Məhkəmə qərarları › İş №3(001)-3757/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3757/2025

17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3757/2025 17.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X1 Novruz oğlunun katibliyi, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən vəzifəli şəxs qismində Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən onun, Bakı şəhəri, Binəqədi rayonu, Bakı dairəvi Xocəsən yolu ünvanında yerləşən “Murad Palace” adlı obyektin üzərində xx.xx.2025-ci il tarixdə saat 13:40-da müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirməsi faktı aşkar edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi Nümayəndə protokolu müdafiə edərək, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Şəxs rəsmi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş, işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə vəzifəli şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə protokol tərtib edimiş orqanın nümayəndəsini dinləyib, inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, inzibati xəta törədilməsi müəyyən edildiyindən vəzifəli şəxs Şəxs inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Vergi uçotuna alınmış vergi ödəyicisi barədə məlumatdan görünür ki, Şəxs vergi ödəyicisi kimi (fiziki şəxs) qeydiyyatdan keçmişdir: VÖEN **********. Şəxs tərəfindən Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinə ünvanlanmış “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi” barədə ərizələrdən görünür ki, birinci “Murad Palace” obyektində fasad reklamı yerləşdirilməsinə görə xx.xx.2024-cü il tarixdən 2 ay, xx.xx.2025-ci il tarixdən isə 10 müddətinə sonuncudan icazə verilməsini xahiş etmişdir. “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi” PHŞ-nin hesab fakturalarından görünür ki, Şəxs müraciəti əsasında xx.xx.2024-xx.xx.2024-cü il tarixləri üçün digər fasad reklamları üçün – 159,21 AZN +21,42 AZN, xx.xx.2025-xx.xx.2025-ci il tarixləri üçün 107,08 AZN +796,06 AZN ödənilməsi və ödənişlərdə hesab faktura nömrələrinin qeyd olunması xahiş edilmişdir. Fotoşəkilərdən və Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Bakı dairəvi Xocəsən yolu ünvanında yerləşən “Murad Palace” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilmişdir. xx.xx.2025-ci il tarixli müvafiq qanun pozuntularının aradan qaldırılması barədə icrası məcburi olan Göstərişdən görünür ki, Şəxs Bakı şəhəri, Binəqədi rayonu, Bakı dairəvi Xocəsən yolu ünvanında yerləşən “Murad Palace” adlı obyektin üzərində açıq məkanda icazəsiz reklam yerləşdirməklə qanun pozuntusuna yol verdiyi ilə bağlı xəbərdarlıq edilməklə qanun pozuntularının 5 gün ərzində aradan qaldırılması tələb edilmiş, əks halda 1 iş günü ərzində barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi bildirilmişdir. Poçt qəbzindən görünür ki, göstəriş xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən Şəxs xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolun surəti rəsmi qaydada göndərilmişdir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanunun: 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. 26.8-ci maddəsinə görə birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye parklarına, sənaye məhəllələrinə və aqroparklara münasibətdə isə hər birinin ümumi ölçüsü 20 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyrikommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. 34.2-ci maddəsinə görə Azərbaycan Respublikasında reklam (açıq məkanda reklam istisna olmaqla) fəaliyyətinə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı, açıq məkanda reklam sahəsində nəzarət isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən həyata keçirilir. 39.1-ci maddəsinə görə reklamverici təqdim etdiyi məlumatın məzmununa və həqiqiliyinə, reklam istehsalçısı reklamın bu Qanunun tələblərinə uyğun hazırlanmasına, reklam yayıcısı reklamın bu Qanunla müəyyən edilmiş yerdə, vaxtda, vasitələr və üsullarla yayımlanmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar. İşin müəyyən edilmiş mübahisəsiz hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, vəzifəli şəxs Şəxs müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 17-ci maddəsinə görə vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 428.7.1-ci maddəsinə görə müvafiq icazə, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə vəzifəli şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Azərbaycan Respublikası İXM-in 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə 1.500 (min beş yüz) manat məbləğdə cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar