Məhkəmə qərarları › İş №3(001)-3729/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3729/2021

02.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3729/2021 02.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş 06.10.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 məhkəməyə müraciət edərək, barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş 06.10.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Şikayət onunla əsaslandırılmışdır ki, 06 oktyabr 2021-ci il tarixdə, saat 15:28 radələrində həyat yoldaşına məxsus olan ** NG *** dövlət qeydiyyat nişanlı, KİA OPTİMA MİNİK markalı nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edərkən, ** YP *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Binəqədi Rayon DYPŞ Yol Patrul Xidməti inspektoru Polis X1 tərəfindən verilmiş saxla əmri əsasında dayandırılmışdır. X9 tərəfindən COVİD pasportunun olub-olmaması barədə verilən suala cavab olaraq bildirmişdir ki, pasportu olsa da, ikinci dozanın hələ vurulmaması səbəbi ilə İXM-in 211.1 və 322.0.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. Binəqədi Rayon DYPŞ Yol Patrul Xidməti İnspektoru Polis X1 tərəfindən tərtib edilmiş, TP ******* nömrəli 06 oktyabr 2021-ci il tarixli qərar qanunsuzdur və bu baxımdan ləğv edilməlidir. Hesab edir ki, vaksinin vurulması könüllü xarakter daşıdığı üçün, ikinci dozanın vurulmamasma görə cərimə olunması qanunsuzdur. Binəqədi Rayon DYPŞ Yol Patrul Xidməti İnspektoru Polis X1 tərəfindən tərtib edilmiş TP ******* nömrəli 06 oktyabr 2021-ci il tarixli qərar qəbul edilərkən onun COVİD-19 virusuna yoluxma faktı təsdiq edilməsi aşkar olunmadığı üçün, qərara əsasən onun epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması adı ilə cərimələnməsi əsassızdır. Eyni zamanda qərara əsasən “Taksi” tanınma nişanları, taksometr və ya sərnişin və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan taksi minik avtomobili ilə sərnişin daşımalarının həyata keçirilməsi faktı üzrə də təqsirləndirilsə də, protokol tərtib edilən zaman o, taksi fəaliyyəti ilə məşğul olsa da, avtomobildə sərnişin olmamışdır. Həmçinin hesab edirəm ki, bu hal üzrə inzibati xəta törətsə belə, bu inzibati xətanı törətməyə görə qanunvericilik 40 manat cərimə nəzərdə tutmuşdur. Həmçinin o, az təminatlı ailə başçısıdır, oğlu ikinci qrup əlildir, ruhi-əsəb dispanserində qeydiyyatdadır, ailənin yeganə qazanc mənbəyi odur və bu baxımdan 200 manat məbləğində cərimə olunması onun ağır olan sosial vəziyyətini daha da ağırlaşdırır. Ümid edir ki, ədalət mühakiməsini həyata keçirən məhkəmə Binəqədi Rayon DYPŞ Yol Patrul Xidməti İnspektoru Polis X1 tərəfindən tərtib edilmiş. TP ******* saylı 06 oktyabr 2021-ci il tarixli əsassız qərarı ləğv edəcəkdir. Göründüyü kimi, ehtimal edilən inzibati xəta ilə bağlı yanaşma belə doğru deyildir və nəticə etibarilə hazırkı qanunsuz qərarın qəbul edilməsi ilə nəticələnmişdir. Məhkəmə iclasında X4 şikayətin məzmununa uyğun çıxış edib əlavə olaraq bildirmişdir ki, əsas şikayəti barəsində aparılan icraat zamanı protokoldan narazı olduğunu bildirsə də, dərhal qərar qəbul edilərək onun hüquqlarının pozulmasıdır. Çünki barəsində qərar qəbul edilərkən polis əməkdaşı ona sübutlarını təqdim etməsi üçün imkan verməmişdir. Halbuki protokoldan şikayətçi olduğu halda qərarın qəbul edilməsi gecikdirilməli və ona sübularını təqdim etməsi üçün vaxt verilməli idi. O heç bir inzibati xəta törətmədiyindən özünü təqsirsiz hesab edir. Ona görə də, məhkəmədən barəsində qəbul edilmiş qanunsuz qərarın ləğv olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: 06.10.2021-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 İXM-in 211.1 və 322.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. 06.10.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1 və 322.0.2ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, 200 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X4 barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş 06.10.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X3 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. X2 şikayətində heç bir inzibati xəta törətmədiyini, COVİD 19 pasportunun olmasını, lakin ikinci dozanın hələlik vaxtı çatmadığından vurulmamasını, eyni zamanda “Taksi” tanınma nişanları, taksometr və ya sərnişin və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan taksi minik avtomobili ilə sərnişin daşımalarının həyata keçirilməsi faktı üzrə də təqsirləndirilsə də, protokol tərtib edilən zaman onun taksi fəaliyyəti ilə məşğul olsa da, avtomobilində sərnişinin olmamasını göstərmişdir. Qeyd olunmalıdır ki, iş üzrə aparılan məhkəmə araşdırması zamanı şikayətdə göstərilənlər X4 barəsində aparılmış inzibati araşdırmanın ziddiyyətli olmasına dəlalət edir. Habelə müəyyən olunur ki, iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən, eləcə də ona barəsində icraat aparılacağı haqqında məlumat verilmədən, inzibati xəta haqqında aparılan araşdırmada iştirak edərək müvafiq sübutların təqdim edilməsi və araşdırmanın obyektiv aparılması məqsədi ilə şəxsin icraatda iştirak etməsi və müvafiq sübutu varsa təqdim etməsi üçün şərait yaradılmadan X4 barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması və araşdırma zamanı şəxsin hüquqlarının təmin edilməməsi, eləcə də X3 izahatında göstərdiyi dəlilər məhkəmədə sonuncunun əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına şübhə yaradır. Bununla yanaşı, qeyd edilməlidir ki, iş üzrə toplanmış zəruri sübutların təqdim edilməsinə dair məhkəmə tərəfindən verilmiş sorğuya Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ heç bir cavab verməmiş, üstəlik qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bu isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X4 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Beləliklə məhkəmə, şikayətçi X3 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X4 inzibati tənbeh olunmasına dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş 06.10.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 inzibati tənbeh olunmasına dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş 06.10.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün qərar Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar