avtopatrulunu hadisə yerinə gələrək sürücünün əlində bıçağı alıb onu Binəqədi RPİ-nin 6-cı PB-nə gətirmişlər. Bölmədə həmin şəxsiyyətini müəyyən edilərək izahatı alınmış və barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, 18.10.2021-ci il tarixdə Biləcəri qəsəbəsi, abidə dairəsi adlanan ərazidə yerləşən marketdən 3 ədəd “GO” adlı içki alaraq içdikdən sonra qardaşına məxsus “VAZ 21011” markalı avtomaşınla evə getmək istəyərkən YPX əməkdaşları tərəfindən saxlanılmışdır. YPX əməkdaşları özlərini təqdim etdikdən sonra ona içkili oludğunu bildirərək həkim müayinəsinə getməli olduğunu bildirərək avtopatrula dəvət etmişlər. O, heç bir etiraz etmədən avtopatrula əyləşmiş və bir qədər getdikdən sonra spirtli içkinin təsirindən əsəbiləşib özündən çıxmış və üzərində olan kəsici alətlə özünə xəsarət yetirmişdir. Bu zaman YPX əməkdaşları avtomobili saxlayaraq onu sakitləşdirmiş və həmin yerə digər polis əməkdaşları gəlmişdir. O, özünə xəsarət yetirdiyi kəsici aləti polis əməkdaşlarına təhvil vermiş və sonuncular tərəfindən Binəqədi RPİ-nin 6cı PB-nə aparılmışdır. Bölmədə izahatı alınaraq İXM-in 535.1-ci maddəsi ilə protokol tərtib edilmiş. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, heç bir polis əməkdaşına tabesizlik göstərməmiş, polis əməkdaşları onu sərxoşluğunun müəyyən edilməsi üçün müayinəyə aparılan və bölməyə dəvət edilən zaman sonuncularla razılaşıb heç bir etiraz etməmişdir. Qeyd olunanları nəzərə alaraq barəsindən olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Binəqədi RPİ-nin DYPŞ yol patrul xidməti baş inspektoru, polis leytenantı X2 bildirmişdir ki, 18.10.2021-ci il tarixdə, saat 22 radələrində Biləcəri qəsəbəsində ekipaj yoldaşı ilə xidmətdə olan zaman “Zirvə”-nin efirə verdiyi məlumatla ilə əlaqədar olaraq abidə dairəsi adlanan yerə yaxınlaşmışlar. Onlar həmin yerdə “VAZ 21011” markalı avtomaşının dairənin üzərinə çıxdığını görmüşlər. Avtomaşının yanında dayan sürücüsünə özlərini təqdim etdikdən sonra sonuncuya sənədlərini təqdim etməsini bildirdikdə, sonuncudan kəskin spirtli içki qoxusu gəldiyi üçün onu həkim müayinəsindən keçirtmək üçün avtopatrula dəvət etmişlər. Həmin şəxs heç bir etiraz etmədən avtomobilə əyləşmiş və bir qədər getdikdən sonra sonuncu heç bir söz demədən üzərində olan kəsici alətlə özünə xəsarət yetirməyə başlamışdır. Onlar dərhal avtomobili saxlayıb həmin şəxslə söhbət etmiş və sonuncu özünə xəsarət yetirməyi dayandırmışdır. Bundan sonra onlar tərəfindən PPXB-nin 2221 çağırışla avtopatrulunu hadisə yerinə çağırmış və polis əməkdaşları gələrək həmin şəxsdən kəsici alti almışdır. Daha sonra həmin şəxs PPXB-nin əməkdaşları tərəfindən Binəqədi RPİ-nin 6-cı PB-nə aparılmışdır. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şəxs onlara və hadisə yerinə gəlmiş PPXB-nin əməkdaşlarına heç bir tabesizlik göstərməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 19.10.2021-ci il tarixli, AZA 009542 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 19.10.2021-ci il tarixdə, saat 10:00-da inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir. 19.10.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 18.10.2021-ci il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını, eləcə də müdafiəçinin çıxışını dinləyib, Şəxs barəsində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında toplanmış sübutlarla Şəxs əməlində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olmasına dair müddəalar öz təsdiqini tapmamış və sonuncunun həmin əməli törətməsinə dair məhkəməyə heç bir dəlil təqdim olunmamışdır. Qeyd olunanlardan göründüyü kimi, məhkəmədə Şəxs əməlində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin, yəni onun polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, qanuni tələblərinə qəsdən tabe olmaması ilə bağlı hərəkətlərə yol verməsi sübut edilə bilməmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda məhkəmə, Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin sahə inspektoru, polis leytenantı X3 tərəfindən tərtib olunmuş 19.10.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, eyni zamanda o, məhkəmə iclas zalından azad edilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək inzibati xəta törətmiş şəxs Şəxs hüquqlarının müdafiəsinə 5 (beş) saat vaxt sərf etmişdir. İXM-in 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işinə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır. İXM-in 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Məhkəmə, işin həcmini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil müdafiəçi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə inzibati xəta törətmiş şəxsin hüquqlarının müdafiəsinə 3 (üç) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs göstərdiyi 3 (üç) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 18 (on səkkiz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin sahə inspektoru, polis leytenantı X3 tərəfindən tərtib olunmuş 19.10.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclas zalından azad olunsun. Şəxs göstərdiyi 3 (üç) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 18 (on səkkiz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar