Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3754/2025 16.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon 40cı Polis Bölməsinin sahə inspektoru, polis leytenantı X3, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 206-cı maddəsi ilə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Proses iştirakçılarının izahatları:
2. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə inspektoru, polis leytenantı X7 bildirmişdir ki, şəxs özü narkotik vasitədən istifadə etdiyini etiraf etmişdir, eyni zamanda Narkoloji Dispanserin rəyi də bunu təstiqləyir. Şəxs etiraf etmişdir ki, o, narkotik vasitəni tanımadığı şəxsdən almışdır və onu evində istifadə etmişdir. Narkoloji Dispanser rəy verdikdən sonra onun barəsində inzibati qaydada tutma haqqında protokol tərtib edilmişdir. Hadisə 12 mayda baş vermişdir. Daha sonra Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə inzibati xəta haqında protokol tərtib edilmişdir.
3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahat verərək, 1-2 ay əvvəl narkotik vasitədən istifadə etdiyini, may ayının 12-də yaşadığı yerin həyətində tutulduğunu, tutulduqdan sonra test edilməsi üçün Narkoloji Dispanserə aparıldığını, test nəticəsinin müsbət çıxdığını, 4 gün bölmədə saxlanıldığını, 3 uşağı olduğunu, törətdiyi inzibati xətadan peşman olduğunu qeyd edib, məhkəmədən ona yüngül tənbeh verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş:
4. xx.xx.2025-ci il tarixli, ******* nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 16 may 2025-ci il tarixdə saat 09:00-da inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir.
5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 2848 nömrəli Ambulator X2 rəyindən görünür ki, yoxlama zamanı Şəxs götürülmüş nümunədən AMP(+) və MET(+) adlı maddələr aşkar edilmiş, həmçinin onda opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müəlicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür.
6. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 12 may 2025-ci il tarixdə saat 16:00-da ünvan 1 ünvanında narkotik vasitədən istifadə etməsi halı aşkar olunduğundan barəsində İXM-in 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir.
7. Məhkəmənin şəxsi məlumatlara dair portal çıxarışından görünür ki, Şəxs himayəsində biri azyaşlı olmaqla - X4 xx.xx.2017-ci il təvəllüdlü, X5 - xx.xx.2010-cu il təvəllüdlü, X1 - xx.xx.2008-cu il təvəllüdlü olmaqla himayəsində yetkinlik yaşına çatmayan 3 uşağı vardır. Məhkəmənin gəldiyi nəticə və onun əsaslandırılması
8. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, məhkəmə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, protokol tərtib etmiş şəxsin izahatı, eləcə də şəxsin öz etirafedici izahatı ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Həmçinin Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, habelə inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir.
9. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
10. Məhkəmə, inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanı səmimi etiraf edərək əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Həmçinin qeyd edilməlidir ki, məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar da müəyyən edilməmişdir.
11. Məhkəmə, Şəxs məsuliyyətini yüngülləşdirən halın olmasını və onun şəxsiyyətini, yəni himayəsində 3 uşağının olmasını nəzərə alaraq hesab edir ki, ona inzibati cərimə növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati icraat aparılan şəxsə inzibati həbs tənbeh növünün təyin edilməsi isə məqsədəmüvafiq deyildir.
12. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.
13. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.
14. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.
15. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur.
16. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.
17. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir.
18. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.
19. İXM-in 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz.
20. İXM-in 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur.
21. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 206-cı maddəsi ilə təqsirli bilinərək, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilən inzibati cərimə növündə tənbehin dörddə üçündən çox olmayan məbləğdə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməli və sonuncu dərhal məhkəmə iclas zalından inzibati tutulmadan azad edilməlidir.
22. Həmçinin məhkəmə, qanunvericiliyin tələblərinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 2848 nömrəli Ambulator X2 rəyinə əsasən hesab edir ki, Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və qeydiyyat yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir.
23. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 32, 48-50, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalından inzibati tutmadan azad edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və qeydiyyat yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Aytəkin İbrahimova