Məhkəmə qərarları › İş №3(001)-371/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-371/2022

03.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-371/2022 03.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Bakı şəhər Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X1, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şəxs iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhər Binəqədi rayon İcra Şöbəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş 27.01.2022-ci il tarixli, MN ******* nömrəli protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında Bakı şəhər Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X2 bildirmişdir ki, Bakı Kommersiya Məhkəməsinin 10.12.2008-ci il tarixli, 2(81)-2234/2008 nömrəli icra vərəqəsinə əsasən "xxxx" MMC tərəfindən "xxxx" tipli avadanlıq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qaytarılması qərara alınmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şəxs Bakı Kommersiya Məhkəməsinin 10.12.2008-ci il tarixli, 2(81)-2234/2008 nömrəli icra sənədi üzrə "xxxx" tipli avadanlığı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qaytarmayaraq sözügedən icra sənədini bu günə kimi icra etməmişdir. İcra sənədinin icrası ilə əlaqədar zəruri icra tədbirləri görülməsinə baxmayaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şəxs icra sənədini üzrsüz səbəbdən icra etmədiyi və icra məmurunun tələblərinə tabe olmadığı üçün sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şəxs izahatında bildirmişdir ki, Bakı Kommersiya Məhkəməsinin 10.12.2008-ci il tarixli, 2(81)-2234/2008 nömrəli icra sənədinin tərəflərindən icra edilməsi mümkün deyildir. Çünki icra sənədində qeyd edilən tələb üzrə "xxxx" tipli avadanlıq onlara tam şəkildə verilməmiş və həmin avadanlıq saxlanılması üçün başqa bir şirkətə verilmişdir. Eyni zamanda bunu sübut edən məhkəmə qərarı vardır ki, aralarında brışıq sazişi olan zaman avadanlıq və hissələr qaytarılacaqdı. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, cəmiyyət tərəfindən "xxxx" tipli avadanlıq 26 iyul 2008-ci il tarixdən sonra onlarda olmamış, həmin tarixdə avadanlıq artıq Şirkətə qaytarılmışdır. Onlarda avadanlığın qaytarılmasını təsdiq edən təhvil-təslim aktı yoxdur. Məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Kommersiya Məhkəməsinin 10.12.2008-ci il tarixli, 2(81)-2234/2008 nömrəli icra vərəqəsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" tipli avadanlığın (22.02.2007-ci il tarixli aktda qeyd edilmişdir) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qaytarılması qərara alınmışdır. 22.02.2007-ci il tarixli aktdan görünür ki, «Bayıl Limanı» DKQİ ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında danışıqlar yolu ilə "xxxx" tipli avadanlıq qaimələr üzrə «Bayıl Limanı» DKQİ tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş və müqabilində cəmiyyət tərəfindən müvafiq avadanlıq hissələri verilmişdir. 20.04.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində olan icra işi üzrə icraata başlanılmış və cəmiyyətə tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. 20.01.2022-ci il tarixli Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) sorğuya cavab məktubundan görünür ki, "xxxx" tipli avadanlığın həqiqətən də müəssisəyə təhvil verildiyini sübut edən təhvil-təslim aktının və avadanlığın texniki pasportunun nə SOCAR-a, nə də “Kompleks qazma işləri” trestinə təqdim edilməməsi səbəbindən, hansı qurğunun nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmamışdır. 27.01.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı Kommersiya Məhkəməsinin 10.12.2008-ci il tarixli, 2(81)-2234/2008 nömrəli icra sənədi üzrə icra vərəqəsini icra etmədiyinə görə barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını məhkəmə iclasında toplanmış sübutlarla əhatəli şəkildə tədqiq edərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, məhkəmə iclasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şəxs verdiyi izahatında "xxxx" tipli avadanlığın əvvəllər cəmiyyətdə olmasını, 26 iyul 2008-ci il tarixdə həmin avadanlığı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qaytarmasını, sonra onun başqa şirkətə verilməsini bildirsə də, məhkəməyə həmin xüsusatları təsdiq edəcək heç bir sübut təqdim olunmamışdır. Qeyd olunan xüsusatlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin icra şöbəsinə ünvanladığı məktublarla və cəmiyyətin göstərilən tarixdə və ya başqa hər hansı tarixdə qeyd olunan avadanlığı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qaytarmasına dair təhvil-təslim aktının olmamasını təsdiq etməsi ilə öz təsdiqini tapır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin Qeyd hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyridövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngüləşdirən və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar